Aparıcı Vüsalə Əlizadə “İnstaqram” hesabında yeni dərin yarıqlı libası olan fotosunu izləyicilərlə bölüşüb və altından bu sözləri yazıb: “Hər yeni gün, yeni başlanğıc, yeni nəfəs, yeni arzular, yeni ümidlər... Sabah demə, bu gün qərar ver. Yenidən başla, dəyiş, toparlan, itirəcəyin bir şey yoxdur”.
P.S. Elə uzun yarıqlı donundan çölə çıxan baldırının görünməsindən aydın olur ki, Vüsalə xanım tamamilə doğru deyir. Şou-biznes əhlinin üzünün suyunu, arını, abır və həyasını itirəndən sonra daha itirəcəyi nə qalır ki? Ona görə də Vüsalə xanım yazır ki, “itirəcəyin bir şey yoxdur” və hər şeyi utanmadan yenidən başlaya bilərsən.
***
Məlumatlara görə, xaricdən ara qarışdırmaq istəyən müəyyən qüvvələr Feministlər və Heyvansevərləri Bakıda “yeni müxalifət” rolunda meydana atırlar.
P.S. Arif Hacılıya, Əli Kərimliyə və qeyrilərinə haqq olur. Sizlər işləməyəndə, əlbəttə “yaxşı işləyən” Feministləri qabağa verəcəklər dəəə... Yaxşı, bunu başa düşdük, bəs bu Heyvansevərlər kimlərdir? Onlar hansı heyvanın hüquqlarını qoruyurlar? Deyəsən, bu Heyvansevərlər qoyunu heyvan hesab eləmirlər. Ona görə də bəzi məmurlar bizləri qoyun yerinə qoyurlar. Amma qoyun kimi hüquqlarımızı qoruyan yoxdur. Məgər qoyun heyvan deyil? Yoxsa qoyun elə qoyundur deyə, onun hüququnu qorumağa ehtiyac yoxdur? Nə qədər desək axı ki, biz qoyun deyilik, amma bəzi məmurlar, məsələn Operativ Qərargah şənbə, bazar günləri nəqliyyatı bağlamaqla bizləri qoyun yerinə qoyur axı. Amma Heyvansevərlər bizim qoyun hüququmuzu qorumurlar. Bəlkə o Heyvansevərlərin özlərini də xaricdən pul buraxan “Sem dayıları” qoyun yerinə qoyur? Bəlkə də başqa heyvanın yerinə qoyur, onu deyə bilmərəm. Bildiyimiz odur ki, onların da fəaliyyətləri elə bizim müxalifətin fəaliyyəti kimi sıfıra bərabərdir. Amma nə sirdirsə mələşmələrinin səsi gəlir.
***
Qəzetlərin birində şənbə və bazar günləri marşrut avtobuslarının niyə işləməməsindən bəhs edən yazıya belə başlıq qoyulub? “Həftəsonu marşrut qadağası - taksi firmalarına milyonları kim qazandırır?
P.S. Rəhmətliyin oğlu, dövlət sirrini yaymağa yönələn belə qəliz sual verərlər? Sən bilmirsən ki, şənbə və bazar günləri nəqliyyatı bağlamaqla taksilərə milyonlar qazandıran kimlərdir? Sən bilmirsən ki, Operativ Qərargahın üzvləri... lənət şeytana, əşi, nəyimə lazımdır kim-kimə pul qazandırır? “Vot tebe na!”
***
Millət vəkili Fazil Mustafa Bakı Nəqliyyat Agentliyini (BNA) və onun rəhbəri Vüsal Kərimovun sürücüləri hər addımbaşı cərimələməsini haqlı tənqid edərək deyib: “BNA qədər vətəndaşı soyan ikinci bir qurum yoxdur. Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan? İndi bu vətəndaş hər gün şəhərdə, əksər yerlərdə iki dəqiqə avtomobilini saxlamaqla böyük bir cərimə yükünü öz boynuna götürməli olur”. Bu tənqid və iradları isə BNA rəhbərliyi qəbul etmir və deputatla qurum rəhbərliyi arasında qalmaqal böyüyür.
P.S. Görəsən, BNA-nın yersiz cərimələrindən boğaza yığılmış sürücülər, onların haqqını müdafiə edən Fazil bəyi niyə meydanda tək qoyublar? Sürücülərin deputatı müdafiə edən çıxışları niyə sosial şəbəkələrdə aşıb-daşmır? Bakı şəhər nəqliyyatının anasını ağlar günə qoyan Vüsal Kərimov haqqında nə vaxt ölçü götürəcəklər? Biləsiniz ki, burada qamış ölçməkdən söhbət getmir.
***
Müğənni Damla “Üzərlik” mahnısına çəkdirdiyi klipə gələn mesajlardan danışarkən deyib: “Klipimizin 51-ci saniyəsinə diqqət edən izləyiciyə əhsən demədən, yan keçə bilmirəm. Siz necə də diqqətlisiniz”. Məlum olub ki, klipin 0 51-ci saniyəsində Damlanın donunun ətəyini külək yuxarı qaldırır və müğənni onu əli ilə düzəldir. Bu da izləyicinin diqqətindən qaçmayıb. Hər kəs də onun bu hərəkətini bəyənib.
P.S. Ətiniz tökülsün elə... Rəhmətliyin uşağı, donu göyə qalxırsa, Damla neyləmli idi? İmkan verməliydi ki, külək onun donunun ətəyini göydə saxlasın? Onda o klip biabırçı alınardı axı... İndi Damla neyləsin ki, o paltarı dərzi elə tikib və donun ətəyi cüzi əsən küləkdən göyə qalxır? Bu yerdə mərhum xalq şairi Söhrab Tahirin “Moddur indi” şeirindən bir bənd yada düşür:
“Gen biç qızın donunu sən,
Qalxsın göyə don küləkdə.
Canın yansın paltar biçən,
Ətək beldə, bel kürəkdə”.
***
Aparıcı Vüsalə Kərimova Qaxda yas yerində olarkən başına gələn bədbəxt hadisə haqqında danışaraq belə deyib: “Həyətdə böyük yellənçək var idi, elə oturmuşdum. Birdən yellənçək qırıldı, yuxarıdakı dəmir düşdü başıma. Alnıma tikiş qoyublar. Şükür Allaha, indi yaxşıyam”.
P.S. Vüsalə xanım, əvvəla keçmiş olsun! İkincisi də ki, bu, bəlkə də xeyirliyədir. Çünki vaxtilə böyük fizik İsaak Nyütonun da başına adicə bir alma düşmüşdü və o, bununla da məşhur ümumdünya cazibə qanunu kəşf etmişdi. Sənin isə başına o boyda dəmir düşüb. Ona görə də, ya sən tezliklə şou-biznesdə ümumdünya çılpaqlıq qanunu haqda kəşfə imza atacaqsan, ya da sənə vergi veriləcək. Bundan sonra şou-biznes əhlinin olmayan gələcəyindən xəbər verməklə, böyük var-dövlət sahibi olacaqsan.
***
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov mətbuata verdiyi müsahibədə “oğlunuzun erməni əsilli xanımla ailə həyatı qurması doğrudurmu” sualına belə cavab verib: “Xeyr, bu, əsla ola bilməz. Oğlumun həyat yoldaşının bir tərəfi İtalyan, bir tərəfi isə İrlandiyalıdır”.
P.S. Elmar müəllim, əvvəla, İtaliya və İrlandiyada da “n” qədər erməni yaşayır və bu səbəbdən deyilənlər doğru da ola bilər. İkincisi isə, “Yaşıl eynəkli adam” televiziya tamaşasında “deyirlər qaraçı almısan, doğrudur” - sualına rəhmətlik Yaşar Nuriyev belə cavab verir: “Qaraçı almağına almışam, amma öz qaraçılarımızdandır”. İndi ay Elmar müəllim, oğluna öz qaraçılarınızdan birini tapıb ala bilmirdin?
***
Məlumatlara görə ötən həftə İrana məxsus yük avtomobillərinin Qarabağa qanunsuz gəlmələri ilə bağlı Azərbaycan qarşı tərəfə nota təqdim edib.
P.S. Boy, bu nə deməkdir? Bəs şeyx Allahşükür Paşazadə deyirdi ki, İranın dini liderinin verdiyi fətva Qarabağda qələbənin carçısı olub. İndi bunu necə başa düşək? O fətva yaxşı şeydirsə, Xomeyni onu ermənilərə niyə vermir? Necə olur ki, özünü bizə dost, qardaş sayan İranın dini lideri Xomeyni ermənilərə silah-sursat dolu yük avtomobilləri verir, bizə isə fətva? Ya şeyx, sual bir az qəliz olmadı ki?
***
Rejissor və aktyor Kənan M.M. “Üzə-düz” proqramında qonaq olan zaman həyat yoldaşı Aygünün oxumaq bacarığından danışarkən deyib: “Aygün bir çox xalq artistindən yaxşı oxuyur”.
P.S. Kənan bəy, qəbul edirəm. Nöşün ki, Röya Ayxan kimi xalq artistindən sənin yoldaşının yaxşı oxuması mümkündür. Amma Kənan bəy, bu da var ki, kim öz ayranına turş deyər?
***
Xalq artisti, ecazkar səs sahibi Flora Kərimova bu günlərdə uzun illər əvvəl olan bir sirri açıb. Məlum olub ki, vaxtı ilə estradamızın “vor zakonu” olmuş, hazırda isə o dünyada “Qır qazan” MMC-nin sahibi İlhamə Quliyeva dünyaya uşaq gətirib, lakin onu tələf edib. Bu barədə F.Kərimova belə izah verib: “Hər bir qadın kimi İlhamə ana olmaq istədi. Düşünürəm ki, ünvansız uşaq dünyaya gətirmək istəmədi”.
P.S. Yəni Flora xanım demək istəyir ki, İlhamə dünyaya rəsmiləşməyən münasibətdən, el dili ilə desək bicbala uşaq doğmaq istəməyib dayna... Bu, o vaxtlar idi. Amma indiki müğənnilərin heç bir rəsmi münasibətdə olmadıqları həcilərin, iş adamlarının, vəzifə sahiblərinin adlarını rahatca çəkməsini, onlardan uşaq dünyaya gətirməsini İlhamə Quliyeva görsəydi, yəqin o dünyada sahib olduğu “Qır qazan” MMC-nin qazanında qaynayan o qır kimi yanıb qovrulardı ki, kaş cavanlığım indiki dövrə düşəydi. Çünki indiki şou əhli xanımların çoxu heç uşaqlarının atalarının kimliyini belə bilmirlər.
ELÇİN
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.