973-ci ilin 4 sentyabrında Xarəzm alimi Əl-Biruni anadan olmuşdur. O, XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Əl-Biruni tarix, etnoqrafiya, təbiətşünaslıq, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin müəllifidir.

Özünün uzun səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir. Bu səyahətlər zamanı Biruni türk xalqlarının yaşadıqları ərazilər, onların adət-ənənə və mərasimləri barədə ətraflı məlumatlar əldə etmişdir. O, özündən əvvəlki coğrafiyaşünaslardan irəli gedərək, Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz vasitəsilə birləşdirildiyini söyləmişdir. Əl-Biruni Pəncaba etdiyi səyahət zamanı hind elminə və mədəniyyətinə aid topladığı materiallar və özünün empirik müşahidələri əsasında Hindistana həsr olunmuş iri həcmli əsər yazmışdır.

"Nihâyâtü'l-Emâkin", qısa şəkildə "Hindistan" adlandırılan bu əsərdə Biruni, ilk dəfə olaraq yerin günəş ətrafında hərəkətini və dünyanın hərəkətsiz deyil, dönən bir kütlə olduğunu Kopernikdən 500 il əvvəl söyləmiş və məşhur hind astronomu Brahmaquptanın "Yer hərəkətdə, göylər isə sükunətdədir" fikrini əsaslandırmışdır. Beləliklə, o, Koperniklə başlayan müasir astranomiya və fizikanın ilk təməllərini yaratmışdır. Orta Asiyanın topoqrafiyasına dair əsərində Amu-Dərya çayının bir neçə dəfə öz yatağını dəyişməsi barədəki tədqiqatları xüsusilə maraqlıdır.

Biruni dünyanın bir çox ölkələrinin şəhərləri, o cümlədən Azərbaycanın o zaman məlum olan Bakı, Dərbənd, Bərdə, Beyləqan, Bəzz, Təbriz, Ərdəbil kimi qədim və böyük şəhərlərinin enlik və uzunluq dairələrini göstərmişdir. Ömrünün sonuna yaxın yazdığı "Kitâbü’l-Camahir fi Marifeti'l-Cevahir" kitabında müxtəlif mineralların və qiymətli daşların mənşəyi, xarakteri və mədənləri haqqında geniş məlumat vermişdi.

Əl-Biruni, cisimlərin sıxlığını təyin edən cihaz düzəltmiş və "Xüsusi çəki" kitabında onu təsvir etmişdir. Bu xüsusi qab olub, içərisinə salınan cismin həcminə uyğun çıxarılan suyun həcmini dəqiq ölçmək üçün nəzərdə tutulmuşdur. O, cihazın dəqiq hazırlanmasına səy göstərmişdir. Əl-Biruni mayelərdə xüsusi çəkini ölçmək üçün düzəltdiyi başqa bir cihazın köməyi ilə suyun soyuq və isti hallarda, şirin və duzlu suların xüsusi cəkilərini təyin edərək göstərmişdir ki, suyun sıxlığı ilə onun xüsusi çəkisi arasında bir asılılıq mövcuddur.
Biruninin Gürgəncdə yazdığı "Müqayisəli çəki" adlı kitabında substansiyanın müqayisəli çəkisinin onun kimyəvi xassələri ilə əlaqəsinə aydınlıq gətirilmişdir.

İbn Sina substansiyaların transmutasiyası üzrə də elmi tədqiqatlar aparmışdı. Bunların nəticələrini o, "İksir haqqında elmi əsər"ində ("Risolat əl-İksir") təsvir etmişdi. Məlum olduğu kimi, bu kitab 1005-ci ildə Xarəzmdə yazılmışdır.
Biruni 994-cü ildə Amu-Dərya çayının qərb sahili ilə Kot şəhəri arasında yerləşən, Buşkanz şəhərinin ekliptik səthinin ekvatora nisbətən əyilmə ölçüsünü dəqiq təyin etmişdir. 995-ci ildə Biruni Yer kürəsinin modelini hazırlamağa başladı. Bu, müxtəlif şəhərlərin, kəndlərin və coğrafi obyektlərin yerini dəqiq təyin etmək üçün diametri təqribən 5 metrə yaxın olan ilk relyefli qlobus idi.
Gürgəncdə öz elmi fəaliyyəti ilə məşğul olduğu vaxtda Biruni tərəfindən coğrafiyaya, hidrologiyaya, mineralogiyaya aid bir sıra tədqiqatlar da aparılmışdı.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN