FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDİ-HAMININ VƏ HEÇ KİMİN KİTABI-3-CÜ HİSSƏ
DAĞDAKI AĞAC HAQQINDA...
DAĞDAKI AĞAC HAQQINDA...
Sevinc və ehtiraslar haqqında...
ZƏRDÜŞTÜN NİTQLƏRİ
Üç çevrilmə haqqında
Mən sizə ruhun dəvəyə, dəvənin şirə və nəhayət şirin uşağa üç çevrilməsindən danışacam.
Dərin ehtirama qadir,güclü,dözümlü ruh üçün çox çətin şeylər mövcuddur.Onun gücü ağır və çətin şeylərə can atır.
Ağırlıq nədir? – deyə dözümlü ruh soruşur. O, dəvə kimi diz çökür və yaxşı yüklənmək istəyir.
Çətin olan nədir? - deyə dözümlü ruh soruşur. Ey qəhrəmanlar, deyin ki, mən bunu öz üzərimə götürürəm və var gücümlə sevinirəm.
Bu, təkəbbürünüzü əziyyət çəkməyə məcbur etmək, özünüzü alçaltmaq, müdrikliyinizə lağ etmək üçün ağılsızlığınıza rişxənd etmək deyimi?
Yoxsa bu, öz qələbəsini qeyd edən işimizdən uzaqlaşmaq, aldananı sınamaq üçün yüksək dağlara dırmaşmaq deyilmi?
Yoxsa bu, idrakın palıd qozası və otla qidalanması və həqiqət naminə ruhun aclığına dözmək deyilmi?
Yoxsa bu,xəstələnib təsəlli verənləri yola salmaq və nə istədiyinizi heç zaman eşitməyən karlarla dostluq etməkdir?
Yoxsa bu, çirkli həqiqət suyuna girmək, soyuq və isti qurbağaları özündən qovmamaqdır?
Yoxsa bu, bizə nifrət edənləri sevmək və bizi qorxutmağa hazırlaşan kabusa əl uzatmaq deməkdir?
Dözümlü ruh bütün ağır işləri səhraya tələsən yüklü dəvə kimi öz üzərinə götürür.
Ancaq kimsəsiz bir səhrada ikinci bir çevrilmə baş verir. Burada ruh şir olur, o özünə azadlıq əldə etmək və öz səhrasında ağa olmaq istəyir.
O, burada son ağasını axtarır, ona və son tanrısına düşmən olmaq, qələbə naminə əjdaha ilə döyüşmək istəyir.
Ruhun artıq ağa və tanrı adlandırmaq istəmədiyi bu əjdaha kimdir? “Sən etməlisən” böyük əjdaha adlanır. Ancaq şirin ruhu “mən istəyirəm” deyir.
Qızılı qığılcımlar saçan pullu heyvan onun yolunda yatır və onun hər pulunda qızıl kimi “etməlisən” əmri parıldayır!”.
Bu pullarda min illərin dəyərləri parlayır və bütün əjdahaların ən güclüsü deyir: “Hər şeyin dəyərləri mənim üzərimdə parlayır”.
“Bütün dəyərlər artıq yaradılmışdır və yaradılan hər bir dəyər mənəm. Həqiqətən,“mən istəyirəm” artıq mövcud olmamalıdır!” Əjdaha belə deyir.
Təmkinli və üzüyola bir yük heyvan nəyi qane etmir? Qardaşlarım, insan ruhunda şir nəyə lazımdır?
Yeni dəyərlər yaratmaq - Şir hələ bunu edə bilməz. Ancaq yeni bir yaradılış üçün özünə azadlıq yaratmağa şirin gücü çata bilər.
Qardaşlarım, özünüzə azadlıq və müqəddəslik qazanmaq üçün şir olmaq lazımdır.
Yeni dəyərlər hüququ qazanmaq, möhkəm və həssas bir ruh üçün ən dəhşətli fəthdir. Doğrudan da, bu,yırtıcı bir heyvanın qarəti və işi kimi görünür.
O, bir vaxtlar “sən etməlisən” i öz ziyarətgahı kimi sevirdi. İndi o, öz sevgisindən azadlıq əldə etmək üçün bu ziyarətgahda özbaşınalığı və arzunu görməlidir. Bu qənimət üçün şir olmalısan.
Qardaşlarım, deyin görək, şirin edə bilmədiyini uşaq necə edə bilər? Yırtıcı aslan niyə uşaq olmalıdır?
Uşaq məsumluq və unutqanlıq, yeni bir başlanğıc, oyun, öz-özünə yuvarlanan təkər, ilkin hərəkət, müqəddəs təsdiq sözüdür.
Bəli, yaradılış oyunu üçün qardaşlarım, müqəddəs təsdiq sözü lazımdır.İndi ruh öz iradəsini istəyir, itirilmiş dünya öz dünyasını tapır.
Mən sizə ruhun necə dəvəyə, dəvənin şirə və nəhayət, şirin uşağa çevrildiyi üç çevrilməən danışdım.
Zərdüşt belə dedi. Həmin vaxt o, “Əlvan inək” adlı şəhərdə qalırdı.
Fəzilət kafedraları haqqında
Zərdüştə yuxu və fəzilət haqqında gözəl danışmağı bilən bir müdriki təriflədilər. Buna görə ona böyük hörmət bəsləyir və mükafatlandırırdılar. Gənclər onun kafedrasının qarşısında əyləşirdilər. Zərdüşt də gənclərlə birlikdə kafedranın qarşısında əyləşdi və müdriki dinləməyə başladı. Müdrik belə dedi:
Yaxudan əvvəl şərəf və utanc! Bu birincidir ! Gecə yaxşı yatmayan və oyaq olanlarla görüşməkdən çəkinin!
Yuxuda oğru da utancaq olur. O, gecə yavaş-yavaş, gizlincə yaxınlaşır. Ancaq gecə gözətçisində utancaqlıq yoxdur. O utanmadan şeypurunu çalır.
Necə yatmağı bilmək mənasız məsələ deyil.Yaxşı yatmaq üçün bütün gün oyaq qalmaq lazımdır.
Gün ərzində on dəfə özünüzə qalib gəlməlisiniz.Bu sizə yaxşı yorğunluq gətirəcək və ruhunuza tiryək kimi təsir edəcək.
Gündə on dəfə özünlə barışmalısan. Çünki dəf etmə inciklikdir. Özü ilə barışmayan pis yatır.
Gün ərzində on həqiqəti tapmalısan: əks halda gecə də həqiqətləri axtaracaqsan və ruhun ac qalacaq.
Gün ərzində on dəfə gülməli, şən olmalısan: yoxsa bu dərd atası gecələr mədəni narahat edəcək.
Bunu az adam bilir; ancaq yaxşı yatmaq üçün bütün fəzilətlərə sahib olmaq lazımdır. Mən yalan şahidlik etmədimmi? Mən ər-arvad sədaqətini pozmadımmı?
Mənə yaxın olanın kənizini arzulamağı özümə rəva bildimmi ? Bütün bunlar yaxşı yuxuya mane olardı.
Və bütün fəzilətlərin mövcudluğuna baxmayaraq, yenə də bir şeyi başa düşmək lazımdır: bütün fəzilətləri vaxtında yatmağa göndərə bilmək.
Qoy bu gözəl qadınlar öz aralarında mübahisə etməsinlər. Qoy bu mübahisə səndən yan keçsin, bədbəxt!
Allah və qonşu ilə sülh içində yaşa. Bunu yaxşı bir yuxu tələb edir. Qonşunun şeytanı ilə də sülh içində yaşa! Əks təqdirdə, gecə o, səni ziyarət edəcək.
Rəhbərinizə hörmət et və ona itaət et, hətta axsaq rəhbərə də! Yaxşı yuxu bunu tələb edir. Əgər hakimiyyət topal ayaqları ilə gəzməyi sevirsə, bu mənim günahımdır?
Məncə, qoyunlarını zəngin çəmənliklərdə otaran ən yaxşı çobandır: yaxşı yuxu bunu tələb edir.
Mən nə böyük şərəf, nə də böyük xəzinə istəyirəm: ikisi də dalağı qıcıqlandırır. Ancaq yaxşı ad və kiçik xəzinə olmadan pis yatılır.
Kiçik bir cəmiyyət mənim üçün pis cəmiyyətdən üstündür. Amma o, vaxtında gəlib, vaxtında getməlidir. Yaxşı yuxu bunu tələb edir.
Mən ruhən yoxsul olanları xoşlayıram.Onlar yuxunu təşviq edir. Onlara lazımi qiymət veriləndə özlərini çox xoşbəxt hiss edirlər.
Fəzilətli insanın günü belə keçir. Ancaq gecə düşəndə, əlbəttə ki, yuxuya getməyə ehtiyat edirəm! O, bütün fəzilətlərin ağası yuxuya getmək istəmir!
Amma gün ərzində etdiklərimi və düşündüklərimi düşünür, səbirlə özümdən soruşuram: bugünkü on qələbəm nədən ibarət olub?
Bəs ürəyimin sevindiyi on barışıq, on həqiqət və on gülüş necə idi?
Qırx cür düşüncəni götür-qoy və müzakirə edəndə çağırılmamış, bütün fəzilətlərin ağası yuxu mənə hücum edir.
Gözlərimə yuxu gəlir, onlar ağırlaşır. Yuxu dodaqlarıma toxunur və ağzım açıq qalır.
Həqiqətən, o, oğruların ən yaxşısı, sakit addımlarla yanıma gəlir və düşüncələrimi oğurlayır və mən bu minbər kimi axmaqcasına dayanıram.
Ancaq uzun müddət belə dayanmıram: sonra artıq uzanıram.
Müdrikin bu sözlərini dinləyən Zərdüşt ürəyində güldü və belə dedi:
Bu müdrik qırx cür düşüncəsi ilə mənə axmaq bir adam kimi görünür, amma inanıram ki, onun yatmağı yaxşıdır.
Bu müdrikin yanında yaşayan nə bəxtiyardır! Belə bir yuxu yoluxucudur.Hətta qalın bir divar arxasında da yoluxucudur.
Cadugərlik düz onun kafedrasında yaşayır. Və gənclər fəzilət təbliğçisinin qarşısında əbəs yerə oturmurdular.
Onun müdrikliyi deyir: həddindən artıq gümrah olun ki, yuxunuz sakit olsun. Həqiqətən, əgər həyat mənasız olsaydı və mən bu mənasızlığı seçməli olsaydım, bu mənasızlıq ən yaxşı seçimim olardı.
Bir vaxtlar fəzilət müəllimlərini axtarmazdan əvvəl nə axtarırdıqarını indi aydın başa düşürəm. Onlar özlərinə fəzilət tacı ilə örtülmüş yaxşı bir yuxu axtarırdılar!
Kafedranın bütün bu məşhur müdrikləri üçün hikmət yuxusuz bir yuxu idi. Onlar həyatın yaxşı mənasını bilmirdilər.
İndi də bu fəzilət təbliğatçısına bənzəyən və heç də vicdanlı olmayan insanlara rast gəlmək olur. Amma artıq onların vaxtı keçib. Və onlar yatdıqları kimi daha çox dayana bilməyəcəklər.
Yuxulu olanlar nə bəxtiyardırlar. Çox keçməz mürgüləşərlər.
Zərdüşt belə dedi.
(Ardı var)
Tərcümə etdi: Şakir QURBANOV
ZƏRDÜŞT BELƏ DEDİ- HAMININ VƏ HEÇ KİMİN KİTABI
III HİSSƏ
6
Ancaq sonra hamının lal və gözlərini hərəkətsiz edən bir şey oldu: kəndirbaz kiçik qapıdan çıxdı və iki qüllə arasında uzanan və bazar meydanı və camaatın üstündən asılmış kəndirdə hərəkət etməyə başladı.Bu ara qapı təzədən açıldı, ala-bəzək geyinmiş təlxəyə bənzər biri qapıdan çıxıb kəndirbaza yaxınlaşdı.
“Tərpən, ay axsaq,– deyə o, qorxunc səslə bağırdı,– tərpən, tənbəl öküz, qaçaqmalçı, kirşalanmış sifət! Elə eləmə ki, səni ayağımın altına alıb tapdalıyım. Bu qüllələr arasında sənin nə işin var? Səni elə o qüllənin içində bağlamaq lazımdı. Özündən yaxşı olanların yolunu kəsirsən!” - Və hər kəlmə ilə ona daha da yaxınlaşırdı və ondan cəmi bir addım aralı olanda hamını lal, gözlərini hərəkətsiz edən dəhşətli bir şey baş verdi: o, şeytancasına qışqıraraq yolunu kəsənin üstündən tullandı. Amma rəqibinin ona qalib gəldiyini görüb başını itirdi, dirəyi yerə atdı və dirəkdən də sürətlə özü aşağı uçdu.
Bazar əhlinin arasına bir çaxnaşma düşdü. Bu qarışıqlıqda hərə bir tərəfə, əksəriyyət isə kəndirbazın düşdüyü yerə qaçırdı. Zərdüşt isə yerindəcə dayanmışdı. Kəndirbazın möhkəm əzilmiş, amma ölməmiş,nəfəsi hələ gələn bədəni düz onun böyrünə düşdü. Az sonra onun huşu özünə gəldi və böyründə dizi üstə çökmüş Zərdüştü görüb: “Sən burada nə qayırırsan? – deyə handan-hana dilləndi. – Mən şeytanın mənə badalaq vuracağını çoxdan bilirdim. İndi məni cəhənnəmə aparmaq istəyir.Sən ona mane olmaq istəyirsən?”
“And olsun şərəfimə, dostum, –deyə Zərdüşt cavab verdi. Haqqında danışdığın şeylərin heç biri - nə şeytan, nə də cəhənnəm yoxdur.Sənin ruhun bədənindən tez öləcək. Odur ki, heç nədən qorxma”!
Adam şübhə ilə ona baxıb dilləndi: “Əgər dediklərin düzdürsə, onda mən həyatı itirərkən heç nə itirmirəm. Mən zərbələrlə və aclıqla rəqs etməyi öyrədilən heyvandan bir az üstünəm”?
Zərdüşt dedi: “Heç də belə deyil. Sən təhlükədən özünə peşə yaratdın və buna görə adama nifrət etməzlər.İndi sən öz peşəndən məhv olacaqsan.Buna görə səni öz əllərimlə dəfn edəcəyəm”.
Can verən Zərdüştün bu sözlərinə cavab vermədi,yalnız Zərdüştə minnətdarlıq etmək kimi Zərdüştün əllərindən tutdu.
7
Bu arada axşam oldu və bazar meydanı qaranlığa qərq oldu. Sonra insanlar da dağılışmağa başladılar. Çünki insan hətta maraq və qorxudan da bezir. Lakin Zərdüşt meyitin yanında yerdə oturmağa davam etdi və düşüncələrinə qərq oldu və bununla da vaxtın keçdiyini hiss etmədi. Budur,gecə də düşdü və soyuq külək onun üzünü yaladı.Zərdüşt ayağa qalxdı və ürəyində dedi: “Ovun əcəb uğurlu oldu, Zərdüşt! Adam tutmaq istəyirdin, qismətinə meyit düşdü.
İnsan varlığı dəhşətlidir və üstəlik, həmişə mənasızdır: aldatma onun qismətinə çevrilə bilər.
Mən insanlara onların varlığının mənasını öyrətmək istəyirəm: bu məna fövqəlinsandır. İnsan, qara buluddan çaxan şimşəkdir.
Ancaq mən hələ onlardan uzağam və düşüncəm onların düşüncələrini söyləmir. İnsanlar üçün mən hələ dəli ilə cəsəd arasındakı ortayam.
Gecə qaranlıqdır, Zərdüştün getdiyi yollar da qaranlıqdır. Gedək, soyuq, cansız yoldaş! Səni öz əllərimlə basdıracağım yerə aparıram”.
8
Bunu ürəyində deyən Zərdüşt ölünü belinə alıb yola düşdü. Lakin o, yüz addım getməmiş bir adam-qüllədəki təlxək ona yaxınlaşdı və qulağına pıçıldamağa başladı: “Çıx get bu şəhərdən, Zərdüşt! Burada çox adam sənə nifrət edir. Yaxşı və saleh insanlar sənə nifrət edir və səni düşmən adlandırırlar. Möminlər də sənə nifrət edir və səni kütlə üçün təhlükəli adam hesab edirlər. Sənin xoşbəxtliyindəndir ki, sənə güldülər və sən həqiqətən təlxək kimi danışırdın. Bəxtin onda gətirdi ki, bu itin meyitinə sahib çıxdın. Özünü belə alçaltmağın bugünlük səni xilas etdi. Amma çıx get bu şəhərdən, yoxsa sabah mən sənin ölünün üstündən tullanacam”. Bunu deyən adam gözdən itdi və Zərdüşt qaranlıq küçələrlə yoluna davam etdi.
O, şəhər darvazasının qarşısında qəbirqazanlarla rastlaşdı. Qəbirqazanlar Zərdüştü tanıyıb üzünə məşəlin işığını salaraq onu ələ saldılar: “Zərdüşt ölü it daşıyır.Əhsən, Zərdüşt qəbirqazan oldu! Biz əlimizi belə zibilə bulaşdırmazdıq və bizim əllərimiz bu qazanc üçün çox təmizdir. Zərdüşt şeytanın tikəsini əlindən almaq istəyir? Nuş olsun!” Xoş şam yeməyi arzulayırıq! Amma şeytan Zərdüştdən daha hiyləgər oğru olsa necə? O, ikisini də oğurlayacaq, ikisini də yeyəcək!” Və onlar gülüb öz aralarında pıçıldaşdılar.
Zərdüşt onlara heç bir söz deməyib yoluna davam etdi. O, iki saat meşələrdən, bataqlıqlardan keçdi və tez-tez canavarların ac ulamalarını eşitdi. Nəhayət, onu da aclıq bürüdü. O, işıq gələn tənha bir evin qarşısında dayandı.
“Acından ürəyim gedir. Meşədə,bataqlıqda, gecələr daha çox acıram. Aclığımın heyrətamiz şıltaqlıqları var. Bu şıltaqlıqlar daha çox nahardan sonra baş verir və mən bu gün nədənsə bütün günü aclıq hiss etmədim”.
Və bu sözlərlə Zərdüşt evin qapısını döydü. Qapıya əlində fənər qoca bir kişi çıxdı. “ Yuxumu pozan kimdir belə”? – deyə soruşdu.
“Həm diri,həm də ölü, – Zərdüşt dilləndi. – Mənə yeməyə və içməyə bir şey verin, səhərdən dilimin altından heç nə keçməyib. Acları yedizdirən öz ruhunu zənginləşdirir”.
Qoca getdi, amma dərhal qayıtdı və Zərdüştə çörək və şərab təklif etdi. “Bura ac qalanlar üçün pis bir yerdir. Buna görə də burada yaşayıram. Bu tərki dünya qocanın yanına vəhşi heyvan da, insan da gəlir. Ancaq yoldaşını da yeməyə çağır. Deyəsən o səndən də çox yorulub”. Zərdüşt cavab verdi: “Yoldaşım ölüb, onu yeməyə razı salmaq çətin olardı. “"Bu məni maraqlandırmır. Qapımı kim döyürsə, ona təklif etdiyimi qəbul etməlidir. Yeyin və xoş gəldiniz!” – deyə qoca mızıldanaraq cavab verdi.
Bundan sonra Zərdüşt yola və ulduzların işığına güvənərək daha iki saat yol getdi. Çünki bu onun adət etdiyi və sevdiyi gecə gəzintisi idi. Amma hava işıqlaşanda Zərdüşt sıx bir meşəyə girdi. Burdan o yana yol artıq görünmürdü. Sonra meyiti başının hündürlüyündə gövdəsi içiboş bir ağacın içinə qoydu.Çünki meyiti canavarlardan qorumaq istəyirdi. Daha sonra özü də yerə, mamırın üstünə uzandı və yorğun bədəni, sarsılmaz ruhu ilə dərhal yuxuya getdi.
9
Zərdüşt günortaya qədər yatdı və nəhayət gözlərini açdı.O, təəccüblə meşəyə baxdı, sükutu dinlədi və daxili səsinə qulaq asdı. Sonra qəfildən quru yerə həsəd aparan bir dənizçi kimi sürətlə ayağa qalxdı və sevindi: çünki o, yeni bir həqiqət gördü. Və ürəyində belə dedi:
“Elə bil içimdə ay doğdu: mənə ölü canlar, istədiyim yerə özümlə apardığım ruhsuz cəsəd yox, həqiqi yol yoldaşı lazımdır
Elə bil mənə bir nur nazil oldu: Zərdüşt xalqa deyil, yoldaşlarına danışmalıdır! Zərdüşt sürünün çobanı və iti olmamalıdır!
Mən sürüdəki çoxlarını şirnikləndirmək üçün gəlmişəm. Camaat və sürü mənə qəzəblənəcək: çobanlar Zərdüştə quldur demək istəyirlər.
Mən onlara çoban deyirəm, amma onlar özlərini xeyirxah və saleh adlandırırlar.
Mən onlara çoban deyirəm, amma onlar özlərini dindar hesab edirlər.
Xeyirxah və saleh insanlara bax! Onlar ən çox kimə nifrət edirlər? Dəyərlərini məhv edənlərə, cinayətkarlara. Amma yaradıcı elə budur.
Möminlərə bax! Onlar bəs kimə ən çox nifrət edirlər? Dəyərləri məhv edənə. Amma yaradıcı elə budur.
Yaradan nə cəsədlər, nə sürülər və nə də möminlər deyil,yoldaşlar axtarır. O, yaradanı,yeni lövhələrə yeni dəyərlər yazanları axtarır.
Yaradan onunla birlikdə məhsul yığa biləni axtarır. Çünki onun üçün məhsul yetişib. Amma biçin üçün onun yüz orağı yoxdur, ona görə də o, sünbülləri qopararaq çıxarır və qəzəblənir.
Yaradıcı insan özünə yoldaş, orağını itiləməyi bacaranı axtarır. Onları dağıdıcı, yaxşı və pisə nifrət edənlər adlandırılacaqlar.Amma onlar məhsulu biçib bayram edəcəklər.
Zərdüşt onunla birlikdə məhsulu biçənləri və bayram edənləri axtarır. O, sürülərlə, çobanlarla və meyitlərlə nə yarada bilərdi?
Və sən, ey mənim ilk yoldaşım, əlvida! Səni ağac oyuğunda basdırdım, səni canavarlardan yaxşı gizlətdim.
Amma mən səninlə ayrılıram, çünki vaxt gəlib çatdı. Sübhdən axşama qədər başımda yeni bir həqiqət dolaşdı.
Mən nə çoban, nə də qəbirqazan deyiləm.Mən bir daha xalqa danışmayacağam: sonuncu dəfə ölüyə danışdım.
Mən yaradanlara,məhsulu yığanlara,bayram edənlərə qoşulmaq istəyir, onlara göy qurşağını və fövqəlinsanın bütün mərhələlərini göstərmək istəyirəm.
Mən mahnımı tənhalara da, ikilikdə tək qalanlara da oxuyacağam.Eşidilməyənləri eşitmək üçün qulağı olanın qəlbini xoşbəxtliyimlə doldurmaq istəyirəm.
Mən məqsədim üçün çalışıram, öz yolumla gedirəm; Yavaş və diqqətsiz olanların üstündən keçəcəm. Qoy mənim addımlarım onların məhvi olsun!”
10
Zərdüşt ürəyində belə dedi. Artıq gün günorta olmuşdu. Sonra o təəccüblə səmaya baxdı və bir quş səsi eşitdi. Və o, səmada bir qartal gördü. Qartal səmada qıy vururdu və bir ilan da ondan asılı qalmışdı. Amma ilan qartalın qəniməti yox, sirdaşı idi. İlan qıvrılaraq qartalın boynuna dolanmışdı.
“Bunlar mənim heyvanlarımdır!”- Zərdüşt dedi və ürəyində sevindi.
“Ən məğrur, ən ağıllı heyvan. Bilmək istəyirlər, Zərdüşt saqdırmı? Doğrudanmı mən hələ sağam?
İnsanlar arasında olmaq heyvanlar arasında olmaqdan daha təhlükəli idi. Zərdüşt təhlükəli yollarla gedir. Qoy heyvanlarım məni aparsın!”
Bunu deyən Zərdüşt qocanın meşədəki sözlərini xatırladı, ah çəkdi və ürəyində belə dedi:
Kaş ki, daha müdrik, ilanım kimi tam müdrik ola bilsəydim!
Amma mən mümkün olmayanı istəyirəm. Məğrurluğumdan həmişə ağlımla birlikdə getməsini xahiş edirəm!”
Və əgər ağlım məni tərk etsə - ah, o uçmağı necə də sevir! - o zaman mənim məğrurluğum ağılsızlığımla bərabər uçub getsin!”
Zərdüştün qürubu belə başladı.
(Ardı var)
Tərcümə etdi: Şakir QURBANOV
FRİDRİX NİTSŞE : Zərdüşt belə dedi-Hamının və heç kimin kitabı
II HİSSƏ
Əvvəllər Allaha qarşı küfr ən böyük küfr idi; lakin Allah öldü və bu küfr edənlər də onunla birlikdə öldülər. İndi Yerə küfr etmək, anlaşılmazlığın mahiyyətini yerin mənasından daha yüksək şərəfləndirmək kimi ən dəhşətli cinayətdir!
Bir zamanlar ruh bədənə nifrətlə yanaşırdı.O zamanlar bundan yüksək nifrət yox idi.O,bədəni cılız,iyrənc və ac görmək istəyirdi.Bu yolla o, bədəndən və torpaqdan qaçmağı düşünürdü.
Oh, bu ruhun özü hələ cılız, iyrənc və ac idi; və qəddarlıq bu ruhun şəhvəti idi!
Ancaq indi də, qardaşlarım, mənə deyin: bədəniniz ruhunuz haqqında nə deyir? Ruhunuz yoxsulluq və çirkinlik və özündən acınacaqlı bir məmnunluq deyilmi?
Həqiqətən, insan çirkli bir axındır. Çirkli axını qəbul etmək və murdar olmamaq üçün dəniz olmalısan.
Baxın, mən sizə fövqəlinsan haqqında öyrədirəm: o, sizin böyük nifrətinizi batıra biləcəyi dənizdir.
Yaşaya biləcəyiniz ən yüksək şey nədir? Bu, böyük nifrət saatıdır: sənin xoşbəxtliyin, ağlın və fəzilətinin də sənə iyrənc olduğu saat.
O saat ki, siz deyirsiniz: “mənim xoşbəxtliyim nədən ibarətdir! Bu, yoxsulluq və çirkinlik və özündən acınacaqlı bir razılıqdır. Mənim xoşbəxtliyim varlığın özünü doğrultmalı idi!”
O saat ki, siz deyirsiniz: “ağlım nədən ibarətdir! O, aslan yemək əldə etdiyi kimi bilik əldə edirmi? O, yoxsulluq və çirkinlik və özündən acınacaqlı bir razılıqdır!”
O saat ki, siz deyirsiniz: “Mənim fəzilətim nədən ibarətdir! O, hələ məni dəli etməyib. Necə də yorulmuşam yaxşılığımdan da, pisliyimdən də! Bütün bunlar yoxsulluq və çirkinlik və özündən miskin bir razılıqdır!”
O saat ki, siz deyirsiniz: “Mənim ədalətim nədən ibarətdir? Alov və kömür olduğumu görmürəm. Ədalət isə od və kömürdür!”
O saat ki, siz deyirsiniz: “Mənim mərhəmətim nədən ibarətdir! Məgər mərhəmət, insanları sevən hər kəsin amalı deyilmi? Amma mənim mərhəmətim çarmıxa çəkilmək deyil”.
Əvvəllər bu cür demisinizmi? Əvvəllər belə qışqırmısınızmı? Ah, kaş ki, sizin belə qışqırdığınızı eşitsəydim!
Bu, sizin günahınız deyil-özünüzdən razılığınız səmaya fəryad edir; günahlarınızın miskinliyi səmaya fəryad edir!
Bəs sizi dili ilə yalayacaq şimşək haradadır? Bəs onda sizə aşılamansı lazım olan dəlilik haradadır?
Baxın, Mən sizə fövqəlinsan haqqında öyrədirəm: o şimşəkdir, dəlilikdir!
Zərdüşt belə danışarkən camaatın içindən kimsə qışqırdı: “Nə vaxtdır kəndirbazın sorağın almışıq, imkan ver baxaq də!” Və bütün camaat Zərdüştə gülməyə başladı. Kəndirbaz isə bu sözlərin ona aid olduğunu düşünərək öz işinə başladı.
4
Zərdüşt camaata baxıb təəccübləndi. Sonra belə dedi:
İnsan heyvanla fövqəlinsan arasında uzanan bir kəndirdir - uçurumun üstündəki kəndir.
Ötmək təhlükəlidir, yolda olmaq təhlükəlidir, geriyə baxmaq təhlükəlidir, qorxu və dayanmaq təhlükəlidir.
İnsanla bağlı önəmli olan odur ki, o, məqsəd deyil, körpüdür: bir insanda sevə biləcəyiniz tək şey onun keçid və ölüm olmasıdır.
Mən həlak olmaqdan başqa necə yaşamağı bilməyənləri sevirəm, çünki onlar körpüdən keçirlər.
Mən böyük nifrət edənləri sevirəm, çünki onlar böyük pərəstişkarlar və başqa bir sahilə yönəlmiş həsrət oxlarıdır.
Ulduzların arxasında ölməyə və yaşamağa əsas axtarmayanları sevirəm- amma özlərini torpağa qurban verənləri, yerin bir gün fövqəlinsanlar ölkəsinə çevrilməsini sevirəm.
Mən dərk etmək üçün yaşayanı, eyni zamanda nə vaxtsa fövqəlinsanın yaşadığını dərk edəni sevirəm. Çünki o, məhvini belə istəyir.
Bir fövqəlinsana yurd quranı, torpaqlarını, heyvanlarını və bitkilərini onun üçün hazırlamaq işləyəni sevirəm: çünki o, məhvini belə istəyir.
Öz fəzilətini sevən birini sevirəm: çünki fəzilət məhv olmaq istəyi və həsrət oxudur.
Mən özünü qorumayan, ancaq fəzilətinin ruhu olmaq istəyən birini sevirəm: çünki o, ruh kimi körpüdən keçir.
Fəzilətindən cazibə qüvvəsini və hücumunu edən birini sevirəm: çünki fəziləti naminə hələ də yaşamaq və daha çox yaşamamaq istəyir.
Çox fəzilət sahibi olmaq istəməyən birini sevirəm. Bir fəzilət ikidən daha çox fəzilətdir, çünki onda bədbəxtlik əlaməti var.
Mən ruhu israf ediləni, minnətdarlıq, özünə edildiyi yaxşılığın əvəzini istəməyən hər kəsi sevirəm: çünki o, daim bəxş edir və özünü qorumaq istəmir.
Mən zər atmaqda bəxti gətirəndə utanan və sonra özündən soruşan “mən doğrudanmı aldadan oyunçuyam?” soruşan - adamı sevirəm. Çünki o, məhvini istəyir.
Mən öz əməllərindənin əvvəl qızıl sözlər deyəni və həmişə vəd etdiyindən daha çox yerinə yetirən birini sevirəm: çünki o, məhvini istəyir.
Mən gələcəyin insanlarına haqq qazandıran və keçmişin insanlarını xilas edəni sevirəm: çünki o, indiki insanlardan məhvini istəyir.
Allahını sevdiyi kimi Allahını cəzalandıran adamı da sevirəm, çünki o, Allahın qəzəbindən həlak olmalıdır.
Ruhu yaralarında belə dərin olan və ən kiçik bir sınaqda ölə bilən birini sevirəm: o, həvəslə körpüdən keçir.
Mən ruhu dolub-daşanı sevirəm. O, özünü unudur və hər şey onun özündə olur: beləcə, hər şey onun məhvinə çevrilir.
Ruhu və ürəyi azad olanı sevirəm: buna görə başı yalnız ürəyinin bətnidir və ürəyi onu məhvə aparır.
İnsanın üstündən asılmış qara buluddan bir-birinin ardınca düşən ağır damcılar olanların hamısını sevirəm: onlar ildırımın yaxınlaşmasını bəyan edir və bir müjdəçi kimi məhv olurlar.
Baxın, mən ildırımın və buluddan düşən ağır damlanın müjdəçisiyəm; lakin bu ildırım fövqəlinsan adlanır.
5
Bu sözləri deyəndən sonra Zərdüşt yenə camaata baxıb susdu və ürəyində dedi: “Budur, onlar dayanıb gülürlər: onlar məni başa düşmürlər, mənim çıxışlarım bu qulaqlar üçün deyil”.
Yəni doğrudanmı əvvəlcə bu adamların qulaqlarını qoparmaq lazımdır ki, gözləri ilə dinləməyi öyrənsinlər? Doğrudanmı mən təbil çalmalı, yaxud tövbə vaizləri kimi donquldanmalıyam? Yoxsa onlar yalnız kəkələyən adama inanırlar?
Onların qürur duyduqları bir şey var. Bəs onları qürurlandıran şeyləri nə adlandırırlar? Buna mədəniyyət deyirlər ki,bu da onları keçi otaranlardan fərqləndirir.
Buna görə də onlar özləri haqqında “nifrət” sözünü eşitməyi sevmirlər. Mən onların qüruruna danışacağam.
Mən onlara ən alçaq məxluqdan- sonuncu insandan danışacağam ”.
Və Zərdüşt camaata belə dedi: “İnsanın öz məqsədini təyin etmə vaxtı çatıb. Ən yüksək ümidimimizin ağacını əkmək vaxtı gəlib”.
Onun torpağı hələ də bunun üçün kifayət qədər zəngindir. Amma bu torpaq nə vaxtsa məhsuldar olmayacaq və onda bir dənə də olsun hündür ağac bitməyəcək.
Vay halına! Elə bir vaxt yaxınlaşır k, insanın əlləri əsəcək və o özünün qəm oxunu insandan yüksəyə ata bilməyəcək!
Sizə deyirəm: rəqs edən bir ulduz doğmaq üçün özünüzdə daha çox xaos daşımalısınız. Sizə deyirəm: sizdə hələ də xaos var.
Vay halına!İnsanın daha ulduz doğurmayacağı bir vaxt yaxınlaşır. Vay halına! Artıq özünə nifrət edə bilməyən ən alçaq insanın vaxtı yaxınlaşır.
Baxın! Mən sizə sonuncu insanı göstərirəm.
“Sevgi nədir? Yaratma nədir? Can atma? Ulduz nədir?”- sonuncu adam soruşur və gözlərini qırpır.
Yer üzü kiçildi və onu kiçik edən sonuncu insan onun üstündən tullanır. Onun nəsli torpaq birəsi kimi yenilməzdir.Sonuncu insan hamıdan çox yaşayır.
Sonuncu insanlar gözlərini qırparaq deyirlər: “Xoşbəxtliyi biz tapdıq”.
Onlar yaşamaq üçün soyuq olan ölkələri tərk etdilər: çünki onlara istilik lazımdır. Onlar həm də qonşusunu sevirlər və ona yaxınlaşırlar: çünki onların isti münasibətə ehtiyacları var.
Xəstələnmək və ya inamsız olmaq onların arasında günah sayılır, çünki onlar ehtiyatla gəzirlər. Bəzi ağılsızlar hələ də daşlara,insanlara dəyib büdrəyirlər!
Zaman zaman bir az zəhər: o, xoş yuxulara səbəb olur. Və sonunda, daha çox zəhər ki, xoş ölə biləsən.
Onlar hələ də işləyirlər, çünki iş əyləncədir. Ancaq əyləncənin onları yormamasının qayğısını çəkirlər.
Nə kasıb, nə də varlı olacaq: hər ikisi də çox əziyyətlidir. Və kim daha çox idarə etmək istərdi? Kim itaət edir? Hər ikisi də çox əziyyətlidir.
Çoban yoxdur, yalnız sürü var! Hamı bərabərlik istəyir, hamı bərabərdir: kim özünü fərqli hiss edirsə, könüllü olaraq dəlixanaya gedir.
Onların ən ağıllıları gözlərini qırparaq deyirlər: “Əvvəllər bütün dünya dəli idi”.
Hər kəs ağıllıdır və hər kəs hər şeyi bilir; belə ki, fasiləsiz olaraq gülmək olar. Onlar hələ də mübahisə edirlər, amma tezliklə barışarlar - əks halda bu, mədə pozguntusuna gətirib çıxarardı.
Onlar gündüzdən də, gecələrdən də zövq alırlar; amma sağlamlıq hər şeydən üstündür.
Onlar “Xoşbəxtliyi biz tapdıq” deyirlər və gözlərini qırpırlar.
Zərdüştün “Müqəddimə” adlandırılan ilk nitqi burada başa çatdı, çünki camaatın qışqırığı və sevinci onu susmağa vadar etdi. “Bizə bu sonuncu insanı ver, ey Zərdüşt, bizi bu sonuncu insanlar kimi et! Biz isə sənə fövqəlinsan verəcəyik!” – deyə qışqırdılar. Amma Zərdüşt kədərləndi və ürəyində dedi:“Onlar məni anlamır, mənim fikirlərim onlara çatmır”.
Aydındır ki, mən dağda çox yaşamışam, çaylara və ağaclara çox qulaq asmışam: indi onlarla keçi otaranlar kimi danışıram.
Ruhum dağlar kimi əyilməz və işıqlıdır. Amma elə bilirlər ki, mən soyuqqanlıyam, gülüb dəhşətli zarafatlar edirəm.
Və beləcə mənə baxıb gülürlər və gülərkən yenə də mənə nifrət edirlər. Onların gülüşlərində bir soyuqluq var”.
(Ardı var)
Tərcümə etdi: Şakir QURBANOV