"Bu ölkənin dili etnik mənsubiyyətindən asılı olmayaraq, hamı üçün ortaq olmalıdır.".

***

Prezident Qasım-Jomart Tokayev istər Qazaxıstan xalqına müraciətlərində, istərsə də yüksək tribunalardan, o cümlədən Qazaxıstan xalqı Assambleyasının sessiyasındakı çıxışlarında qazax dilinin millətlərarası ünsiyyət dilinə çevrildiyini deyir.

 Bu, ölkənin müstəqilliyinin ana dilinin fəaliyyət göstərməsi ilə bağlı olan milyonlarla qazaxıstanlının qəlbində ümid yaradır.

TEZADLAR.AZ xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikasının filologiya elmləri doktoru Bağdan Momınova «Kaзахстанская правда» (kazpravda.kz) qəzetində dərc etdirdiyi "Казахский обретает статус языка межнационального общения" adlı məqaləsində bildirib.

“Statistikalar göstərir ki, ötən əsrin 70-80-ci illəri ilə müqayisədə ölkədə qazax dilində səlis danışanların sayı xeyli artmışdır. Bundan əlavə, rəqəmlər qazaxdilli ailələrdə doğum səviyyəsinin artmasını qeyd edir ki, bu da dövlət dilinin möhkəmlənməsinə səbəb olur.

Dünyada təxminən 5-6 min dildən (elmi ədəbiyyatda bəzən başqa rəqəmlər də göstərilir) təxminən 600-650-nin yazılı dili var. Bunlardan yalnız 10%-i şifahi və yazılı formada KİV-də istifadə olunur. Qazax dili də daxil olmaqla. Bu, beynəlxalq status qazanmaq üçün ən vacib şərtlərdən biridir.

Ədəbi dilin normallaşdırılması və kodlaşdırılması (dil normalarının fiksasiyası) - bu, A.Baytursunlu adına Dilçilik İnstitutunun əvvəlki nəsil dilçi alimləri tərəfindən həyata keçirilən nəhəng işdir.

Bu ən mühüm sosial amil ortoloji vasitələrin - normativ və ikidilli lüğətlərin, məlumat kitabçalarının, lüğətlərin (nadir, anlaşılmaz sözlərin lüğətləri) və s. köməyi ilə həyata keçirilir. Bu, dil vahidlərinin ən etibarlı sənədli fiksasiyasıdır (qeydidir - RED).

Hər bir sabit dil faktı yazılı ünsiyyət üçün qanun kimi qəbul edilməlidir, ona görə ki, ədəbi dilin kodlaşdırılması onun əsrdən-əsrə yaşamasının əsas şərtidir.

 Qeyd edim: yer üzündə dil vəziyyətləri, fəaliyyət sahələri və tarixi bir-birinə oxşar olan heç bir dil yoxdur və olmayacaq.

 Ona görə də düşünürəm ki, Qazaxıstanda yaşayan hər bir etnos, xüsusi tarixi situasiyaya düşmüş dövlət dilinin vəziyyətinə tolerant yanaşacaq. Bu insanlar burada doğulub böyüyüblər. Deməli, bu ölkənin dili etnik mənsubiyyətindən asılı olmayaraq, hamı üçün ortaq olmalıdır.

Bu gün ölkədə dil situasiyasının düzgün formalaşması və qazax dilinin sadədən orta və yüksək səviyyəyə qədər mənimsənilməsi üçün bütün ilkin şərtlər yaradılmışdır.

Qazaxdilli uşaq bağçaları var, məktəblərdə onun öyrənilməsi üçün kifayət qədər saatlar ayrılıb, ali məktəblər bütün fakültələrdə dili xüsusi fənn kimi daxil ediblər, tədris metodları daim təkmilləşdirilir.

Daha çoxunu deyəcəyəm: bu gün bir çox əcnəbi qazax dilini öyrənməyə çalışır.

İndi o (qazax dili - RED) Pekinin mərkəzi azsaylı millətlər universitetində tədris olunur və bu payızdan etibarən Oksford Universitetinin şərqşünaslıq fakültəsində də qazax dili tədris olunacaq.

Polşada (Poznandakı A. Mitskeviç adına Universitetdə) həmkarım və dostum, professor Henrik Yankovskinin təşkilatçılığı ilə qazax dili və mədəniyyəti Mərkəzi fəaliyyət göstərir.

 Türkiyədə də oxşar mərkəzlər var - İstanbul Universitetində və Niğde Ömer Halisdemer Universitetində.

Məmnuniyyətlə qeyd edirəm ki, qazax dilini danışıq səviyyəsində çox yaxşı bilən başqa millətlərin çoxlu nümayəndələri də var.

 Bu, xüsusilə danışıq dilini tez başa düşən və qazax dilində maliyyə əməliyyatları aparan xidmət sektoru işçiləri arasında nəzərə çarpır.

Yəni, təkrar edirəm, qazax dilinin millətlərarası ünsiyyət dilinə çevrilməsinə qətiyyən heç bir maneə yoxdur. Əksinə, elə bir vaxt gəlib çatmışdır ki, bütün qazaxıstanlılar nəinki tolerantdırlar, həm də qazax dilinin millətlərarası ünsiyyət dili kimi statusunun yüksəldilməsini bəyənirlər, həmçinin  ən yüksək səviyyədə mənimsəməyə də mənəvi cəhətdən hazırdırlar.

...Bir neçə il əvvəl mən dəfələrlə milli məktəblərdə qazax dili üzrə məktəblərarası və respublika səviyyəli olimpiadalara sədrlik etmişəm.

Böyük məmnunluq hissi ilə qeyd etdim ki, koreya, alman, rus ailələrindən olan uşaqlar dövlət dilində çox gözəl danışır və yazırlar.

Abayın şeirlərini oxuyanda onların yanan gözləri yaddaşımda qaldı.  Və nə qədər insan qazax mahnılarını oxumaq istəyirdi!

Diqqət edin, bu gün belə müğənnilər çoxdur.  Hesab edirəm ki, qazax mahnısının belə təbliğatında unikal vokalçı Dimaş Kudaybergen öz rolunu oynayıb.

Türkdilli xalqların nümayəndələrinin - uyğurların və azərbaycanlıların övladları isə olimpiadalarda iştirak edərkən, ümumiyyətlə, qazax dilində sərbəst və rahat danışırdılar.

Hətta o zaman əmin oldum ki, onlar qazax dilindən beynəlxalq səviyyədə ünsiyyət vasitəsi kimi istifadə edirlər.

Ona görə də bu gün hamımız ancaq sevinə bilərik ki, bu məsələ - qazax dili millətlərarası ünsiyyət dili kimi - rəsmi şəkildə dövlət başçısı səviyyəsində qaldırılır və buna bütün qazaxıstanlılar tərəfindən isti münasibət göstərilir", - deyə  Bağdan Momınova məqalədə qeyd edir.

 

Yasəmən MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN