Bakı Slavyan Universitetinin (BSU) tələbələri üçün indi həm məhsuldar, həm də məsuliyyətli dövr başlayıb...
Belə ki, imtahanlar ərəfəsində universitetin rektoru səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev imtahan sessiyasından öncə tələbələrlə görüş keçirib. Görüşdə payız semestrinin imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün tələbələrin fikir və təklifləri dinlənilib, onları maraqlandıran çoxsaylı suallar geniş və dolğun cavablandırılıb. Həmçinin BSU-nun hər iki tədris binasında təklif və rəylər üçün şəffaf qutuların qoyulması imtahan sessiyasının ədalətli keçirilməsinə dəlalət edir.
Qeyd edək ki, BSU-da tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə payız imtahan sessiyasının təşkili və keçirilməsi barədə müvafiq əmr imzalanıb. Bunun əsasında ixtisas fənlərinin məzmun və xüsusiyyətlərindən asılı olaraq yazılı formada aparılan imtahanlarla yanaşı, şifahi imtahanlar təşkil edilib. İmtahan keçirilən bütün auditoriyalar dezinfeksiya edilib. Sessiyanın təşkilinə və gedişinə nəzarət məqsədilə universitet rəhbərliyi, valideyn şuraları, tələbə təşkilatları, müvafiq struktur bölmələrinin nümayəndələrindən ibarət İmtahan Qərargahı, fakültələrdə Apellyasiya komissiyaları yaradılıb. İmtahan Qərargahının fəaliyyəti barədə rektorluğa müntəzəm məlumat verilir. Apellyasiya komissiyaları tərəfindən tələbələrin müraciəti daxil olduğu vaxtdan 1 gün müddətində fənni tədris edən mütəxəssislərin iştirakı ilə müraciətə baxılıb uyğun qərarın qəbul edilməsi nəzərdə tutulur. Yanvarın 5-dən fevralın 1-dək keçiriləcək imtahan sessiyasında universitetin ümumilikdə 3800 nəfərə yaxın tələbəsinin iştirakı nəzərdə tutulur. Hər bir imtahan üçün 3 akademik saat ayrılır, imtahanların nəticələri 2 gün ərzində tələbələrə elan edilir, nəticələr universitetin sosial şəbəkələrində yerləşdirilir. Sessiya zamanı tələbənin koronavirus infeksiyasına yoluxduğu halda yaz tədris semestri başlanana kimi ona qalan imtahanlarını vermək şəraiti yaradılacaq. BSU-da imtahan prosesinə ciddi nəzarət olunur və bütövlükdə sessiyanın şəffaf və obyektiv keçirilməsi universitet rəhbərliyinin diqqət mərkəzindədir.
Tələbələrə imtahanlarda uğurlar diləyirik.
A.Məmmədli