Gürcüstan “Batumi Aylend” adlı süni adasız qala bilər.
Belə ki, Batumidəki neft terminalını idarə edən “Terminal 1” MMC-nin müraciətindən sonra Milli Ətraf Mühit Agentliyi Batumidəki süni ada üçün ətraf mühitə təsirin qiymətləndirilmə prosedurunu dayandırıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Business Press News yazıb.
“Batumi adası” investor Ambassador Batumi Island (Ambassador Group) tərəfindən 2022-ci ilin sentyabr ayından həyata keçirilən böyük layihədir.
Üzərində çimərliklər və akvaparklar, otellər, fərdi evlər, əyləncə kompleksləri tikilməsi planlaşdırılan ada turistlərin diqqətini çəkəcəkdi. İlk mərhələdə sərmayələr təxminən 100 milyon dollar təşkil edəcək.
Tikinti Batumi balıq bazarına bitişik neft terminalının qarşı tərəfində aparılır.
“Neft tankerlərinin saxlandığı və yenidən yükləndiyi, dağılma zonası, yüksək risk zonası olan ərazidə universal turizm zonasının yaradılması absurddur, hansı ki, bütün hərəkətlər limanın qaydaları/təlimatları ilə müəyyən edilir və tənzimlənir” - "Terminal 1" bildirir.
Şirkət, həmçinin Batumi adasının yaradılması ilə bağlı Terminal 1-in üzləşdiyi çətinliklərin ilkin qiymətləndirilməsi ilə bağlı sənədi Gürcüstanın müvafiq nazirliklərinə təqdim edib. Sənədi "Anchor Engineering" beynəlxalq dizayn şirkəti tərtib edib.
Qeyd edək ki, Batumi kurortunda adanın yaradılması Bartsxana və Tamar qəsəbələrinin 90 hektar ərazisində aparılır.
Tikintiyə 2022-ci ildə Gürcüstan hökumətinin icazəsi ilə başlanılıb və “Terminal 1” terminal sərhədlərindən gələcək turist adasına qədər təhlükəsiz məsafəyə dair tövsiyələr verib.
***
Onu da əlavə edək ki, bir zamanlar Azərbaycanda “Avesta” konserninin rəhbəri, iş adamı Hacı İbrahim Nehrəmli “Xəzər Adaları” layihəsini həyata keçirirdi. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edirdi. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılırdı. Adalarda eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower tikilməsi planlaşdırılırdı. Layihə ilkin olaraq başlayarkən 2020-2025-ci illərdə başa çatması proqnoz edilirdi. Lakin bu layihə batdı, yəni sonlandırıla bilmədi.
Və iş adamı “Xəzər adaları” layihəsini banka olan külli miqdarda borcunu ödəmək məqsədi ilə dövlətə verdi...
JASMİN