Əməkhaqqından məcburi dövlət sosial sığorta (MDSS) haqqının tutulması ilə bağlı yaranan sualımıza cavab axtarırıq. İşçinin bir aydan digər aya keçən əmək məzuniyyəti olduğu halda MDSS haqqı necə hesablanır?
Belə olan halda məzuniyyət haqqı birinci ayın əməkhaqqı məbləği ilə cəmlənərək MDSS haqqına cəlb olunur, yoxsa hər ayın məzuniyyət məbləği ayrı-ayrılıqda həmin ayların əməkhaqqı məbləğləri ilə cəmlənərək ayrılıqda MDSS haqqı hesablanıb tutulur?
TEZADLAR.AZ xəbər veriri ki, suala cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, işəgötürənin təqdim etdiyi gəlir vergisi, sosial ayırma və işsizlikdən sığorta haqqı üzrə hesabatlarda işçinin hər ay üçün işlədiyi günlərə görə aldığı əməkhaqqı və məzuniyyət ödənişləri cəmlənməlidir.
Əmək Məcəlləsinin 140-cı maddəsinin (Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası və ödənilməsi) birinci hissəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.
Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir.
Müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
Bəs işçi 12 aydan az işlədikdə məzuniyyət haqqı necə hesablanmalıdır? Əmək Məcəlləsinin 140-cı maddəsinin ikinci hissəsində qeyd edilir ki, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
Bildirilib ki, kompensasiyalar ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir. İşəgötürənin təqdim etdiyi gəlir vergisi, sosial ayırma və işsizlikdən sığorta haqqı üzrə hesabatlarda işçinin hər ay üçün işlədiyi günlərə görə aldığı əmək haqqı və məzuniyyət ödənişləri cəmlənməlidir.
Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manat çıxılır.
JASMİN