Nazirlik vətəndaşları fəal olmağa səsləyib.
Azərbaycanda yaşıllıqların sayının artırılması, ekoloji cəhətdən təmiz hava -təmiz ətraf mühitin yaradılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi var qüvvəsi ilə çalışır. Müxtəlif qurumların, müəssisələrin, bankların və assosiasiyaların da qoşulduğu ağacəkmə aksiyaları vətənimizin günbəgün gözəlləşməsinə töhfə verir.
Bu məqsədlə İDEA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə “Ümumrespublika Yaşıllaşdırma Marafonu keçirir” .
Ötən gün "Yaşıl Marafon 2022” ağacəkmə kampaniyası çərçivəsində keçirilən növbəti aksiya Müşfiqabad qəsəbəsində baş tutub.
Aksiya zamanı 8 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 6000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.
Həmçinin Xırdalanda da "Bir ağac min nəfəs" devizi altında ting paylama aksiyası keçirilib.
Xatırladaq ki, təkcə ötən il Ekologiya Nazirliyinin təşkilatçılığı ilə 807 hektar ərazidə yaşıllıq salınıb, 846 min 885 ədəd ting əkilib,
23 tondan artıq toxum səpilib. Ümumilikdə il ərzində ölkəmizdə 2 milyon ağac əkilib.
Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə 13 aprel 2022-ci il tarixində saat 15:00-da “Unibank" ASC-nin Sumqayıt filialının qarşısında tinglərin paylanması aksiyası keçiriləcək.
Nazirlik vətəndaşları fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırırıq. Əldə etdiyiniz tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz.
Ünvan: Unibank (Sumqayıt şəhəri, N.Nərimanov küç, ev. 2/59).
Yəqin ki, vətəndaşlar nazirliyin çağırışına səs verərək, təbiətimiz üçün faydalı iş görəcəklər. Təbiət isə hamımıza məxsusdur.
Y.Məmmədli