Ukraynaya gedən Gürcüstan nümayəndə heyəti geri dönüb və maraqlananlar üçün açıqlanıb ki, Mixeil Saakaşvili barədə heç bir söhbət olmayıb, yəni günün mövzusu o deyilmiş...
Gürcüstan KİV-nin məlumatına görə, bu barədə parlamentin sədri Şalva Papuaşvili jurnalistlərə müsahibəsi zamanı bildirib. Onun sözlərinə görə, həm qapalı, həm də açıq görüşlərdə əsas məqsəd mövcud anlaşılmazlıqları aradan qaldırmaq olub: "Ukraynaya səfərimiz zamanı Vahid Milli Hərəkat və Mixeil Saakaşvili məsələsi heç bir şəkildə müzakirə olunmadı. Həm qapalı, həm də açıq görüşlərimizdə əsas məqsədimiz mövcud anlaşılmazlıqları aradan qaldırmaq idi. Biz əsas məsələdə razılığa gəldik, irəliyə baxmalıyıq, ölkələrimizin qardaşlıq münasibətləri önəmlidir, hər şeyin həll yolu birbaşa ünsiyyətdir", - deyə Papuaşvili bildirib.
Xatırladaq ki, bir neçə gün öncə Gürcüstan parlamentinin 9 deputatından ibarət nümayəndə heyəti Ukraynaya rəsmi səfər etmişdi. Nümayəndə heyyətinin tərkibinə parlamentin çoxluq üzvü Beka Odişariya, üç vitse-spiker - Davit Sergeenko, Arçil Talakvadze və Levan İoseliani, həmçinin müxtəlif siyasi qrupların deputatları: Vaxtanq Meqrelişvili, Ana Natsvlişvili, Xatuna Samnidze və Giorgi Xocevanişvili daxil idi.
Qeyd edək ki, bir müddətdir ki, ölkələr arasında soyuqluq yaranmışdı.
Belə ki, daha öncə Ukrayna Baş Kəşfiyyat İdarəsi rusiyalıların sanksiyaya məruz qalan mallarını, qaçaqmalçılıq yolu ilə Gürcüstan ərazisindən keçirilməsi üçün kanallar yaratması barədə məlumatlara malik olduqlarını bəyan etmişdi. Ukrayna xarici işlər naziri Dmitri Kuleba da Gürcüstanın Rusiyaya sanksiyalardan yan keçməsinə kömək etdiyinə görə cəzalandırıla biləcəyi barədə mesaj vermişdi və Gürcüstandan inandırıcı sübut tələb etdiklərini bildirmişdi.
Bu ittihamı Gürcüstanda absurd və əsassız adlandırmışdılar.
Gürcüstan Maliyyə Nazirliyi də açıqlamışdı ki, beynəlxalq ictimaiyyət tərəfindən Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiq olunduğu ilk günlərdən, Gürcüstan ölkədəki bütün gömrük-keçid məntəqələrində ciddi nəzarət həyata keçirir və ölkədən idxal və ixrac edilən malların da monitorinqini aparır.
Daha sonra, Gürcüstanın baş nazirinin müavini Teya Sulukiani Ukraynanın ittihamlarına cavabında bildirmişdi ki, “Ukrayna Gürcüstandan qaçan cinayətkarlar üçün qoruğa çevrilib".
Nazir Ukraynada dövlət idarələrində Saakaşvilinin yaxın adamlarının çalışdığına eyham vuraraq, “Təəssüf ki, hələ mənim ədliyyə naziri postuna gəlməmdən öncə Ukrayna Gürcüstandan qaçan cinayətkarların qoruğuna çevrilmişdi. Ona görə də mən istərdim ki, Ukrayna hakimiyyəti cinayətkarların hekayələrinə sürüklənməsin” cavabını vermişdi.
Gürcüstan nümayəndə heyətinin Ukraynaya səfərinin də məqsədi bəyan etdikləri kimi, Gürcüstan tərəfinin Ukrayna xalqına göstərdiyi həmrəyliyi ifadə etmək və mövcud anlaşılmazlıqları aradan qaldırmaq idi.
Və Ukraynadakı müharibənin bu qızğın çağında, iki ölkə arasında yaşanan anlaşılmazlıqların çözülməsi üçün bir araya gəlinməsi fonunda Mixeil Saakaşvili ilə bağlı məsələnin müzakirə edilməməsi anlaşılandır.
Hazırda söhbət Ukraynanın gələcək taleyindən gedir, onun fonunda Saakaşvilinin taleyi çox kiçik görünür, bəlkə də, ümumiyyətlə görünmür...
JASMİN