“BİZ, BİR-BİRİMİZİ YA SEVMƏLİ, YA DA ÖLMƏLİYİK!”
Şəmsəddin Mənsuroğlu, hüquqşünas-publisist
“Dünyanı Allahın yaratdığı uşaqların yaşayacağı
yerə çevirməsək, qaranlığa qərq olarıq”.
ABŞ-ın 36-cı Prezidenti Lindon Conson
Dünyanı başdan ayağa hekayət adlandıranlar çoxdur. Biz də özümüzə güvənərək, qabiliyyət və bacarığımıza uyğun dünyanı fəth edirik. Amma bu fani dünyada uydurma ilə reallıq arasında olan fərqi yaxşı seçə bilmirik. Məhz bu fərqi şəffaflığı ilə görə bilmədiyimizə görə yaşamağımız müşkül bir məsələyə çevrilir, əzab çəkirik. Sən demə, əzab həyatın reallığı və mühüm prinsipi imiş.
Sual yarana bilər: Bəs hamı və yaxud dünyanı idarə edən “qəhramanlar” necə, onlar da əzab çəkirmi? Tərəddüdə qapılmadan “Yəqin ki, çəkirlər!”-deyə bilərik.
Bir anlığa 1830-cu illərin Avropa tarixini vərəqləsək Polyak xalqının və 1988-ci ildən sonra 44 günlük zəfər gününə qədər Azərbaycan xalqının çəkdikləri “əzab ağaclarının” gözümüzün önündə necə bitdiyini aydın görə biərik. XIX əsrin sonlarında xalqımızın 30 il ərzində tarixdə görünməyən nadir amansızlıqlara və qeyri- insani rəftarlara məruz qalmasını, o günləri- Xocalını, Kəlbəcəri, Zəngilanı, Xocavəndi... xatırlamaq belə, əzab yağışında qərq olmaqdır. Bu barədə çox yazılıb, sənədli filmlər çəkilib, fotosərgilər nümayiş etdirilib...
***
...1832-ci ildə Polşanın Rusiya, Prussiya və Avstriya tərəfindən bölünməsindən onilliklər ötdükdən və hələ ona qədər 1830-cu ildə polyakların öz azadlıqlığı uğrunda üsyanı ruslar tərəfindən qəddarlıqla yatırıldıqdan sonra polyak yazıçısı, şairi və dramaturqu, polyak milli azadlıq hərəkatının xadimi və polyak millətinin atası, siyasi publisist, XIX əsrdə dünya ədəbiyyatına böyük töhfələr vermiş Adam Bernard Mitçkeviç (O, Belorusiyada anadan olmuş, 26.XI. 1855-ci ildə Türkiyədə- indiki Bəyoğluda vəfat etmişdir) əzabla yaşayan Polşanı “Millətlərin Məsihi” adlandırmışdı. Polşanın dəhşətli əzablarını İsa Məsihanın fədakarlığı ilə müqayisə edir, onu bəşəriyyətin qəhramanlığı adlandırırdı. “Polşa da Məsiha kimi ölümdən dirilib qayıdacaq”,- deyirdi. O, özünü milyon sayırdı. Milyonlarla insanın iztirablarını çəkdiyinə görə belə deyirdi: “Mən milyonam”.
Azərbaycanın 30 il ərzində çəkdiyi iztirablarına kim şərik ola bildisə, kim yanında durdusa, Tanrı da onun yanında oldu. Soyqırıma və vandalizmə məruz qalan milli ərazilərimiz qəhrəman vətən övladlarının al qanı ilə suvarılaraq azad oldu. Həyata keçirilən quruculuq işləri torpağa həyat bəxş etdi... Ana torpaq viran qaldığı uzun illərdən sonra dikəlib çoxmilyonlu övladlarına səsləndi: Mən azadam, azadlıqdayam! Qoynum hər birinizə açıqdır, gəlin, boynuma dolanın...
***
Mitskeviç də Polşanın çətin, talan olduğu dövrlərdə yazırdı: Polşa Avropa xalqlarına üzünü tutub: “Kim yanıma gəlsə, bilsin ki, MƏN AZADLIĞAM.” -hayqırdı. Lakin krallar bu cümləni eşidəndə vahiməyə düşdülər və polyak xalqını elə İsa məsiha kimi çarmıxa çəkdilər, tabuta qoyaraq bağırdılar: “Biz azadlığı öldürdük və artıq dəfn də etdik.”
Amma krallar və kralpərəstlərin haray qoparması sərsəmlik idi... Polşa ölməmişdi... Ruh bədənə qayıdıb Milləti ayağa qaldırdı və bütün Avropa xalqlarını köləlikdən azad edə biləcək gücdə oldu...
***
..1988-ci illərdə Azərbaycan mistik təfəkkürlü öndə gedənlərin qurbanı oldu. Zəiflədik, erməni faşizminin təcavüzünə məruz qaldıq, vandal davranışların və genosid əməllərinin girovuna çevrildik. “Verilən qurbanlar milli dözümlüyün xilası olacaq”,- şüarları işimizi çətinə saldı...
Şuşanın işğalı, Xocalı soyqırımı, Kəlbəcər, Malıbəyli və Quşcular qətliamı (1992), Qaradağlı (Xocavənd rayonu 17.02.1992), Ağdaban soyqırımı (08.04.1992) və s. faciələri müstəqil Azərbaycan tarixinin unudulmaz qanlı səhifələridir...
***
...İkinci dünya müharibəsindən sonra nüvə silahının kəşfi ilə heç kimə qalmayan dünya birdən dəyişdi. Hirosimadan sonra bəşəriyyət bir az da qorxuya düşdü. Dünyanı vahimə və təlaş bürüdü. Patriotizm şovinist ultramillətçiliyə çevrildikcə problemlər baş aldı, münaqişələrə zəmin yaratdı, dəhşətli müharibələrə dəhliz açıldı və ona dəstək verən dövlətlər də tapıldı. Özəl maraqlar bəşəri dəyərləri və maraqları üstələdi. “Kimin nüvəsi varsa, o da güclüdür,” - fikri tədricən şüara çevrildi.
1964-cü ildə Amerika Prezidentliyinə namizəd Lindon Conson seçki kampanyası ərəfəsində məşhur Deyzi reklamı- televiziya tarixində ən uğurlu reklam çarxı və təbliğat nümunəsi kimi bu gün də xatırlanır. Reklam televiziyada bircə dəfə yayılsa da, böyük təbliğat çarxına çevrildi, KİV-də səs - küy yaratdı. Klip balaca bir qızcığazın əlindəki çobanyastığı çiçəyinin ləçəklərini bir -bir sayıb qoparmağı ilə başlayır. Lakin balaca qız sayıb 10-na çatanda, klipdəki kişi səsi tərsinə 10, 9... nəhayət, sonuncu rəqəmi səsləndirəndə ekranı nüvə partlayışı bürüyür... Sonra prezidentliyə namizəd Consonun Amerika xalqına müraciəti eşidilir: “Bu seçimdir. Dünyanı Allahın bəxş etdiyi uşaqların yaşayacağı bir yerə çevirə bilməsək, hamımız qaranlığa qərq olarıq. Biz bir-birimizi ya sevməli, ya da ölməliyik”. Bu, siyasi müdrikliyin təntənəsi idi. Lakin Deyzi reklam çarxında Consonun qaldırdığı məsələ 1964-cü illə müqayisədə bu gün daha aktualdır. Dünya ya bütün bəşəriyyətin birlikdə yaşayacağı məkana çevrilməli, ya da qaranlığa qərq olacağıq(?).
Alimlər, ziyalılar, siyasətçilər, sosioloqlar, hər birimiz birləşib üz-üzə durduğumuz dəhşətli bir fəlakətin qarşısını almaq üçün bəşəriyyətdə çatışmayan bir müdrikliyin kəşfinə nail ola bilməsək müharibələrin ardı olacaq. Beynəlxalq hüququn sübyekti olan dövlətlər arasında münasibətlərin tənzimlənməsi üçün mövcud prinsiplər və normalardan başqa, bir əxlaq kodeksinə də ehtiyac var. 10 min bundan əvvəl yaşamış daş dövrünün qəbilələrinin də əxlaq kodeksi olub. Peyğəmbərlərdən və səmavi kitablardan xəbərsiz olan bu aborigen insanların oxuduğuma görə inkişaf etmiş etik dünyagörüşü da olub. Bəşəriyyətin yaranmasından əvvəlki milyon il boyunca davam edən təkamül dövründə əxlaqın dərin köklərinin olduğunu bu günün alimləri də təsdiq edirlər. Bütün sosial məməlilərin-canavarların, meymunların və delfinlərin təkamülə uyğunlaşmış, hətta qrup birliyini təmin edən əxlaq kodeksi var. Maraqlı bir məqama toxunacağam: Canavar balaları birlikdə oynayarkən “ədalətli oyun qaydalarana” riayət edilir. Əgər canavar balasından biri digərini bərk dişləyərsə, arxası üstə qalmış və təslim olmuş (yorulmuş) balanı dişləməkdə davam edərsə, o biri balalar həddini aşmış bala ilə bir daha oynamır. Şimpanze dəstəsində də belə etik qaydalar yaşanır. Dominant meymunlar zəif meymunların əldə etdiyi əmlak hüququna şərik çıxmırlar. Cavan, dişi şimpanze bir banan əldə edərsə, hətta dəstə başçısı-erkək alfa ac olsa belə, bananı onun əlindən almaqdan vaz keçəcək. Qayda pozularsa erkək alfa-dəstə başçısı statusunu itirəcək!
Qədim Orta şərqdə yaşayan homo sapienslərin arasında da peyğəmbərləri görən olmamış və səmavi kitablardan bixəbər olmuşlar. “Öldürmə!” və “Oğurlama!” tapşırıqları Şumer şəhər dövlətlərinin, Misir fironlarının və Babilistan imperiyasının hüquq və əxlaq kodekslərində əxz edilən imperativ normalar bu gün də diqqət çəkir. Babilistan hökmdarı Hammurapi ətrafına izah edirdi ki, böyük allahlar ona, “Yer üzərində ədalət nümayiş etdirmək, şəri və pisliyi məhv edib, zəiflərə olan zülmü dayandırmaq”, -tapşırığı veriblər...
İlahi kəlamlarda deyilir: “Xalqın arasında heç bir kəsdən qisas alma, heç kəsə həsəd aparma, qonşunu da özün qədər sev. Qonşunun, qonşu haqqı var, o haqqı tanı. Əks halda ibadətin qəbul olunmaz!”
Dominanat dövlətlər zəif, qonşu dövlətlərin süveren hüquqlarına hörmətlə və vicdanla yanaşsalar, davranışlarını etik qaydalara və axlaq normalarına uyğun həyata keçirsələr bəşəriyyət amanda qalar. Buna müdriklik lazımdır!(?)