Aidiyyəti dövlət qurumları vaxtında müdaxilə etməsə, kənddə qan qohumları arasına qan düşəcək: el yolunu bağlayanın darvazasına görə kriminal hadisənin baş verməsi an məsələsidir...

Məlumat verdiyimiz kimi, redaksiyamıza bölgələrdən daxil olan şikayəti araşdırmaq üçün həmin yerlərə ezam olunuruq və şikayəti yerində araşdırırıq. Bu qəbildən olan bir neçə araşdırma yazımız və çəkilişlərimiz həm saytımızda, həm də efirimizdə işıqlandırılıb. 

Bu ğünlərdə isə Masallı rayonunun Göyəçöl kənd sakini Nafiz Şükürov rastlaşdığı problemlə əlaqədar redaksiyamıza müraciət etdi və əməkdaşımızın mövcud problemi yerində araşdırması üçün kəndə  dəvət etdi. Dəvəti qəbul edib avqustun 8-də Masallının Göyəçöl kəndində Nafiz Şükürovla görüşdük.

Söhbətdən məlum oldu ki, Nafiz təsərrüfat adamıdır, əkin-biçinlə, qoyunçuluq və maldarlıqla məşğul olur, neçə deyərlər, tam qanuna uyğun olaraq, iqtisadiyyatımıza lazımınca töhfə verir. Bunun üçün də dövlət tərəfindən hər bir şərait yaradılıb və bu şəraitdən də çox razılıq edir. Özü də bildirir ki, Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq yerlərdə kənd təsərrüfatının inkişafı üçün rəsmilər əlindən gələni əsirgəmir. Özünün hektarlarla pay torpaq sahəsi var, bundan əlavə, icarəyə də pay torpaqları götürüb taxıl, yonca və digər bitkilərin becərilməsini həyata keçirir, bundan əlavə, qoyunçuluqla, maldarlıqla da  məşğul olur. Bəs, problem nədir?

Məlum oldu ki, 20-dən çox sakinin yaşadığı böyük bir el yolunun sonu birbaşa təsərrüfat torpaqlarına gedib çıxır. Sonuncu ev olan isə öz doğmaca əmisi oğlu Vüqar Şükürov həmin küçənin sonunda dəmir darvaza qoyaraq bu insanların öz təsərrüfatlarına çıxışını bağlayıb. Bunu onunla əsaslandırıb ki, həmin yolun sonu onun pay torpağına çıxır ki, guya heyvanlar onun təsərrüfatına ziyan vurur və s. Araşdırmamız zamanı o da məlum oldu ki, həmin darvaza ilə Vüqar Şükürovun pay torpağının arasında düz 30 metr boş ərazi var.  Oradan həm heyvanlar, həm də müəyyən texnika hərəkət edərkən pay torpağına çatmadan sola dönən yolla müəyyən ərazilərə gedib çıxır. Yəni, V.Şükürovun heç nə əkilib-becərilməyən boş və düzənlik sahəsinə heç bir zərər verilmir. O da maraqlıdır ki, Vüqar Şükürov və digər altı qardaşının hamısı Rusiyanın Nijni-Novqorod şəhərində yaşayıb-işləyirlər. Həmin darvaza söhbətinə görə kənddə olarkən, ona müəyyən orqanlardan başa salıblar ki, burada məhkəməlik iş var və məhkəməyə verilsə, sən ölkədən çıxa bilməyəcəksən. Ona görə də V.Şükürov dərhal respublikanı tərk edərək, əvvəldən yaşayıb-işlədiyi Nijni-Novqoroda gedib.

Məsələ bir az da dərinləşəndən sonra məlum olub  ki, həmin ərazi heç Vüqar Şükürovun yox, xalası oğlu Sadıq Ramazanovundur. Amma deyilənə görə həmin ərazi, hətta Sadıq Ramazanovun adına olsa belə, darvaza ilə ərazi arasında 30 metrlik məsafə heç kimin deyil. Yəni, S.Ramazanovun torpağı sənəddə nəzərdə tutulduğundan 25 sot artıqdır ki, bu da darvazadan sonrakı yola aiddir. Deməli, nə Vüqar Şükürovun, nə də Sadıq Ramazanovun darvaza qoyub əhalinin pay torpaqlarına çıxan yolunun bağlamasının heç bir hüququ əsası yoxdur.

Mən də təbii ki, həm əhalinin yaşadığı küçənin sonunda quraşdırılan darvazanın fonunda, həm də darvazadan sonra pay torpaqlarına açılan əks tərəfdən video çəkilişlər etdim. Küçənin sonunda arxa fonda darvazanın görüntüsü ilə etdiyimiz çəkiliş və N.Şükürovla söhbətimiz normal məcrada getdi. Amma böyük bir ərazini dolanaraq darvazadan sonra- pay torpaqlarına çıxışa olan hissədə apardığımız çəkiliş zamanı isə çox ciddi qalmaqalla üzləşdim.

Nafiz Şükürov kamera önündə əraziləri göstərərkən, Vüqar Şükürovun qardaşı Hikmət Şükürov bizə yaxınlaşaraq Nafiz Şükürovun başdan-ayağa yalan danışdığını söylədi. H.Şükürovu kamera önünə dəvət edib, əks tərəf kimi həqiqətin necə olduğunu söyləməsini xahiş etdim. O da öz növbəsində bildirdi ki, bu darvazadan keçən yol əsas yol deyil. Əsas yolun isə bizim xeyli məsafə qət edib gəldiyimiz yol olduğunu bildirdi. Mən xahiş etdim ki, bu mübahisələrə son qoyulsun və öz doğmaca əmisi oğluna, həmçinin digər sakinlərə buradan 1-2 metrlik yol verilsin. H.Şükürov əvəzində təklifimə belə cavab verdi: “Əvvəlla, biz onu əmi oğluluqdan çıxarmışıq. İkincisi də, vaxtında adam kimi desəydi, onu həll etmək olardı. Amma artıq gecdir”.

Bu zaman N.Şükürov müdaxilə edərək bildirdi ki, “Adam kimi müraciət etmək deyəndə, nəyi nəzərdə tutursan? Mən əmioğlu kimi darvaza təzə qoyulanda dəfələrlə Vüqardan xahiş etdim ki, belə eləməsin. Onunla birlikdə dəfələrlə gedib kafedə çörək də yemişik, birlikdə ova getmişik. Bütün bunlara baxmayaraq, Vüqar inadından əl çəkmədi və yolu tamam bağladı”.

1723477217371

Nafiz Şükürov

Bundan sonra Nafizlə Hikmətin arasında ciddi mübahisələr, söyüşlər, təhqirlər oldu və hətta bir-birinə hücum etmək istədilər. Lakin hər ikisinin qarşısına keçib bu insidentin böyüməsinə və hər hansı əlbəyaxa davaya imkan vermədim. Sadəcə təklif etdim ki, hər ikisi kamera önündə öz mövqelərini rahat şəkildə söyləyə bilərlər. Bununla belə, təhqir və söyüşlərin arası kəsilmədi. Eyni zamanda, qarşılıqlı hücumlar da davam etdi. Yenə hər ikisi də sağ olsun ki, mənim sözümün üstündən keçib, ciddi münaqişəyə yol vermədilər. Mən Hikmətə dəfələrlə müraciət etdim ki, darvazanı nə üçün qoymağının səbəbini izah etsin. O isə əvəzində öz doğma əmisi oğlu Nafizə qarşı aqressiya göstərdi. Allah xatirinə demək lazımdır ki, Nafiz onun aqresiyyasına o qədər də qarşılıqlı vermədi. Bir xeyli belə söyüşmə, təhqiretmə və dartışmadan sonra Hikmətin həyat yoldaşı uzaqdan göründü və onu evə çağırdı. Hikmət də evə tələsdi və bildirdi ki, gəlib əlavə  fikirlərini bildirəcək. Amma xeyli gözləsəm də, H.Şükürov bir daha hadisə yerinə gəlmədi.

Məsələni bir az da kökündən araşdırmaq üçün Ğöyəçöl bələdiyyəsinin sədri Elman müəllimlə görüşdüm. Söhbətimizdən məlum oldu ki, bələdiyyə sədri kimi Elman müəllim, qalmaqala baş qoşmaq istəmir və hadisəni bir növ özündən uzaqlaşdırır. Belə olan surətdə Dövlət Reystr və Kadastr xidmətinin 8 №-li ərazi üzrə Masallıda yerləşən bölməsinə getdim. Burada Teymur adlı mühəndis bildirdi ki, onların bu məsələ barədə hər hansı məlumat verməyə səlahiyyətləri yoxdur. Ona görə də biz Dövlət Reystr və Kadastr xidmətinin 8 №-li Cəlilabad Regional şöbəsinə müraciət etməliyik. Bundan sonra məsələyə münasibət öyrənmək üçün Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla görüşmək istədim. Növbətçi polis nəfəri başçının köməkçisi ilə danışandan sonra məni İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Abbas Abbaszadəyə yönəltdi. Bir müddətdən sonra Abbas müəllim bizi qəbul etdi. Çox normal və mədəni surətdə bizimlə söhbət edən Abbas müəllim bildirdi ki,  bu sahəyə cavabdeh Zahid müəllimdir. O, olmadığı üçün digər əraziyə cavabdeh olan Nahid Həsənovu görüşümüzə dəvət etdi. Hər iki məmurla söhbətimiz çox yüksək səviyyədə alındı. A. Abbaszadənin həm də 1-ci Qarabağ döyüşünün iştirakçısı olduğunu öyrəndim. Əlbəttə, bu da Masallı RİH-in başçısı Araz Əhmədovun Qarabağ döyüşçülərinə, şəhid ailələrinə və qazilərə olan diqqətinin göstəricisidir. Söhbətimiz zamanı əsasən iki variant üzərində dayandıq: 1-ci, yolu bağlayıb, darvaza qoyan Vüqar Şükürov və qardaşları ilə təbliğatı söhbət aparılsın ki, əhalinin pay torpaqlarına çıxan yolunu bağlamaq olmaz və yol açılmalıdır. Əgər bu variant nəticə verməsə, onda ikinci variant kimi, şikayətçi olaraq Nafiz Şükürov Dövlət Reyestr və Kadastr xidmətinin Cəlilabadda yerləşən 8 saylı ərazi bölməsinə rəsmi müraciət edir. Oradan isə kimsə gəlib həmin ərazinin kimə məxsus olduğunu dəqiqləşdirməklə arayış verir və həmin arayışla sonradan məhkəməyə müraciət etmək lazımdır. İcra hamiyyətinin cavabdeh şöbəsində də bu məsələni diqqətdə saxlayacağını  bildirdilər. Amma maraqlıdır ki, Vüqar Şükürov həmin yola darvazanı məgər məhkəmə qərarı ilə qoyub ki, indi də məhkəmə qərarı ilə sökülsün? Bir ciddi göstərişlə bu özbaşınalığı aradan qaldırmaq olar... Nə isə..

Hər halda şikayətçi vətəndaşa və jurnalistə qarşı belə diqqət və həssaslıq göstərdiklərinə görə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova, İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Abbas Abbaszadəyə və İcra hakimiyyətinin Kənd Təssərüfatı şöbəsinin məsləhətçisi Nahid Həsənova təşəkkür edirəm.

Biz də öz növbəmizdə bu məsələni diqqətdə saxlayacağıq və inanırıq ki, aiddiyyəti qurumlar nə qədər ki, cinayət hadisəsi baş verməyib, məsələyə anlaşıqlı yanaşacaqlar. Onsuz da mənim orda olmağım və çəkiliş aparmağım Hikmət Şükürov tərəfindən təcili olaraq Rusiyanın Nijni-Novqorod şəhərində yaşayıb-işləyən qardaşlarına çatdırıldı. Bir qardaşdan başqa, digər qardaşlarının hər biri öz doğma əmisi oğlanları Nafiz Şükürova zəng edərək, onu öldürəcəkləri ilə hədələyiblər. Bundan əlavə, Nafiz Şükürovun Rusiyada olan qardaşlarını da öldürüb, meyitlərini tabutda Nafizə göndərəcəklərini də bildiriblər. Deməli, N.Şükürovun və qardaşlarının həyatına real təhlükə var. Özü də bütün bunlar N.Şükürovun telefonunda yazılı sürətdə var. Ona görə də, N.Şükürov özünü və qardaşlarının həyatına olan təhlükə barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xədmətinə  məlumat vermək niyyətində idi. Bəs Rusiyada olan Şükürov qardaşları niyə belə aqressivlik göstərirlər və hətta Nafizi ölümlə hədələyirlər? Çünki N.Şükürov bütün bu məsələləri rəsmi qaydada, dövlət qrumlarının qarşısında qaldırandan sonra, məlum olacaq ki, həmin əraziyə Şükürov qardaşlarının heç bir səlahiyyəti yoxdur. Hətta onlara məxsus pay torpaqlarının 25 sot artıq olduğu da üzə çıxacaq. Bu səbəbdən “qara məni basınca, mən qaranı basım” prinsipi ilə Nafizi ölümlə hədələməklə qorxutmaq və özlərinin pay torpaqlarının artıq olduğunu üzə çıxartmamaq niyyətindədirlər. Amma hər şey tezliklə üzə çıxacaq və inanırıq ki, günahkarlar da lazımı cəzasını alacaqlar.

Dədə-babadan yol həmişə müqəddəs sayılıb. Ona görə də müqəddəs yolu bağlamaq nəinki qanun qarşısında, hətta Allah qarşısında günahdır. İnanıram ki, tezliklə onlara heç bir ziyan gətirməyən məlum darvazanı oradan götürüb, yolu açmaqla Şükürov qardaşları savab iş görəcək və bununla da öz qan qohumları ilə düşmənçiliyə son qoyulacaq.

Elçin Məmmədli,

Bakı-Masallı-Göyəçöl-Bakı

P.S. Bütün bunlar barədə video çəkilişlər TTV-nin efirinə verilməsi üçün montaj mərhələsindədir...

Yazı ilə bağlı əlavə kimin nə mövqeyi olsa, dinləyib dərc etməyə hazırıq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN