Rusiya Federasiyasının gənclərlə iş üzrə qurumunun (Rosmolodyoj) məlumatına görə, Rusiyada “Sevgililər Günü”nü qadağan etməyə ehtiyac yoxdur, çünki...
Bayram ruslar arasında populyar deyil.
TEZADLAR.AZ TASS-ın quruma istinadən yaydığı məlumata istinadən xəbər verir ki, fevralın 14-də qeyd olunan “Sevgililər Günü”nü təhsil və mədəniyyət müəssisələrində qadağan etməyə ehtiyac yoxdur.
"Qurumda müqəddəs Valentin Gününə həsr olunmuş tədbirlər keçirilmir və biz mədəni-maarif müəssisələrində bu tarixin qeyd olunmasına qadağa qoymağı lazım görmürük. Rusiyada müqəddəs Valentin Gününün qeyd edilməsinin populyarlığı açıq şəkildə azalır",- deyə qurumun şöbə müdiri Qriqori Qurov vurğulayıb.
O xatırladıb ki, hər gün sevdiklərinizə isti hisslər barədə danışa bilərsiniz. Bundan əlavə, Rusiyada belə bir bayramı var - 8 iyulda qeyd olunan ailə, sevgi və sədaqət günü.
"Bizim bu bayram marketinq layihəsi deyil. Əksinə, bu, bizə münasibətlərin mənəvi komponentini və əsl sevginin dəyərini xatırladır" - Qurov deyib.
Qeyd edək ki, məlumatlara görə, 14 fevralın "Valentin günü" adı altında açıq-aşkar qeyd edilməsi rahib Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Papa Gelasius tərəfindən 496-cı ildə Roma bütpərəstlərindən qalan “Luperkalia” bayramının adı rahib Valentinin şərəfinə dəyişdirilir. Addəyişmənin səbəbinə gəlincə isə, xristian ruhanilər Romadakı bütpərəstlərin "Luperkalia" bayramına xristian gənclərin də qatıldığından və bütpərəst qızlarla əylənmələrindən narahat olduqlarından, gənclərin heç olmasa xristianlığa bağlı adı olan bir şənlikdə — "Müqəddəs Valentin günü"ndə əylənmələrini təmin etdilər. Bununla da həmin bu "Valentin günü" meydana çıxdı. Başqa sözlə, Xristian kilsəsi Roma bütpərəstlərinin 15 fevralda keçirdikləri kütləvi aşkar əxlaqsızlıq bayramlarını Papa Gelasiusun təşəbbüsü ilə 1 gün əvvəlki tarixə — 14 fevrala rəsmiləşdirdi.
İllər keçdikcə yavaş-yavaş 14 fevral sevgililərin, aşiqlərin bir-birlərinə eşq mesajları göndərdiyi bir günə çevrildi. Bununla pararel olaraq "Müqəddəs Valentin" də xristianlar arasında bütün sevənlərin qoruyucu əzizi halına gəlib belə xatırlanmağa başlandı. Sevgililər Günü 1800-cü illərdən sonra Amerikada Esten Hovlandın ilk Sevgililər Günü kartını göndərməsindən bu yana indiki vaxtda daha çox sayda insanın qeyd etdiyi ictimai bir hadisə halına gəldi. Bunun təbii nəticəsi olaraq hadisənin ticarət istiqaməti çox inkişaf etdi. Az qala hər kəs hər il 14 fevralda sevgililərinə və ya yoldaşlarına bu günün ruhu ilə inteqrasiya olunan, qarşı tərəfə sevgilərini izah edən hədiyyələr verir.
Sevgililər gününü bəzi müsəlman ölkələri qeyd etmir: Özbəkistan, Türkmənistan, Malayziya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı, və Pakistan.
Azərbaycanda da “Müqəddəs Valentin Günü” qeyd edilir. Bu bayramın bizə aidiyyatı olmadığı, yaranma tarixi barədə mətbuatda çoxsaylı yazılar dərc edilsə də, görünür ki, maarifləndirmə kifayət qədər yetərli olmayıb. Və bu bayramı ölkəmizdə də yaşadan kifayət qədər insan var.
Onu da diqqətə çatdıraq ki, bu bayramın qeyd edilməsi bir çox restoranların, ticarət obyektərinin, mağaza sahiblərinə kifayət qədər gəlir əldəetmə imkanı verir və bu baxımdan, 14 fevral ərəfəsində apardıqları reklam təbliğatlarında da bu özünü daha qabarıq göstərir...
JASMİN