Həzi Aslanovun şəxsi həkimi Georgi Beqiaşvili: “O yaralanarkən yanında olmuşam. Çoxlu qan itirmişdi. Qan qrupumuz eyni olduğu üçün ona mənim qanım vuruldu və o gözlərini açarkən dedi: “Bundan sonra sən mənim qan qardaşımsan.””

Bu günlərdə tanımadığım bir nömrədən mobil telefonuma zəng gəldi. Açdım. Salam verib danışan gənc bir oğlan özünü təqdim etdi: -Adım Ağamirdi, sizin dostunuz olmuş rəhmətlik vəkil Əlizadə Kazımovun oğluyam.

Çox sevindim ki, doğrudan da tək mənim yox, baş redaktor Asif Mərzilinin və qəzet kollektivinin yaxın dostu olmuş Əlizadə Kazımovun oğlu ilə danışıram. Ə.Kazımov çox prinsipial və obyektiv vəkil idi. Uzun müddət polisdə yol-nəqliyyat hadisələri üzrə təhqiqatçı olduğundan, bu iş üzrə məhkəmələrdə balıq özünü suda hiss edən kimi hiss edirdi. Ona görə də  vəkil kimi fəaliyyəti dövründə 60-a qədər bəraət hökmünün çıxarlmasına nail olmuşdur. Qəzetimiz və saytımızla yaxından əməkdaşlıq edən Əlizadə müəllim, müdafiə etdiyi şəxslərin hüquqlarını axıra qədər obyektiv və qərəzsiz qorumuşdur. Vətəndaşların hüququ tərəfdən maarifləndirilməsi üçün qəzetimizin səhifələrində maraqlı yazıları ilə çıxış edirdi.  Allah Əlizadə müəllimə qəni-qəni rəhmət eləsin. Ağamirlə danışarkən bütün bunlar yenidən lent kimi gözlərimin önündən keçdi…

Hal-əhval tutandan sonra Ağamir bəydən hansısa probleminin olub-olmadığını soruşdum. Cavab olaraq təşəkkür etdi və heç bir probleminin olmadığını bildirərək dedi:- Elçin müəllim, şəxsi heç bir problemimiz yoxdur. Amma Həzi Aslanov haqqında dayım Seyfəddin Əliyevin bir yazısı var. Ana babam, məşhur həkim olmuş Baldadaş Əliyevin, vaxtı ilə gərgin əməyi sayəsində Həzi Aslanova 2-ci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi üzə çıxmışdır. Lakin bunu başqasının adına çıxıblar. Fevralın 15-də mərhum babamın doğum günüdür. Belə bir gündə  bu mövzuda yazını dərc edə bilərsiniz?

Təklif etdim ki, yazını elektron poçtuma göndərsin. Göndərdi. Yazı ilə tanış olandan sonra, gördüm çox maraqlı bir mözudur. İnanıram ki, II dünya müharibəsin göstərdiyi misilsiz qəhrəmanlıqlara görə İki dəfə Sovet İttifaqı Qəhrəmanı adını almış general-mayor Həzi Aslanov haqqında bu yazı, əsl sensassiya olacaq. Belə maraqlı yazını bizə göndərdiyi üçün, yaxın  dostumuz olmuş, rəhmətlik Əlizadə Kazımovun oğlu, dəyərli Ağamir Kazımova dərin təşəkkürümü bildirirəm. İndi isə, Seyfəddin Əliyevin çox ustalıqla qələmə aldiğı yazını, olduğu kimi, sevimli oxucularımızın diqqətinə təqdim edirəm.

***

Peşəkar, bacarıqlı sərkərdə, Həzi Aslanovla bağlı son illərdə çəkilmiş sənədli filmlər tamaşaçıda 1944-cü ildə verilmiş ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının bərpasını, Əməkdar Jurnalist mərhum Musa Bağırovun zəhmətinin bəhrəsi olması qənaətini yaradır. Həmin sənədli filmlərdə bir həkim də ekspert kimi yer alır. Bu lənkəranlı burun-boğaz-qulaq (LOR) həkimi Baldadaş Əliyevdir. Həmin sənədli filmlərin hər birində dominant olaraq professor Musa Bağırovun və onunla yanaşı, doktor Baldadaşın müsahibəsi təqdim olunur. Tamaşaçı da bilmir ki, bu şəxs lənkəranlı el ağsaqqalıdır, Həzi Aslanovun döyüş yoldaşıdır, yoxsa qəhrəmanımızın aldığı yaranın, bədən xəsarətinin ağırlığını  xarakterizə etmək üçün dəvət olunmuş həkim-ekspert?! Təsəvvür edin ki, doktor Baldadaş çəkilişlərə dəvət olunur, müsahibə verir, amma sonradan istədikləri yerləri qayçılayırlar. Həmin sənədli filmi izləyən tamaşaçı bilmir ki, 1944-cü ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı  adının verilməsi xəbərini Azərbaycana ilk gətirən şəxs bu kişidir! Bu nə qısqanclıq, bu nə ayrı-seçkilikdir? O da maraqlıdır ki, bu həqiqəti saxtalaşdırmaq kimə sərf edirmiş? Google axtarış sisteminə daxil olub "Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi" sözünü yazıram.

17777

Əlbəttə, bunu Google-a kimsə yerləşdirib. Materialda qeyd olunur ki, guya   rejissor Musa Bağırov 1983-cü ildə Azərbaycan Televiziyasının sifarişi ilə General Həzi Aslanov haqqında sənədli film çəkir və həmin sənədli filmin təqdimatında hansısa müharibə veteranı deyir ki, H.Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür... Buradan bir neçə sual doğur: Əvvəla,  o veteran hərbçinin adı, soyadı nə idi? Niyə Musa Bağırov ondan heç olmasa, arayış formasında bir yazılı izahat almadı? Bilirik ki, Professor Musa Bağırov arqument olaraq, rəsmi məlumata istinad edən peşəkar jurnalist idi. Deməli,  belə bir şey olmayıb. Əslində o zamanlar Azərbaycanda  kimsənin yuxusuna belə girməzdi ki, Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib...1984-cü ilin aprelinə  qədər Azərbaycanda bir insan deyə bilməzdi ki, mən kimdənsə  belə bir şey eşitmişəm...Bu mümkün deyildi! Niyə? Niyə məhz 1984-cü ilin apreli? Bax bunun çox maraqlı bir tarixi var...

1984-cü ilin aprel ayı...Doktor Baldadaş təkmilləşmə kursu keçmək üçün Tbilisi Həkimləri Təkmilləşdirmə İnstitutuna ezam olunur. Həmin institutun prorektoru, professor G.R.Beqiaşvili kursa gəlmiş həkimlərin anket sənədləri ilə tanış olarkən Lənkəranlı LOR həkim Baldadaş Əliyevi kabinetinə çağırtdırır və ona belə deyir:

- Sizi lənkəranlı olduğunuz üçün çağırtdırmışam. Həmyerliniz Həzi Aslanov mənim cəbhə yoldaşım olub. Mən onun şəxsi həkimi olmuşam. O yaralanarkən yanında idim. Çoxlu qan itirmişdi. Qan qrupumuz eyni olduğu üçün ona mənim qanım vuruldu və o gözlərini açarkən dedi: “Bundan sonra sən mənim qan qardaşımsan.”

O tamam sağaldı. Sonra məni başqa bir yerə göndərdilər və daha sonra məlum oldu ki, o müəmmalı şəkildə vəfat etmişdir. Onun ölümü mənim üçün sirr olaraq qaldı. Baldadaş həkim, sənə 40 il qəlbimdə gizlədiyim bir sirri açacağam.1944-cü ildə göstərdiyi fövqəladə rəşadətə görə ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi ilə əlaqədar təqdimat hazırlanır, sərəncam imzalanır. Lakin təltif mərhələsinə az qalmış Həzinin müəmmalı ölümü ilə, müvafiq sənədlərin yoxa çıxması eyni vaxta təsadüf edir. Buna baxmayaraq, SSRİ Müdafiə Nazirliyinin Baş arxivində bütün sənədlər saxlanılır. Vətənə qayıdan kimi bu məsələni əlaqədar təşkilatlar qarşısında qaldırın və bu sənədlərin axtarılıb tapılmasında mən sizə hər cür kömək etməyə hazıram.

Kursu başa vurandan sonra doktor Baldadaş Vətənə qayıdır və mücadiləyə başlayır. Heç kim bu məlumatı ciddiyə almır. Hamı bunu absurd sayır və ona heç kəs inanmır. Doktor Baldadaş Moskvaya gedir və SSRİ Müdafiə Nazirliyinin Baş arxivinə daxil olmaq üçün münasib adam axtarır. Lakin ondan səlahiyyət tələb olunaraq, yaxına buraxılmır. Hətta əsəbdən və həyəcandan bədənində allergik səpkilər yaranır. Kor-peşman Azərbaycana qayıdan doktor Baldadaş qarşısına məqsəd qoyur ki, Həzi Aslanovun oğlu, Azərbaycan SSR Daxili İşlər Nazirinin müavini Tofiq Aslanovu Georgi Rafaeloviç Beqiaşvili ilə görüşdürməlidir! O dəfələrlə Tofiq Aslanovun qəbulunda olur, onu inandırmağa cəhd edir və ən nəhayət, onun G.R.Beqiaşvili ilə telefon əlaqəsinin yaranmasına nail olur. G.R.Beqiaşvili onu Tbilisiyə dəvət edir, onlar görüşürlər. Bundan sonra hadisələr yüksələn xətt üzrə inkişaf edir. Tofiq Aslanovun əməkdar jurnalist Musa Bağırovu proseslərə cəlb etməsindən sonra, doktor Baldadaş arxa plana keçir. 7 illik mübarizədən sonra Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsilə əlaqədar SSRİ Ali Sovetinin sədri M.S.Qorbaçov fərman imzalayır. Bu mühüm hadisə ilə bağlı sənədli filmlər çəkilir, silsilə televiziya verilişləri təşkil olunur və kimsə bir kəlmə belə demir ki, doktor Baldadaş, sağ olun ki, bu haqq mübarizəsini siz başladınız, əzm, iradə nümayiş etdirdiniz, xarakter göstərdiniz! M.S.Qorbaçovun imzası ilə yekunlaşan 7 illik ədalət, həqiqət mübarizəsinin əsas carçısı, detanatoru, təəssübkeşi siz oldunuz!

Hörmətli oxucular! Sizi uzun-uzadı mülahizələrlə yormaq istəmirəm. Sonda sizə iki fotoşəkil təqdim etmək istəyirəm.

Birinci foto 1944-cü ildə çəkilib. Həzi Aslanovla gənc hərbi həkim Georgi Beqiaşvilinin bir arada olduğu şəkil:

hezi-6

1944-cü il. Aşağı cərgədə soldan üçüncü Həzi Aslanov, yuxarı cərgədə sağdan birinci isə Georgi Beqiaşvilidir.

İkinci şəkil 1984-cü ildə cəkilib. Qocaman professor Georgi Beqiaşvili ilə lor-həkim Baldadaş Əliyevin bir arada olduğu şəkil.

 02

1984-cü il. Aşağı cərgədə sağdan birinci Georgi Beqiaşvili (qara oxla göstərilib), yuxarı cərgədə soldan 6-cı isə Baldadaş Əliyevdir (ağ oxla göstərilib).

İndi bu iki fotoşəkili uzlaşdırın və məntiqinizə əsaslanaraq bir sualıma cavab verin: Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi faktının gizlədilməsi xəbərini Azərbaycana ilk gətirən kişi kimdir?

P.S. Əziz oxucu! Bu xəbəri Azərbaycana gətirən, hətta bu xəbəri qeyri-ciddi sayaraq, bu fakta istehza edib, lağa qoyanların fikrini alt-üst edərək, yorulmadan, usanmadan mücadilə aparan  kişinin, fevralın 15-də mövlud günüdür... Təəssüflər olsun ki, doktor Baldadaş dördüncü aydır ki, aramızda yoxdur və bu gün, 15.02.2025-ci il tarixində o doğumunun  89-cu ildönümünü soyuq məzarda qarşılayır... Nə yaxşı var olmusunuz, doktor Baldadaş! Milli iftixarımız, görkəmli sərkərdəmiz Həzi Aslanovla bağlı göstərdiyiniz çabalar, çəkdiyiniz əziyyətlər öz bəhrəsini verdi... Xalqımız bu əziyyətinizi heç vaxt unutmayacaq... Əcrinizi Allah verəcək! Rahat yatın! Allah Sizə Rəhmət eləsin! Amin…

*** 

Gecikmiş etiraf: Əməkdar İncəsənət Xadimi Polkovnik Abdulla Qurbaninin 2012-ci ildə nəşr olunmuş "General M.Nəsirov xatirələrdə" kitabının 139-cu səhifəsində  Əməkdar Jurnalist, professor Musa Bağırov yazır: "1984-cü ildə belə bir xəbər eşitdim ki,Tank qoşunları general-mayoru H.Aslanova bir deyil, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Düzdür, əvvəllər də belə söz-söhbət gəzirdi. Ancaq bunun şahidi olan bir nəfərin Gürcüstanda yaşadığını bilmirdim, daha doğrusu bu xəbəri Azərbaycana ilk dəfə ixtiraçı-həkim Baldadaş Əliyev gətirmişdir.”

Belə yerdə deyiblər ki, “haqq nazilər, amma üzülməz”. Gec də olsa, B.Əliyev zəhmətinin bəhrəsini görüb…

***

Qısa tanıtma:

aslan-6

Baldadaş Əliyev həm də görkəmli ixtiraçı-həkim olmuşdur. O, 350-dən artıq ixtira, səmərələşdirici təklif və ideyalar müəllifidir. Onlardan 9-na SSRİ Dövlət İxtira Komitəsi, Rusiya Federasiyası Dövlət İxtira Komitəsi tərəfindən müəlliflik şəhadətnaməsi və patentlə bağlı sənədlər verilmişdir.

Allah rəhmət eləsin!

Seyfəddin Əliyev

Hazırladı və təqdim etdi:

 Elçin MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN