Ulu Öndər Heydər Əliyevin əmanət qoyduğu yüzlərlə qiymətli ağacların hasarlanmasına Bakı şəhər İcra Hakimiyyətinin başçısı niyə susur?!
...Hər şey ordan başlayır: Ulu Öndər Heydər Əliyev deyirdi ki, Bakıda bir ağac kəsiləndə elə bilirəm mənim qollarımı kəsirlər... Amma Bakının keçmiş meri Hacıbala Abutalıbov isə əksini edirdi, Bakının yaşıllığına qənim kəsilənlərə yaşıl işıq yandırırdı...
Zaman dəyişdi: Prezident İlham Əliyev isə dəfələrlə bəyan edib ki, Bakının yaşıllığını qorumalıyıq və imkan verməməliyik bəzi işbazlar olan-qalan yaşıllıqları məhv edib yerində şəxsi obyektlər tiksinlər... Amma indi də Bakının yeni icra başçısı Eldar Əzizov yaşıllıqlara qənim kəsilənlərə susur, bununla da onların əməllərinə yaşıl işıq yandırır...
Eldar Əzizovu susduran səbəb...
Bakının Nizami rayonunun Şərifli-25 ünvanında nə baş verir? Dəfələrlədir bu küçədə yaşayan sakinlərin Ulu Öndər Heydər Əliyevin xüsusi göstərişi ilə ötən əsrin 60-70-ci illərində bu ərazidə salınmış böyük yaşıllıq ərazisinin ayrı-ayrı şəxslər tərəfindən hasarlanıb ağacların məhv edilməsindən yazmadıqları yer qalmayıb. Maraqlıdır ki, bu ağacları əkən və becərənlər, qoruyanlar qalıb bir kənarda, ötən əsrin 60-70-ci illərində belə hələ anadan olmamış bəziləri indi bu əraziləri ata malı-mülkü kimi ələ keçirirlər, ağacları məhv edirlər. Hansı ki, 90-cı illərdə həmin ərazidə əlavə yaşıllıqlar və bağ-bağça salıb qalan qiymətli sərv, Eldar şamı, küknar və s. ağacları da susuzluqdan və baxımsızlıqdan qoruyub bu günədək çatdıranlar var. Ağacları mühafizə edənlərdən biri də mənəm -bu sətirlərin müəllifi. Amma...
***
“Əmma”lar çoxdur, ardıcıllıqla yazıb ölkə rəhbərini, yaşıllıqlarımızın himayəçisi, “İDEA”nın rəhbəri Leyla xanım Əliyevanı məlumatlandırmalı olacağıq. Hələlik isə bir məqamı vurğulayaq ki, Şərifli-25 ünvanı Bakının Nizami rayon İcra Hakimiyyətinin təxminən 300, metronun “Neftçilər” stansiyasının isə 350-400 metrliyindədir. Yəni, ən azı Bakı şəhər İH-nin başçısı Eldar Əzizovun iki ay əvvəl aparat rəhbəri olmuş, sonra özünün təqdimatı və xeyir-duası ilə təyin etdirdiyi Nizami RİH başçısı Coşqun Cəbrayılov kabinetindən boylansa, yüzlərlə qiymətli ağacların necə hasara alınmasından xəbər tuta bilər. Deyim ki, cənab Coşqun Cəbrayılov artıq xəbərdardır da. Daha doğrusu və dəqiqi, mən xəbərdar edib duyuq salmışam, bilir. Amma o da onu bu rayona, yəni Nizami rayonunun problemlərini həll etməyə göndərmiş Eldar Əzizov kimi bu qalmaqallı məsələyə-ağac hasarlama probleminə susur. Səbəbini az sonra izah edəcəyəm. Lakin cənab Coşqun Cəbrayılov yaxşı bilir ki, elə yaşıllıqlara qənim kəsilənlərə yaşıl işıq yandırmaqda daha irəli getdiyinə görə əvvəlki başçı Arif Qasımova vida nəğməsi oxunmuşdur...
Yeri gəlmişkən və yaddaşın itilənməsi üçün: Bakının indiki başçısı Eldar Əzizov da bu çoxillik və həmişəyaşıl başıbəlalı meşəlik ərazidən yaxşı məlumatlıdır. O mənada ki, o da vaxtilə Nizami rayonunu icra başçısı işləmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEVİN 28 iyun 2000-ci il tarixli, 448 saylı Fərmanı ilə E.Ə.Əzizov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi...
Bəs indi nə baş verir: Eldar Əzizov yaxşı bilir ki, foto və video görüntülərini təqdim etdiyimiz ağaclar ilyarımdır yaxın qohumu Prezident Administrasiyasında işləyən bir sahibkar tərəfindən hasarlanıb, məqam gözləyir (hansı ki, bu ərazidə 10 hektara yaxın meşəliyi 6-7 il əvvəl məhv edilərək yerində göydələn tikiblər). Doymurlar!!!
İndi Eldar Əzizovun aparat rəhbəri və ya köməkçisi həmin rayona başçı gəlib, o da bu mənzərəni görüb, bilir və susur!
Soruşmaq yerinə düşər ki, yaxşı, susmaq nəyə hesablanıb, səbəb nədir???
Bakı şəhərinin icra başçısı Eldar Əzizova təqdim edilən sənədlər niyə hələ də masa üzərindədir?
Bu günlərdə Şərifli-25 ünvanından redaksiyanın elektron poçtuna göndərilmiş, Bakı şəhər İH-nin başçısı hörmətli Eldar Əzizova ünvanlı, hər kəsi düşünməyə vadar edəcək məktub daxil olub. Ağrılı da olsa, məktub Ulu Öndər Heydər Əliyevin xüsusi göstərişi ilə salınmış meşə massivində hasara alınmış ağacların adından yazılıb. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət formasındadır. Hasara alınmış ağaclar Eldar Əzizovdan imdad diləyir:
“Hörmətli Eldar müəllim! Yəqin bizi xatırlayırsınız. Çünki Siz 2000-ci ildə Nizami rayonuna İcra başçısı təyin ediləndə biz burada idik, xoşbəxt idik, rahat nəfəs alırdıq. O vaxt indiki kimi acgöz iş adamları və əlibaltalı tamahkar sahibkarlar yox idi. Hətta xatırlayırsınızsa, 2002-ci ildə bu ərazidə bizi kəsib-doğrayıb yerimizdə villa tikmək istəyirdilər. Sağ olsun, ətrafda yaşayan sakinlər Mehbalı Əliyev adlı tamahkar məmurun (deyəsən müvəqqəti başçı işləyirdi) buldozerinin qarşısına çıxdılar, 70-ə yaxın sakin Milli təhlükəsizlik naziri Namiq Abbasova müracəit yazıb göndərdilər. O vaxt MTN-nin Nizami rayon şöbəsinin rəisi Vəli Nağıyev (Azərbaycan DTX-nin rəisi Əli Nağıyevin qardaşı) bu əlibaltalıların qarşısını kəsdi, biz xilas olduq. Amma illər keçdikcə pusqudakılar ac canavar kimi bizdən əl çəkmədilər. Bir hissəmizi gecə ikən doğrayıb yerində villalar tikdilər. Yenə də sağ olsunlar, sakinlər harayımıza gəldilər, yüzdən çox biz binəva ağacları kəsməyə qoymadılar. Amma iki il olar, hətta biz bura əkiləndə anadan olmamış bir sahibkar bizi gecə ikən dəmir hasara salıb, ağzımızı da kilidləyib. Özümüzü Xocalıda düşmən basqınına məruz qalıb əsir düşmüşlər kimi hiss edirik. Biz iki ilə yaxındır susuz qalmışıq, bizə baş çəkən, halımızı soruşan yoxdur. Eldar müəllim, bəs Siz bu ədalətsizliyə necə dözürsünüz? Bildiyimiz qədər, bizi mühasirəyə alan, ac-susuz qoyan sahibkarın qanunsuz hərəkətindən Sizə yazılıb, deyilib. Bəs niyə bizi mühasirədən-girovluqdan qurtarmaq istəmirsiniz?
Hörmətli Eldar Əzizov! Bilirsiniz ki, bizi Ulu Öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə buraya əkiblər. Biz o böyük Kişinin yadigarlarıyıq, sizlərə əmanət qoyulmuşuq. Bəs niyə bu əmanətə xəyanət edilir??? Biz Sizlərə neyləmişik? Səsimizi Ekologiya Nazirliyində eşidirlər, amma mühasirədən xilas edə bilmirlər. Əmlak Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Nizami rayon İcra Hakimiyyəti bu halımıza susur, bizi girov saxlayan sahibkara bata bilmirlər. Deyirlər ki, qanunsuz Sərəncamı Bakı şəhər İH verib, meriyanı məhkəməyə vermək lazımdır.
Cənab Eldar Əzizov! Bilirsiniz ki, bizi bura Siz əkməmisiniz. Heç Sizin Nizami rayonuna başçı təyin etdiyiniz köməkçiniz Coşqun Cəbrayılov da əkməyib. Hətta Sizin Yevlaxa başçı təyin etdirdiyiniz kürəkəniniz Anar Tağıyev də əkməyib. Bəs Siz niyə bizim məhvimizə fərman verən o sahibkara “DUR!” deyə bilmirsiniz? Axı bu şəhərin, deməli, bu şəhərin bütün problemlərinə cavabdeh Sizsiniz. Tədbir görün, bizi biz əkiləndə anadan olmamış o sahibkarın əsirliyindən qurtarın! Ümidimiz Sizədir”.
Bəs Ulu Öndər Heydər Əliyevin əmanət qoyduğu yüzlərlə ağaca xəyanət edənlər kimlərdir?
Bu suala cavab tapmaq üçün aşağıdakı məktubu oxumaq yəqinki kifayət edəcək. Beləliklə:
“Bakı şəhəri, İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova!
Çox hörmətli Eldar müəllim!
Xatirinizdən çıxmayıbsa, mən 2020-ci ilin yay aylarında Sizə Nizami rayonu, Şərifli küçəsi-25-A ünvanında ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə salınmış, hazırda yaşı 50-60 ildən çox olan qiymətli sərv, küknar, Eldar şamı və digər növ həmişəyaşıl ağaclar olan böyük bir ərazinin dəmir materiallarla hasara alınması barədə müraciət etmişdim. Hansı ki, 1990-cı ildə ərazidə yaşayan vətəndaşdan aldığım mənim də bağ sahəm yerləşirdi.
Həmin bağ sahəmi 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin çağrışı ilə Vətənin müdafiəsinə gedərək ağır yaralanmış, 2-ci qrup əlil, məcburi köçkün, Nizami rayonu Qarabağ Veteranları Cəmiyyətinin üzvü olan qardaşım Rövşən Məmmədova mənzil şəraitinin yaxşılaşdırılması üçün hədiyyə etmək istəyirdim. 2005-ci ildə Milli Mətbuat günündə istifadəmdə olan həmin bağ sahəsinin taleyi barədə cənab Prezident İlham Əliyevə şəxsən məktub təqdim etdim. Minnətdaram ki, cənab Prezidentin göstərişi ilə 2005-ci ildə həmin bağ sahəsinin mənim adıma sənədləşdirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə tapşırıq verildi.
Bakı şəhər İH-nin rəsmləri dəfələrlər araşdırma apardı, lakin onlar əvvəlcə 2005-ci ildə, sonra 2007, ardınca isə 2012-ci, 2016-cı ildə cavab məktubları yazdılar ki, guya həmin ərazi xəstəxana tikintisi üçün ayrılıb və s. Nəhayət, 2020-ci ildə Sizə Bakı şəhər İH-nin müavini Rauf Pənahovun imzası ilə hələ 05 sentyabr 2005-ci il tarixli, №-7-319-1 saylı və sonrakı illərdə də eyni məzmunda rəsmi blankda yazılmış məktublarının surətini təqdim etdim. Qeyd etmişdim ki həmin ərazini ələ keçirmək üçün hələ 2002-ci ildə Nizami RİH-nin o vaxtkı icra başçısı Mehbalı Əliyevin göstərişi və Nizami rayon Polis İdarəsinin bölmə əməkdaşlarının iştirakı ilə mənə (qardaşıma) məxsus bir otaqlı ev içərisində olan əşyalarla birlikdə dağıdılmış və orada bağ sahəsi olan Milli Qəhrəman Namiq Həmzə oğlu Həmzəyevin anası Xətayə Həmzəyevaya, həmçinin digər vətəndaşlara külli miqdarda ziyan vurulmuşdur. Məmurların bu hərəkətinin məqsədi həmin ərazini imkanlı şəxslərə satmaq idi. Bununla bağlı 2002-ci ilin 7 iyulunda Nizami rayon Məhkəməsində mülki iddia da qaldırmışdım (sənədləri təqdim edirəm).
Bir müddət əvvəl isə Şərifli-25-A ünvanda bütün meşəlik ərazisi villalarla dolub-daşan, eləcə də mənə məxsus olan torpaq sahəsi də daxil, qorunub saxlanılmış 2 ha-dan çox meşəlik ərazinin imkanlı bir şəxs tərəfindən metal hasara alındığını gördüm (Təqdim etdiyim fotoşəkillər bunu təsdiqləyir).
Və rəsmi informasiya sorğum əsasında Nizami rayon İH başçısının 1-ci müavini Qərib Məmmədovun 1 may 2020-ci il tarixli, 11-13 327 saylı, həmçinin 07 may 2020-ci il tarixli cavab məktublarından həmin ərazini zəbt edən şəxslərin kimliyi aydınlaşdırıldı. Bu yaxınlarda isə Ekologiya Nazirliyindən və İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən oxşar məzmunlu cavab məktubları aldım (surətlərini təqdim edirəm).
Beləliklə, Nizami RİH-nin cavab məktubunda deyilir:
“Rəsmi İnformasiya sorğunuzla əlaqədar nəzərinizə çatdırırıq ki, sözügedən ərazi müxtəlif vətəndaşların şəxsi mülkiyyətində və istifadəsindədir. Bunlardan:
- Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26.10.2006-cı il tarixli, MH seriyalı 0025600 №-li Çıxarış, mülkiyyətçi - Abbasov Rəcəb Bağır oğlu,
-Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 18.09.2009-cu il tarixli, MH seriyalı 0210631 №-li Çıxarış, mülkiyyətçi - Hüseynov Namiq Nəcəf oğlu,
-Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 08.06.2010-cu il tarixli, MA seriyalı 0075720 №-li Çıxarış, istifadəçi - Bayramov Valeh Seyfəddin oğlu.
Sözügedən ərazinin bir hissəsində də ticarət, məişət və iaşə xidməti obyektinin tikintisi üçün “R və S” MMC tərəfindən tərtib olunmuş eskiz layihəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 26.11.2008-ci il tarixli 18/03-8/6510 №-li məktubu ilə razılaşdırılmışdır”.
(Həmin rəsmi cavab məktublarının surəti əlavə edilir).
Hörmətli Eldar müəllim!
Sual olunur: əgər bu şəxslər 2006-cı ildə bu ərazini özəlləşdiriblərsə, niyə ötən 15 il ərzində burada heç bir iş görməyiblər, istifadə etməyiblər??? Hansı ki, mən 2006-cı ildən ta 2019-cu ilədək həmin ərazidə saldığım əlavə yaşıllığa qulluq etmişəm, ətrafdakı qiymətli küknar, Sərv və Eldar şamı ağaclarını da sulamışam, qurumaqdan qorumuşam. Bu o deməkdir ki, həmin şəxslər ötən illərdə köhnə tarixə saxta Sərəncamlarla bu ərazini “özəlləşdiriblər”.
Təkrar sual edirəm: 50-60 illik, özü də Ulu Öndər Heydər Əliyevin Sizə əmanət etdiyi qiymətli ağacları necə özəlləşdirmək olar???
İndiyədək rəsmi qaydada görüşdüyüm bütün dövlət orqanlarının rəhbərləri və məsul şəxslər də bir daha təsdiqləyir ki, qeyd olunan ərazidəki bağ sahəsi 1990-cı ildən mənim istifadəmdə olub. Bakı şəhər İH başçısının mərhum sabiq müavini Rauf Pənahovun mənə yazdığı cavab məktubunda da bu fakt təsdiqini tapır (Surəti təqdim olunur). Eləcə də 1990-cı illərdən başlayaraq sonrakı dövrlərədək orada saldığım bağ sahəsinin, tikililərin, orada olmuş qonaqların və s. fotoşəkilləri bir daha bu faktı təsdiqləyir. Lakin nə dərəcədə ədalətlidir ki,
Bakı şəhər İH-nin müavini R.Pənahovun 05 sentyabr 2005-ci il tarixli, 7-319-1 saylı cavab məktubunda həmin sahədəki az bir sahənin mənə verilməsi, özü də cənab Prezident İlham Əliyevin göstərişindən sonra belə, mümkünsüz sayılır, burada xəstəxana tikiləcəyi bildirilir, amma bir neçə ay sonra- 26.10.2006-cı il tarixdə həmin ərazi Abbasov Rəcəb Bağır oğlunun, 18.09.2009-cu il tarixdə Hüseynov Namiq Nəcəf oğlunun və nəhayət, 08.06.2010-cu il tarixdə isə Bayramov Valeh Seyfəddin oğlunun adına özəlləşdirilir???
Hörmətli Eldar müəllim! Mənə o bağ sahəsi gərək deyil. Mən ədalətin bərpasını və Ulu Öndər Heydər Əliyevin əmanət qoyduğu yüzlərlə ağaclar burada əkilərkən belə hələ anadan olmamış kiminsə tərəfindən ağacların bu cür əsarətə alınmasını necə qəbul edim??? Qəbul edimmi? Bilirəm ki, ürəyinizdə “YOX!!!” deyəcəksiniz. Çünki mən Sizi yaxşı tanıyıram, Siz ədalətli insansınız. Amma belə bir ədalətsizliyə niyə birlikdə “YOX!” deməyək???
İnanıram ki, bu məsələdə ədalətin yanında olacaqsınız və iki ildir susuzluqdan qurumaqda olan həmin meşəlik ərazi məlum şəxslərin əsarətindən qurtulacaq, bu ağaclara aidiyyəti qurumlar qulluq edəcək, məhv olmağa qoymayacaqlar...”.
(Davamı var)
A.Məmmədli