O - İstanbulun fatehi II Mehmet Fateh Sultan 30 mart 1432- ci ildə Ədirnədə doğulub.
Cəmi 49 il ömür sürdü, lakin bu qısa ömründə neçə imperatorluq, dövlətlər, krallıqlar, knyazlıqlar üzərində qələbə çaldı.
12 yaşında 7-ci Osmanlı padşahı olan Mehmet Sultan 21 yaşında İstanbulu fəth edərək 1000 illik Bizans imperiyasına son verdi.
Tarixi faktlara görə, usta bir diplomat və dövlət adamı olan Çandarlı Xəlil Paşa hələ 15 sentyabr 1451 tarixində Venesiya ilə bağlı keçmiş əhdnaməni yeniləmiş, buğda ixracatı məsələsində mülayim siyasət yeritmişdi. Yenə sədrəzəmin təşəbbüsü ilə macarlarla 20 noyabr 1451-ci ildə böyük itkilərlə 3 illik bir atəşkəs bağlanır.
Osmanlı padşahı Sultan Mehmet İstanbulun hakimiyyətinin Bizans əlində olmasının Osmanlı dövlətinin təhlükəsizliyinə ciddi təhdid kimi görərək, Konstantinopolun fəthi ilə bağlı hazırlıqlarla məşğul olurdu. Bu yoldakı ən böyük mane isə Çandarlı Xəlil Paşa idi. Çandarlı Xəlil Paşa Konstantinopolun fəth ediləcəyi təqdirdə bütün siyasi gücünü itirəcəyini bilirdi. Bu səbəblə bütün gücüylə fəthin qarşısını almağa çalışırdı. Ancaq Zağanos Paşa və Səhabəddin Paşaların təsirində olan II Mehmet Konstantinopolun fəthi iqtidarın ilk şərti olaraq görürdü. Padşah Ədirnədə böyük bir məşvərət məclisi topladı və şəhərin fəthi məsələsini müzakirəyə qoydu. Bu məşvərətdə dövlət adamları iki qrupa ayrılsalar da, azlıq çoxluğa tabe oldu və şəhərin fəthi üçün rəsmi hazırlığa başlandı.
1453-cü il 6 aprel — 29 may tarixləri arasında 54 gün davam edən Konstantinopolun mühasirəsi əsnasında bu iki qrup yenidən qarşı-qarşıya gəldi. Mayın dördüncü həftəsində macarların və yeni bir səlib donanmasının Konstantinopola köməyə gəlməsi xəbəri ordugahda yayıldı. Padşahın şəhəri sülhlə almaq istəməsi də ordunu səbirsizləşdirirdi. Toplanan hərbi məclisdə Çandarlı Xəlil Paşa qərb dünyasını təşviq etmənin nələrlə nəticələnə biləcəyi haqqında çıxışı Zağanos Paşa tərəfindən cavablandırıldı. Ümumi hücumun nə vaxt olacağı isə Zağanos Paşaya tapşırıldı. Həm Osmanlı, həm də Bizans mənbələrində toplarla qala divarlarının dağıdılması, bizanslılarla katoliklər arasındakı razılığın pozulması və şəhərin mühafizəsi ilə vəzifələndirilən baş komandir Giovanni Giustiniani-Longonun yaralanaraq mühasirəni yarımçıq qoyması şəhərin ələ keçirilməsində önəmli rol oynayan amillər kimi qeyd olunur. Ümumi hücum Ədirnəqapı istiqamətinə 5–10 əsgərin qala divarlarına çıxaraq bayraq sancması ilə başladı. Ancaq əsas ordu Topqapı və Yalıqapı arasında açılan oyuqdan şəhərə girdi.
İstanbulun fəthində qeyd olunmalı olan əsas məsələ isə yunan əhalinin vəziyyətidir. Bir çox Bizans tarixçiləri müqavimətin şəhər əhalisi tərəfindən deyil, köməyə gələn katoliklər tərəfindən göstərildiyini qeyd edir. İmperator isə qərb dünyasını köməyə çağırmaq üçün 12 dekabr 1452-ci ildə Ayasofyada iki məzhəbin birləşdirilməsi üçün ayinlər keçirmiş, ancaq şəhərin katoliklərin əlinə keçməsinə qarşı çıxan əhali və bir çox keşiş Gennadiyin rəhbərliyi ilə ayaqlandılar.
Şəhərdə "Latınların başlığını görməkdənsə, türk sarığını görmək yaxşıdır" sözləri şüara çevrilmişdi.
İmperator şəhərdəki idarəni tamamilə itirmişdi. Mühasirə əsnasında yunanlardan bir çoxu pulu vaxtı-vaxtında almadığına görə işləməkdən imtina edirdilər. 8–9 minlik müqavimət dəstəsinin 3 minlik hissəsini latınlar təşkil edirdi. Padşah isə şəhəri dağıdılmadan ələ keçirmək istəyirdi. Bir çox mənbələrə görə, katolik latınlar yunanları müqavimətə məcbur edirdilər. Çünki yunanlar yalnız Konstantinopolu (İstanbulu), latınlar isə bütün müstəmləkə torpaqlarını itirməkdən qorxurdular. Fəthdən sonra padşah, latınlarla müttəfiq olan yerli əsilzadələrlə yaxşı davrandı. Şəhərin boş qalmaması üçün yunanları vergidən azad etdi və yaşamaları üçün icazə verdi. "Xüms-i sultani" olaraq öz payına düşən əsirləri isə azad edərək Haliç sahilində yerləşdirdi və onlara da evlər verdi.
Və İstanbul Osmanlıların paytaxtı oldu.
İstanbulun fəthi xəbəri bütün Avropada həyəcanla qarşılandı. Papa V Nikolay İtaliya dövlətləri arasında birlik istədi və bütün xristianları xaç altında birləşdirdi. Vyanada İmperator III Fredrix və Napoli kralı V Alfonso bu xaçlı ordusunun rəhbərliyinə keçmək istəyirdi. Reqensburqda toplanan məclisdə bütün xristian dünyasında 5 illik sülh bağlanması və Çanaqqala Boğazına bir donanma göndərilməsi irəli sürüldü (aprel 1454).
Qeyd edək ki, Sultan Mehmet Üsküdarla Qəbzə arasında Maltəpə yaxınlığındakı ordugahında 3 may 1481-ci ildə 49 yaşında vəfat edir. Ölüm səbəbi olaraq nikris xəstəliyi göstərilsə də, zəhərlənərək öldüyü də bəzi mənbələrdə göstərilir. Məzarı öz adına inşa etdirdiyi məsciddəki türbəsinə (Fateh Sultan Mehmed türbəsi) dəfn edilmişdir.
Sultanın beş övladı olub: Oğlanları II Bəyazid, Şahzadə Mustafa, Cem Sultan və qızları Gövhər Sultan, Ayşə Sultan.
Y.MƏMMƏDLİ