"İşçinin ölüm səbəbinin aydınlaşdırılmasına kim və niyə mane olur? İşçi nədən ölüb? Günah hansı qurumdadır? Prokurorluq orqanlarında, DƏMX-də, yoxsa Nərimanov adına NQÇİ-nin sahə üzrə məsul şəxslərdə?"

Belə bir etirazla haqqı tapdanan neftçi ailəsi suallara cavab almaq istəyir.

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı özünün feysbuk səhifəsində paylaşım edib.

Müraciətdə deyilir: "2021-ci il avqust ayının 16-da “Azneft” İB Nərimanov adına NQÇİ-də ölüm hadisəsi baş vermişdi. Və idarə rəhbərliyinin ailə üzvülərinə verdiyi məlumata görə, neftçıxarma operatoru Sultaliyev Ramazan Əlibəy oğlu iş yerində infarktan dünyasını dəyişib. Sultaliyev Ramazanın övladları isə buna şübhə ilə yanaşıb. Onlar öz şübhələrini atalarının bədənində olan qançırlara, kəsintiyə, bu faktları təsdiq edən şəkillərə, bir neçə gün əvvəl ataları ilə olan telefon bağlantısına, idarədən onlara verilən fərqli məlumatlara və s. istinad ediblər. Atalarının iş yerində hansı səbəbdən öldüyünü dəqiqləşdirmək üçün Sultaliyev Ramazanın övladları Respublika Prokurorluğuna, Bakı Şəhər Prokurorluğuna, Dövlət Əmək Müfəttişliyinə müraciət edib. Övladı bildirir k, müraciətlərimə diqqətli yanaşılmadığı üçün Bakı Şəhər Pprokurorluğuna yenidən müraciət etdikdən sonra 25.11.2021-ci ildə Bakı Şəhər Prokurorluğu işin araşdırılması üçün Qaradağ Rayon Prokurorluğuna göstəriş verdi . Prokurorluqdan cavab gəlmədiyi üçün bu ilin may ayında işin nəticəsini öyrənmək üçün Qaradağ Rayon Prokurorluğuna müraciət etdikdə  işə xitam verildiyini, ölüm səbəbini isə infarkt olduğu bildirildi.

2022-ci ilin mart ayında Dövlət Əmək Müfəttişliy Xidmətinin rəis müavini Ülvi Hüseynovun imzası ilə gələn məktubda qeyd olunurdu ki, baş verən bədbəxt hadisənin tədqiqatı aparılır və sizinlə əlaqə saxlayaraq nəticə barədə cavab veriləcək.

Sığorta şirkətinə edilən müraciətə cavab olaraq bildirdilər ki, idarə bizə işçinin ölümü barədə heç bir məlumat verməyib.

Ailəyə çörək gətirən atam olub. Mən (mən özüm xəstəyəm, ağır işdə işləyə bilmədiyim üçün) və anam ondan asılı idik. N.Nərimanov adına NQÇİ-yə müraciət etdim ki, məni işə qəbul edin. İdarə rəhbəri Qoçəli Mahmudov məni işə götürə bilməyəcəyini dedi.

İstəyirəm hamı görsün ki, işçini necə qiymətləndiriblər? 38 ilə yaxın vicdanla işləyən, işi vaxtında və mükəmməl yerinə yetirən işçinin qarşısında hansı məsuliyyət daşıyırlar?"

Məsələ ilə bağlı Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlının münasibəti belə oldu:

- Neftçilər və hərbi qulluqda xidmət edən əsgərlər həmişə bir-birinə qarşı etirbarlı olub. Amma bəzən belə olmur. Yaxşı yadımdadır, bir neçə il əvvəl  gözünü itirib əlil olmuş bir neftçi məhkəmə vasitəsilə hüquqi yardım üçün təşkilatımıza müraciət etdi. İzah etdi ki, gözü işdə aldığı xəsarət nəticəsində kor olub. Belə ki, işdə xəsarət alıb, təcili xəstəxanaya aparıblar. Xəstəxanada rəis ondan xahiş edib ki, desin xəsarəti evdə almışam. Və xatırladıblar ki, onun qardaşı da həmin idarədə işləyir. Yəqin ki, əlavə imtiyazlar da vəd ediblər. Sonda işçi şikəst oldu, yüngül işə də keçirmədilər. Xahiş etdi ki, məhkəmədə onun hüquqlarını müdafiə edək. Soruşduq ki, xəsarət aldığı zaman orda olan iş yoldaşlarınız məhkəmədə şahid qismində ifadə verərlərmi? Dedi, elə şey olar, çörək kəsmişik axı. İki gündən sonra olduqca peşman gəldi ki, iş yoldaşlarım dedi, onların da balası var, işdən çıxarsalar, ailə ac qalar axı.

İndi də ötən il Nərimanov adına NQÇİ- nin işçisi olmuş Sultaliyev Ramazanın əslində nədən öldüyünü  çörək kəsdiyi iş yoldaşları bilmir ki? Soyutma sistemi olmayan özüldə işləyən neftçinin halı pisləşib yıxılıb xəsarət aldı, yoxsa başqa bir səbəb olub? Bəs bədəndəki yanıq izləri nədir? Prokurorluq araşdırma aparmadı, işi bağladı. Bu onun vəzifə məsuliyyətidir. Bəs həqiqəti görən, çörək kəsdiyi iş yoldaşları? Yəqin ki, siz də balamız var axı, deyərsiniz. Susun, ancaq həyat bumeranqdır. Özünüzə də qayıda bilər!

E.ŞİRİNOV

P.S. Bəzi səbəblərdən Ramazan Sultaliyevin fotolarını təqdim etmirik. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN