Məlum olduğu kimi, artıq bir neçə ildir əvvəlcə “Baku Bus”un müasir avtobuslarında, daha sonra isə bəzi köhnə olmayan ortatutumlu avtobuslarda "Bakı Kart"ın təqdim etdiyi vahid kartdan istifadə olunmağa başlanılıb.
Bakı Nəqliyyat Agentliyinin (BNA) həyata keçirdiyi tədbirlər nəticəsində mövcud avtobus parkının çoxu “BakıKart” sisteminə inteqrasiya edilib. Lakin hələ ki, bu iş tamamlanmayıb və bəzi avtobuslar, hələ də nağdsız ödənişə keçə bilməyib. Yaxud, keçənlərin bəziləri yenidən köhnə qaydada işləyir…
***
BNA-dan isə əmin edilirdi ki, “BakıKart”a inteqrasiya əmək münasibətlərinin rəsmiləşdirilməsi, şəffaflığın artırılması baxımından vacibdir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin nəqliyyat axının intellektual idarə olunması və sərnişin axınının öyərnilməsi üçün də önəmlidir.
Bəli, kart sisteminə keçmək, nağdsız ödənişlər işlərimizi asanlaşdırdı. Lakin kart ödəniş terminallarının hər dayanacaqda olmaması (əlbəttə, bu mümkün deyil – maliyyə baxımından), balansın artırılmasına əngəl törədir və sərnişinlərin işini çətinləşdirir, narazılıq yaranır. Əlindəki kartın balansı bitən şəxs başqalarına yalvar-yaxar edib, əvəzinə kartla ödəmə etməsini xahiş etməli olur.
***
…Düzdür, son vaxtlar bir çox mağazalarda da belə ödəmə terminalları yerləşdirilib, həmçinin kartın balansını onlayn yolla da artırmaq mümkündür. Lakin bu da problem həll edə bilməyib. Birincisi, hər adam onlayn xidmətdən istifadə edə bilmir (əsasən orta yaşdan yuxarı şəxslər), ikincisi, vətəndaş hər nə qədər kartın balansına pul yükləsə də, bəzən olur ki, əlavə kimlərinsə əvəzinə gediş haqqı ödəməli olduğu üçün kartın balansında pul olmur və ya yolunun üstündə ödəmə terminalı tapa bilmir. Və bu zaman o da kimlərəsə müraciət etməli olur. Bu dəfə isə sürücü-sərnişin arasında ləğv edilmiş pul münasibəti sərnişinlər arası müstəviyə keçir - balansı bitən sərnişin, digər sərnişinə pul ödəməli olur.
Və bu zaman ya kartla pul ödəyən sərnişin pul götürmək istəmir (əlbəttə, xalq olaraq yaxşılıq edib, əvəz almamaq qanımızdadır) və yaxud da bəzən belə hallardan istifadə edənlər olur ki, bilərəkdən kartına pul qoymadığı üçün bu cür hallardan istifadə edir.
Bəzi çox da böyük tutumlu olmayan avtobuslarda isə kartında pul olmayan sərnişin birbaşa sürücüyə ödəniş edir (belə hallar da var) və bu pul şəxsi cibə yönəlmiş olur.
Nəzərə alsaq ki, hər gün paytaxta müxtəlif məqsədlər üçün üz tutanlar arasında bölgələrdən gələn vətəndaşlar da az deyil və onların bir çoxunda da, ümumiyyətlə, “Baku Bus” kartı olmur.
Bütün bunları nəzərə alaraq sərnişinlərin narahatlığına son vermək olar. Təklifimiz: məsələn, sahibkarlar, “Baku Bus” şirkəti hər sürücüyə balansında çox az məbləğdə pul olan “Bakı Kart” verir. Kartında pul olmadığı üçün onun əvəzinə ödəmə etməsi üçün başqa sərnişin axtaran şəxs, elə sürücüdəki kartdan istifadə edər və yerindəcə ödəniş olunar. Günün sonunda isə sürücü sahibkara ödəniş edir. Bu zaman nə vergidən yayınma olur, nə də pul şəxsi cibə axar.
Əlbəttə, deyilə bilər ki, bu yenə də sürücü – sərnişin arasında nəğd ödənişə gətirib çıxaracaq, yaxud bir çox sərnişinlər sürücüdəki karta arxayın olacaq. Lakin yuxarıda qeyd edildiyi kimi, sürücüyə balansında çox az miqdarda pul olan ehtiyat kartı verilərsə bu, istisna hallar üçün istifadə olunar və vətəndaş da arxayın davranmaz.
İndiki halda, bunun başqa çıxış yolu yoxdur. Ya hər dayanacağın sayı qədər ödəmə terminalı olmalıdır, hansı ki, bu hələlik mümükünsüz görünür… Ya da sərnişinlərin hər gün əsəblərinin tarıma çəkilməsinin qarşısı alınmalıdır ki, narazılıq da yaranmasın.
JASMİN