Baş Prokurorluq yay fəsli ilə əlaqədar olaraq asudə vaxtlarını çimərlik və su hövzələrinin kənarında keçirən insanlar üçün maarifləndirici məlumat hazırlayıb.
Prokurorluğun mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumatda qeyd olunur ki, çimərlik və su hövzələrində bəzən suda boğulma hallarına rast gəlinir. Baş Prokurorluq tərəfindən təsadüfi ölüm hallarının əsas səbəblərindən birinə çevrilmiş bu faciənin qarşısının alınması məqsədilə #maarifləndirici məlumat hazırlanıb:
Çimərliklərdən istifadə zamanı tövsiyə edilir:
- Suya girməzdən əvvəl şərtləri yoxlayın: hər hansı xəbərdarlıq bayraqları varmı? Su şəraiti, çimərlik şəraiti və potensial təhlükələr haqqında xilasedicidən soruşun.
- Yalnız üzmə bacarığınızdan əmin olduğunuz halda öz hündürlüyünüzdən dərin suya daxil olun.
- Öz hündürlüyünüzdən dərin suda tək üzməməyə çalışın.
- Başqa bir şəxsin suda boğulma təhlükəsində olduğunu gördükdə özünüz müdaxilə etməzdən əvvəl yaxınlıqdakı xilasedicilərə müraciət edin.
Çimərliklərdə diqqət edilməlidir:
- Uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir.
- Uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır.
- Uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir.
- Xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir.
- Xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır.
- Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq səhhət üçün təhlükəlidir.
- Hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.
- Çimərliklərdə istirahət saat 09:00-dan 20:00-dək daha təhlükəsizdir.