İyulun 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Tezadlar.az xəbər verir ki, əvvəlcə Komissiyanın iyulun 24-də keçirilən iclasının protokolu təsdiq edilib.
Sonra sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası Komissiya üzvləri tərəfindən müzakirə edilərək təsdiqlənib.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 6 milyon 516 min 567 seçki bülleteninin Komissiyanın təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında hazırlanmasına qərar verib.
İclasda, həmçinin qarşıdan gələn seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş vəzifə və səlahiyyətlərə malik qurumlarla sıx əməkdaşlıq çərçivəsində intensiv şəkildə davam etdirilən ümumrespublika miqyaslı maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib, deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması, o cümlədən müşahidəçilərin akkreditasiyası ilə bağlı statistik göstəricilər diqqətə çatdırılıb.
İclasın sonunda cari məsələlərə də baxılıb.