Kalininqrad vilayətində saxlanılan Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları uşaq oğurlamaq üçün Rusiya ərazisinə soxulmaq istədiklərini etiraf ediblər.
Tezadlar.az xəbər verir ki, onlar bunu həbsdən dərhal sonra FTX tərəfindən yayılan videoda dindirilmə zamanı bildiriblər.
Belə ki, saxlanılanlardan biri etiraf edib ki, onlar əvvəlcə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı Yuriyin göstərişi ilə dövlət sərhədinin mühafizə avadanlığının videoçəkilişini aparıblar. “Mən Litva tərəfdən fotoşəkillər və videolar çəkmişəm”, - deyə məhbus bildirib. Daha sonra, onun sözlərinə görə, onlar “Rusiya Federasiyasının ərazisinə girib oradan uşaq oğurlamağa” cəhd ediblər.
FTX-nin Mərkəzi Əməliyyat Mərkəzi daha əvvəl məlumat vermişdi ki, söhbət Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşının oğlu, Rusiya vətəndaşı olan azyaşlı uşaqdan gedir. FTX-nin Kalininqrad vilayəti üzrə idarəsinin istintaq şöbəsi tərəfindən saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 276-cı F (casusluq) maddəsi ilə cinayət işi açılıb və onlar həbs ediliblər.
E.ŞİRİNOV