Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən mobil telefonlar və onların aksesuarları aşkar edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, əməliyyat tədbirləri zamanı Ciddə-Bakı aviareysi ilə sərnişin qismində gələn şəxslər tərəfindən ölkəyə gətirilən mobil telefonların gömrük nəzarətindən keçirildikdən və gömrük zonasını tərk etdikdən sonra hava limanı ərazisindəki avtomobil dayanacağında Azərbaycan Respublikası vətəndaşına təhvil verildiyi müəyyən edilib.
Əməliyyat qrupunun üzvləri tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət olunan Azərbaycan Respublikası vətəndaşına məxsus avtomobilə gömrük baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsindən 18 ədəd “İphone” və “Samsung” markalı mobil telefon və 12 ədəd mobil telefon aksesuarı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
R.XUDATQIZI