Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti qurumlarla birlikdə 3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü ilə əlaqədar silsilə tədbirlər, o cümlədən maarifləndirici görüşlər, dəyirmi masalar, stolüstü idman yarışları keçirilib, əlilliyi olan şəxslərin evlərinə ailə səfərləri təşkil edilib, ehtiyacı olan şəxslərə mərkəzlər tərəfindən zəruri avadanlıqlar təqdim edilib.
Tezadlar.az xəbər verir ki, tədbirlərdə mərkəzlərin, rayon icra hakimiyyətləri, kənd və qəsəbə icra nümayəndəlikləri, idarə və müəssisələrin əməkdaşları, müharibə iştirakçıları, mərkəzin ekspert qrupunun üzvləri, əlilliyi olan şəxslər, mərkəzlərin benefisiarları, icma sakinləri iştirak ediblər.
Tədbirlərdə bildirilib ki, bu günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına, onların problemlərinin həllinə yönəltməkdir. Çıxış edən natiqlər ölkəmizdə əlilliyi olan şəxslərə yönəlmiş sosial müdafiə və reabilitasiya tədbirləri barədə məlumat verib, bölgələrdə əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkara çıxarılması, onlar üçün məşğulluq imkanlarının artırılması, cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Bu istiqamətdə görülən işlərdə effektivliyin artırılması ilə bağlı təkliflər səsləndirilib.
Qeyd edək ki, əlilliyi olan şəxslərin, o cümlədən qadınların və uşaqların problemlərinin öyrənilməsi və həlli istiqamətində fəal və məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir, həssas təbəqədən olan əhali qrupları, xüsusilə də əlilliyi olan şəxslər və onların ailə üzvləri hər zaman diqqət mərkəzində saxlanılır.
R.XUDATQIZI