Braziliya prezidenti Luiz İnasio Lula da Silva oktyabrda yıxıldıqdan sonra yaranan hematomanı (qan kütləsi) çıxarmaq üçün kraniotomiya əməliyyatı (Beyin əməliyyatı) keçirib.
Tezadlar.az xəbər verir ki, bu barədə Braziliya prezidentinin İnstaqram səhifəsində dərc edilmiş Sirio Libanes Xəstəxanasının press-relizində deyilir.
“Əməliyyat fəsadsız keçdi”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Braziliya prezidenti əməliyyatdan sonra özünü yaxşı hiss edir. O, reanimasiya şöbəsində həkimlərin nəzarəti altındadır.
Qeyd edək ki, Lula da Silva bazar ertəsi axşam xəstəxanaya yerləşdirilib. Braziliya lideri baş ağrısından şikayətlənib. MRT-də oktyabr ayında Braziliya prezidentinin evində baş vermiş qəza nəticəsində kəllədaxili qanaxma aşkar edilib.
Həkimlər Lula da Silvanı paytaxtın xəstəxana şöbəsindən San-Pauluya köçürüblər və orada "hematomanı boşaltmaq üçün" kraniotomiya əməliyyatı keçiriblər.
Xatırladaq ki, mətbuatda oktyabrın 19-da Braziliya liderinin iqamətgahında başından xəsarət alması barədə məlumat yayılmışdı. Sonra dövlət başçısı həkimlərin müayinəsindən keçib və ona müvəqqəti olaraq uzun səfərlərdən çəkinməyi tövsiyə edib. Bu səbəbdən “Bloomberg”-in yazdığı kimi, Lula da Silva illik BRICS sammitinə səfərini ləğv edib.
E.ŞİRİNOV