İsmayıllı sakini, 67 yaşlı Əmrullah Orucəliyevin II qrup əlilliyi ləğv edilib, sosial təqaüd, əmək pensiyası üçün etdiyi müraciətlərə isə imtina cavabı alıb.

II qrup əlil deyir ki: “Nə xəbərdarlıq edirlər, nə bir şey… Kartı salırsan bankomata, bir gün, iki gün, üç gün… Əsəblərin tarıma çəkilir, gərginlik… Biri 1 ay əvvəl bir məktub yazmır ki, ay əlil, 1 aydan sonra sənin təqaüdün kəsiləcək. Get, gələn ayın dərmanının pulunu tap, qoy yastığının altına, hökumətin təqaüdünə arxayın olma. Mənim də təqaüdümü belə kəsdilər, xəbərdarlıqsız, izahatsız…”.

Ə.Orucəliyevin bir böyrəyi 46 il əvvəl cərrahiyyə əməliyyatı ilə götürülüb. Buna görə ona II qrup əlillik təyin olunub. O, uzun illər əlillik təqaüdü alıb. Ancaq ötən ilin mayında əlilliyi xəbərdarlıqsız ləğv olunub. Ə.Orucəliyev təqaüdün karta köçürülmədiyini görüb və rayondakı Sosial Müdafiə Fonduna müraciət edib.

Səbəbini öyrənəndə çox təəccüblənib: “2016-cı ildə mənim müddətli təqaüdüm ləğv edilməli, əvəzinə ömürlük təqaüd təyin olunmalı idi, ancaq etmədilər və təqaüd müddətini 5 illik uzatdılar. Ötən il isə təqaüdümü yerli-dibli kəsdilər. Dedilər ki, sənə təqaüd düşmür, böyrəkdir də, sabah təzəsini qoydurarsan, sağlamlığın bərpa olunar. Bu, onların mənə ciddi cavabı idi. Bu cavabdan sonra onlara hər hansı söz deməyin yeri yox idi”.

Məsələ orasındadır ki, Əmrullah Orucəliyevin digər böyrəyi də funksiyasını yerinə yetirə bilmir. Deyir ki, böyrək 50 faizdən də az fəaliyyət göstərir. İllərdir ki, xaricdən dərmanlar gətizdirir: “Azərbaycanda o dərmanlar yoxdur. İldə dörd dəfə Rusiyadan, başqa ölkələrdən gətizdirirəm. Təqaüdümü yığırdım, həyətdəki meyvələrdən də satıb ildə dörd dəfə dərmanpulu düzəldirdim. Təqaüdüm 259 manat idi. O pul heç olmasa dərmanlarımın bir qismini ödəyirdi”.

Ə.Orucəliyev əmək pensiyasına görə də müraciət edib. Aidiyyəti qurum iş stajının yetərli olmadığını səbəb gətirərək ona imtina cavabı verib.

Sonra o, sosial təqaüd üçün müraciət edib, ancaq bu dəfə də adında olan 25 sot torpaq sahəsini və aktiv olan VÖEN-i səbəb gətiriblər: “Yaşlı insanların yolu hərtərəfli bağlıdır. 67 yaşım var, dərdim təkcə böyrək deyil, həm də ağır dərəcəli diabetəm. Bir ildən çoxdur ki, təqaüdün kəsilməsə üzündən əziyyət çəkirəm. Sanki 67 yaşına çatan vətəndaş əl-ayağını uzadıb ölməlidir. Mənim indi təqaüd fikirləşib ürəkağrısına düşən yaşım deyil, mənim indi istirahət edən dövrümdür. Ancaq mən təqaüd dərdi çəkirəm, sabah nə yeyəcəyəm, onu düşünürəm, dərmanlarımı gətizdirmək üçün pul dərdi çəkirəm”.

Ə.Orucəliyev əmək pensiyasına görə də müraciət edib. İş stajının az olmasını səbəb gətirərək yenə imtina cavabı veriblər.

Qeyd edəkki, Əmrullah Orucəliyev 1975-ci ildən 1994-cü ilədək İsmayıllı Şəhər Sovetində (sonradan adı dəyişdirilərək İsmayıllı Şəhər İcra Nümayəndəliyi adlanır) işləyib.

20 il 10 ay iş stajı var. O, 2006-cı ildən məcburi sosial sığorta ödənişləri edib. Əmək pensiyası hüquqlarını bərpa etmək üçün Dövlət Sosial Müdafiə Fonduna qarşı Şəki İnzibati Məhkəməsində iddia qaldırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN