İyun ayında dünyanın bir çox ölkələrində - bizdən daha şimal enliklərdə yerləşən ölkələrdə temperatur 43 dərəcəyədək yüksəldi, lakin xoşbəxtlikdən bizim ölkəmizdə bu baş vermədi.

Bu fikirləri iyunun 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə jurnalistlərin “Hirkan Milli Park”ına mediaturu zamanı ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru  Umayra Tağıyeva bildirdi.

Departament rəhbəri əslində bunun anomaliya olduğunu dedi .

“Bu, düzgün deyil, anomaliyadı. Əslində daha cənub ölkələrdə yüksək temperaturlar olmalıdır. Lakin əks proseslər baş verdi. Azərbaycanda  bu ay 28 - 29 dərəcə arası temperatur olub. Tez-tez Aralıq dənizi siklonları gəlib … İqlim dəyişikliklərindən danışanda biz artıq bunu öz həyatımızda hiss edirik”, - deyə qeyd etdi.

O, xüsusilə son 10 ildə Azərbaycanda da iqlim dəyişikliklərinin baş verdiyini bildirdi.

“…Məsələn, sel-daşqın hadisələrindən bəhs edərkən, qeyd edim ki, bu, daha çox may aylarında baş verirdi. Lakin Azərbaycanda  iyun ayında 10 sel-daşqın hadisəsi baş verdi.

Müqayisə üçün bildirim ki, Ümumdünya Meteorologiya Təşkilatı çərçivəsində 1960-90-cı illər iqlimin sabit dövrü kimi səciyyələndirilir və qəbul olunur.   

Həmin illərdə ilboyu Azərbaycanda 3-5 daşqın hadisəsi baş verdiyi halda,  təkcə bu ilin iyununda10 belə hadisə baş verib.

Ən böyük problem ondan ibarətdir ki, biz Ümumdünya Meteorologiya Təşkilatının dərc etdiyi bülletenlərdən də, iştirak etdiyimiz konfrans və seminarlardan da bunu eşidirik, bilirik. Baxmayaraq ki, yeni texnologiyalar tətbiq olunur, iqlim dəyişiklikləri atmosfer sirkulyasiyasına çox ciddi təsir göstərir. Həqiqətən də 30 il kifayət qədər uzun dövrdür  - gündəlik xəritələri təhlil edirsən, materiala baxırsan və görürsən ki, eyni sinoptik şərait fərqli fəsadlarla nəticələnir və daha çox gözlənilməz proseslər baş verir”.

Umayra Tağıyeva  əvvəllər sinoptika və meteorologiyada əsasən ənənəvi müşahidələrlə, sinoptik şəraiti öyrənmək üçün isə stansiyalarda quraşdırılan ölçü cihazları ilə kifayətlənildiyini, lakin iqlim dəyişikliyini nəzərə alaraq hal-hazırda yeni texnologiyalara, müasir ölçü cihazlarının tətbiqinə ehtiyac olduğunu bildirdi.

“…Onsuz mümkün deyil. Biz 2020-ci ildə dövlət investisiyaları çərçivəsində Amerikadan  müasir dopler radar sistemləri  aldıq. Biri Şamaxıda, digəri Göygöldə yerləşir.

Yalnız bu dopler radar sistemləri vasitəsilə gözlənilməz hadisələri izləmək olur.

Bu nə deməkdir? Sinoptik ənənəvi xəritələrdə biz görürük ki, atmosfer cəbhəsi ölkə ərazisinə yaxınlaşır. Bizim şimalda, qərbdə - Kiçik Qafqaz, Böyük Qafqaz sıra dağlarımız var. Bu bulud sistemlər yaxınlaşanda müxtəlif transfarmasiyalara məruz qalır və s.  Öncədən bu sinoptik şərait harda və nə qədər yağıntının olacağını müəyyən etməyə imkan vermirdi. Bu dopler radarı isə bizə 2-3 saat öncədən respublikanın hansı rayonuna, hansı intensivliklə yağıntı düşəcəyi barədə öyrənməyə və məlumat verməyə imkan yaradır. Və biz artıq yerli icra hakimiyyətləri ilə sıx təmasda olmaq üçün whtsap qrup yaratmışıq və qrupa yerli icra orqanları nümayəndələri daxil olunub. Əldə etdiyimiz məlumatlar həmin whtsap qrupuna yerləşdirilir və operativ olaraq rayonlara ötürülür. Bu müddət ərzində baş vermiş sel-daşqın hadisələri barədə 2-3 saat öncədən yerli icra hakimiyyəti orqanlarına məlumatlar ötürmüşük.  Yəni onlara bildirilib ki, yaxın zamanda çaylarda  daşqın – sel hadisəsi baş verəcək”, - deyə vurğuladı.

 

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN