Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunu təsdiq edib.

Prezidentin rəsmi internet səhifəsinə istinadən bildiririk ki, qanun enerjinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, satışı və istehlakı sahəsində yaranan münasibətləri tənzimləyir və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarına (qurumlarına), fiziki və hüquqi şəxslərə, o cümlədən son istehlakçılara şamil olunur.

Qanuna əsasən, enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyunun istehlakçılarını ağıllı sayğaclarla təchiz edəcək.

Qanunla enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlətin vəzifələri müəyyənləşib.

Qanuna əsasən, enerji auditi, enerji menecment sistemləri və enerji idarəçisi (meneceri) sistemi tətbiq ediləcək. Enerji auditi enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarını və həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərini müəyyənləşdirmək məqsədilə aparılacaq. Enerji auditinin nəticəsinə dair hesabat enerji auditinin sifarişçisinə təqdim olunur. Məcburi enerji auditi 3 ildən bir keçiriləcək. Məcburi enerji auditinin aparılması ilə bağlı tələblər Azərbaycan Respublikası rezidentlərinin Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filial və nümayəndəliklərinə şamil edilməyəcək.

Qanuna əsasən, aşağıda qeyd edilən təsərrüfat subyektlərinin rəhbərləri və qeyri-yaşayış binalarının mülkiyyətçiləri (idarəçiləri) tərəfindən enerjinin səmərəli istifadəsinə cavabdeh şəxs olan enerji idarəçisi (meneceri) təyin edilir:

- illik enerji istehlakı 1 000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektlərində;

- tikinti ərazisi ən azı 10 000 kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında.

Enerji idarəçisinə (menecerinə) dair tələbləri, habelə onların attestasiyadan keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN