Azərbaycanın zəfəran məhsulları Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər bazarına daxil olub.
TEZADLAR. AZ xəbər verir ki, bunu “Absheron Saffron Ltd”nin təsisçisi Xəlil Cəfərov deyib.
Onun sözlərinə görə, zəfəran məhsulları istehlakçılara həmin ölkələrdəki ticarət evlərində təqdim edilir. Orada, əsasən, Azərbaycanın zəfərandan hazırlanmış mürəbbələri satılır: “Dünyada ilk dəfə zəfəran mürəbbəsini biz hazırlamışıq. Ona görə də bu mürəbbə hələ dünyada tanınmır. Qətər və BƏƏ-də 40 adda zəfəran məhsulu təqdim edilir”.
X.Cəfərov qeyd edib ki, ABŞ-dan da Azərbaycanın istehsal etdiyi zəfəran məhsulları ilə maraqlanırlar.
“Absheron Saffron Ltd”nin bu mövsümdə istehsal etdiyi zəfəranın çəkisinin azaldığını deyən X.Cəfərov buna sentyabr-oktyabr aylarında havanın isti keçməsinin səbəb olduğunu bildirib. Nəticədə istehsalçı müəssisə bu il əkin sahələrindən cəmi 12 kq zəfəran toplaya bilib. Halbuki ötən mövsümlərdə göstərici 60 kq-a yaxın olub.
X.Cəfərov bildirib ki, 3 hektar ərazidən toplanılmış 9 ton zəfəran soğanını satıblar: “Alıcılıq qabiliyyəti yüksək olarsa, zəfəran əkini sahələrini genişləndirəcəyik. Hazırda Zirədə 20 hektar ərazidə zəfəran əkilir”.
“Azərbaycan iqtisadiyyatı”