Əziz dostlar, uzun illər Yardımlının sosial-ictimai həyatında xidmətləri olan bir ictimai təşkilatın rəhbəri kimi, sizə məlumat verirəm ki, dünənədək “Yardımlı Xeyriyyə Cəmiyyətin”nin yanında olduğunu nümayiş etdirməyə çalışan bir neçə həmyerlimiz birləşərək, bizim təşkilata alternativ yeni bir Cəmiyyət yaradıblar. Və bizim təşkilatda olan bəzi insanları öz ətraflarına cəlb etməklə guya təşkilatımıza ağır zərbə vurduqlarını düşünürlər. Əslində onlar Yardımlı ictimaiyyətinin iki yerə parçaldıqlarına səbəb olacaqlarının fərqinə varmırlar…
Mən dörd il ABŞ-da yaşadığım müddətdə demək olar ki, “Yardımlı Xeyriyyə Cəmiyyəti” öz fəaliyyətini dayandırmışdı. Maraqlıdır, həmin vaxtlarda ehtiyac olduğu halda yeni bir təşkilatın yaranmasını ağılından belə keçirməyən bu adamlar, indi bunun baş tutması üçün dəridən-qabıqdan niyə çıxırlar?
Yatıb-yatıb indi ayılıblar ki, sən demə Yardımlıya bir xeyriyyə cəmiyyəti yox, ikisi lazım imiş.
Və bütün bu hadisələr “Yardımlı Xeyriyyə Cəmiyyəti”ndə axtardıqları xoşbəxtliyi tapmadıqlarından baş verir. Pul gölündə üzən bu adamlar çox çalışdılar ki, məni öz iradələrinə təslim etsinlər və məni necə deyərlər,- “Fatı qalx, Fatı otur”a çevirsinlər. İstəkləri baş tutmayandan sonra acıq edib, kənərda birləşməyə nail oldular. Acıqla görülən iş, Allahın rəhmətindən uzaq olar, deyiblər. Onların arzularının boşa çıxacağını indidən görən bir adam kimi məni heyfsiləndirən başqa məsələdir:- bunlar Yardımlı cəmiyyətinə iki tirəlik gətirəcəklər.
Bunu gənclər etsəydi yenə də razılaşmaq olardı. Deyərdim ki, düşüncələri müasirdir, bizimlə barışmırlar. Amma yekə-yekə kişilər bu işlə məşğul olanda adama gülmək gəlir…
Bəziləri indi də mənimlə əlaqə saxlayır: Kimisi üzə düşüb, onlara qoşulduğunu, kimisi bu işə başçılıq edən nüfuzlu iş adamından keçə bilmədiyini, söyləyib məsum olduğunu sərgiləmək istəyir. Aralarında siyasi partiya lideri, iş adamları ilə yanaşı, iki professor da var. Maraqlıdır, akademik səviyyədə düşündüklərinə ümid etdiyimiz bu professorlar həmin iş adamlarını niyə loru dildə başa salmağa cəhd etmirlər ki:- Ayə, ay həzarat, bir ovuc yardımlıları nə üçün iki cəbhəyə bölürsünüz? Beş nəfər bizim tərəfdə, beş nəfər də o tərəfdə və ya hər iki tərəfdə olanda nə udacağıq ki? Leopoldun sözü olmasın: "Ребята, давайте жить дружно"…
Nə isə, qoy yaratmaqlarında olsunlar, elə bilirlər ki, təzə yaratdıqları cəmiyyətdə yel əsib, qoz töküləcək…
P.S. Amerikada bəzi varlı adamlar həyatın bütün həzlərindən yorulandan sonra, bir də görürsən ki, itlərinə toy edirlər. İndi bizim də bəzi pulu çox həmyerlilərimiz hər şeydən doyub “Bənəvşə” oyunu oynayırlar:
-Bənövşə, bəndə düşə,
Bizdən sizə kim düşə?..
-Adı gözəl, özü gözəl…
Elman Eldaroğlu
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN