İlon Mask və investorlar konsorsiumu, süni intellekt şirkətini bəşəriyyətin rifahı üçün texnologiya inkişaf etdirmə missiyasına qaytarmaq istədiklərini bildirərək, OpenAI şirkəti üçün 97,4 milyard dollarlıq təklif irəli sürüblər.
TEZADLAR.AZ xəbər verir ki, Wall Street Journal-nın məlumatına görə, təklif bazar ertəsi OpenAI-nin direktorlar şurasına təqdim edilib. Maskın təklifi OpenAI-nin kommersiya modelinə keçməsinə qarşı yönəlib.
"OpenAI-nin əvvəllər olduğu vəziyyətə qayıtmasının vaxtıdır: açıq mənbəli, təhlükəsizlik yönümlü qüvvə".
Bu barədə Maskın vəkili Mark Toberoff bildirib.
OpenAI-nin baş direktoru Sem Altman isə bu təklifi rədd etdi və istehza ilə əvəzində Maskın sosial media platforması X-i 9,74 milyard dollara almağı təklif etdi: “Xeyr, sağ olun, amma istəsəniz Twitter-i (hazırda X-red ) 9,74 milyard dollara alacağıq". Mask buna cavab olaraq Altmanı “Fırıldaqçı Altman” adlandırıb.
Qeyd edək ki, Mask 2015-ci ildə təxminən 45 milyon dollar sərmayə ilə OpenAI-nin yaradılmasına kömək etdi, lakin Altman ilə strateji fikir ayrılıqlarına görə 2018-ci ildə idarə heyətini tərk etdi. O vaxtdan bəri o, OpenAI-nin istiqamətini, xüsusən də onun kommersiyalaşdırılması səylərini və Microsoft ilə sıx əməkdaşlığını açıq şəkildə tənqid edir.
2024-cü ilin mart ayında Mask, şirkətin mənfəəti bəşəriyyətə xidmət etmək missiyasından üstün tutaraq təsis prinsiplərindən uzaqlaşdığını bəyan edərək OpenAI-a qarşı iddia qaldırıb.
JASMİN