Maliyyə nazirinin müavini: "Bütövlükdə büdcənin balanslaşdırılması üçün tələb olunan rəqəmə artıq çatmışıq"...

Gün heç də ürəkaçan xəbərlərlə başlamadı.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu günkü iclasında bir çox sahələr üzrə rüsumların artırılmasına dair qərar verildi: tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərə görə, zərgərlik məmulatlarına, dərman vasitələrinin dövlət qeydiyyatına görə, mədəni sərvətlərin ixracına şəhadətnamə verilməsinə görə, xarici pasportların alınmasına və itirilməsinə görə, ovçuluq və balıqovlama biletinin verilməsinə görə, mal və quş əti, balıq, yumurta, süd və bal üçün, səyyar ticarət yerlərinin müəyyən edilməsinə görə, bank, birja və xarici hüquqi şəxslərin filialının qeydiyyatı üçün, tikinti obyektinin istismarına icazənin verilməsi üçün, alkoqollu içkilərə və tütün məmulatlarına aksiz markasının verilməsinə görə, ipoteka müqaviləsinin təsdiqi üçün və ilaxır...

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılır.

Eyni zamanda nikahın pozulmasının qeydə alınması üçün rüsumlar da artırılır. Belə ki, yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında nikahın pozulmasının qeydə alınmasına görə olan dövlət rüsumu 15 manatdan 20 manata, məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün olan rüsum 15 manatdan 20 manata qaldırılır.

 Bu günkü iclasda rüsumların qaldırılması məsələsini isə maliyyə nazirinin müavini Azər Bayramov bu cür əsaslandırıb:

 “Hər bir istiqamət üzrə baxanda dövlət rüsumlarının artırılması zaman müddəti ilə bağlıdır. Gedən prosesləri, həmin dövrdə olan inflyasiyanı, mal və məhsulların bahalaşmasını və digər amilləri nəzərdə alanda bu, texnoloji proseslərə olan dəyişikliklərdir”.

Həmçinin Bayramov qeyd edib ki, bütövlükdə büdcənin balanslaşdırılması üçün tələb olunan rəqəmə artıq çatmışıq:

"Bunun daxilində hansısa struktura yenidən baxmaq lazımdırsa, bunu etməyə hazırıq”.

 Nazir müavininin sözlərinə görə, rüsumlarda əməliyyatlar üçün həyata keçirilən dövrilik də nəzərə alınacaq: “Məsələn, nikahların bağlanması üçün əvvəlki rüsum 15 il bundan əvvəl müəyyən olunub. Həmin dövrdən sonra kağızın özünün qiyməti, çapı və s. da qalxıb. Bu, normal haldır. İnsanın həyatında 1 dəfə həyata keçirilən əməliyyatdır. Bu baxımdan bu rəqəmlərə baxmaq zəruridir”...

Xatırladaq ki,  ki, ölkə üzrə bu ilin altı ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23231 nikaha daxilolma və 8168 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,6-dan 4,7-yə, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.

Bu minvalla davam edərsə, büdcəni balanslaşdırmaqda evlənib-boşananların da yəqin ki, xüsusi xidməti olacaq... Lakin hər bir "insanın həyatında 1 dəfə həyata keçirilən əməliyyatdır" yorumu isə bir qədər mübahisəli məsələdir...  

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN