Dövlət Komitəsində görüş keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov İsveçrənin “Senogles&Co” beynəlxalq konsaltinq şirkətinin nümayəndələri Cefri Senaqlıs, Elli Senaqlıs və Svetlana Ksenofonova ilə görüşüb.
Dövlət Komitəsindən TEZADLAR.AZ-a verilən məlumata görə, görüşdə qeyd olunub ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin aradan qaldırılması məsələsini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Bu kateqoriyadan olan vətəndaşların yaşayış, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görülür.
Fuad Hüseynov həmçinin əlavə edib ki, indiyədək ölkəmizdə 300 mindən çox məcburi köçkünün yaşayış şəraiti yaxşılaşdırılıb, onlar üçün müasir standartlara cavab verən 116 qəsəbə salınıb. Məcburi köçkünlərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir, onlar vahid aylıq müavinət alır, təhsil, səhiyyə və bir sıra ictimai xidmətlər üzrə güzəştlərdən yararlanır.
Məcburi köçkünlərin sosial problemlərinin həlli, sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əhəmiyyətli tədbirlər görülüb, bunların icra edilməsi üçün ayrılan vəsait dövlət büdcəsi üçün böyük yükdür.
Fuad Hüseynov Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ölkədə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulması ilə bağlı geniş məlumat verib.
Qonaqlara 44 günlük Vətən müharibəsi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı şəkildə məlumat verilib.
Dövlət Başçısının da qeyd etdiyi kimi, Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlaması ilə bağlı ölkəmizə dəymiş ziyanın dəqiq müəyyənləşdirilməsi olduqca vacibdir. Bununla bağlı beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddianın qaldırılması, beynəlxalq məhkəmə yolu ilə təzminatın ödənilməsinə dair müvafiq addımların atılması nəzərdə tutulur.
Daha sonra vurğulanıb ki, məcburi köçkünlər arasında sorğu keçirilib, onların mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq əzmindədir. Məcburi köçkünlərin həmin ərazilərdə dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür. Bərpa-quruculuq işlərinin sürətləndirilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışının başlanması üçün ərazilərin minalardan təmizlənməsinin vacibliyi qeyd edilib.
Fuad Hüseynov qeyd edib ki, Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının geniş miqyasını, hətta hərbi təyinatı olmayan torpaqları da minalayıb. İndiyədək Ermənistan minalanmış xəritələri tam olaraq təhvil verməkdən imtina etməklə, fundamental insan haqlarını, xüsusilə insanların yaşamaq hüququnu kobud şəkildə pozur. Dövlət Komitəsinin sədr müavini vurğulayıb ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan Ermənistandan azad edilmiş ərazilərin minalardan sürətli, təhlükəsiz və effektiv təmizlənməsinə imkan verəcək zəruri tədbirləri görməyi tələb edib. Məhkəmə Ermənistandan Azərbaycan ərazilərini minalamaqla və ya minalanmasına kömək etməklə azərbaycanlıların həyatının təhlükəyə atılmasını dərhal dayandırmağı tələb etməlidir.
Cefri Senaqlıs səmimi qəbula görə təşəkkür edib, Vətən müharibəsində qələbə münasibətilə təbriklərini çatdırıb. O, işğaldan azad olmuş ərazilərə səfər etdiyini, dağıdılmış evləri, əraziləri görməkdən çox məyus olduğunu bildirib. İşğaldan azad olmuş ərazilərin Azərbaycan dövləti tərəfindən qısa müddət ərzində yenidən bərpa ediləcəyinə inandığını və işğal nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsinin vacib olduğunu qeyd edib.
Görüşdə, Xarici İşlər Nazirliyinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, “Baker Tilli Azərbaycan” şirkətinin nümayəndələri iştirak ediblər. Qonaqlar Dövlət Komitəsinə dolğun şəkildə məlumat verdiyinə görə təşəkkür edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.