Fevralın 17-18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın növbəti iclasında ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi məsələsi əsas diqqət mərkəzində olub.
Nazirlər Kabinetindən verilən məlumata görə, toplantıda dünya ərzaq bazarlarında məhsulların qiymətlərində kəskin bahalaşmanın ölkədə işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin gücləndirilməsi geniş müzakirə olunub.
Bu baxımdan Azərbaycanda inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin minimallaşdırılması, daxili bazarda süni qiymət artımı üzərində monitorinqin gücləndirilməsi, sahibkarlar üçün güzəştli kredit və faiz subsidiyası mexanizmi məsələləri barədə müzakirələr aparılıb.
İclasda inflyasiyanın qarşısının alınması üçün makroiqtisadi siyasət və dövlət tənzimlənməsi tədbirləri, yüksək idxal inflyasiyasının məhdudlaşırılması üçün tədbirlər müzakirə olunub.
Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsinin gücləndirilməsi, əhalinin istehlak etdiyi və emal sənayesində istifadə olunan əsas kənd təsərrüfatı məhsullarının istehsalın artırılması perspektivləri və proqnozları, o cümlədən bu kontekstdə çağırışlar müzakirə olunub.
Həmçinin qiymət artımı şəraitində əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunmasına yönəlmiş tədbirlər və Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə əmək haqları, sosial ödənişlər və sosial dəstək tədbirlərinin artırılması xüsusi vurğulanıb. Bu sosial islahat paketinin 3,4 milyon insanı əhatə etdiyi və bu məqsədlər üçün əlavə 2,1 milyard manat dövlət vəsaitinin ayrıldığı bildirilib. İclasda sosial dəstək tədbirlərinin davam etdirilməsi, zərurət olduğu təqdirdə özünüməşğulluq və haqqı ödənilən ictimai işlər proqramının əhatə dairəsinin daha da genişləndirilməsi və digər aktual məsələlər barədə geniş müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.
E.ŞİRİNOV