Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciət edib. Onun çıxışındakı əminlik, arxayınlıq diqqətdən yayınmayıb.
"Ukrayna Prezidenti çox arxayın, sakit və cəsarətli formada xalqına müraciət edib. Bu formada müraciət üçün əsaslar nədən ibarət olub?"
Bu fikirləri "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında bildirib.
"Diqqətimi cəlb edən məqam ondan ibarət oldu ki, Prezident Zelenski Ukraynanın 10 il əvvəlki Ukrayna olmadığını vurğuladı."
Ekspertin sözlərinə görə, Ukrayna Prezidentinin yalnız Ukrayna ordusunun indiki vəziyyətinə, yalnız xarici partnyorlarının artmasına, yalnız vətənpərvərlərin dəstəyinə arxayın olub bu formada çıxış etməsini düşünmək sadəlövhlük olardı.
"Fikrimcə, Prezidentin çıxışındakı arxayınlıq, inamlı və cəsarətli notlar həm də Ukraynanın son bir neçə ildə keçdiyi inkişaf yolu ilə bağlı olub.
Həqiqətən də son illərdə Ukrayna, məsələn İT sahəsində çox qabağa getdi. Ukraynanın İT və alternativ enerji sahəsi ilə əlaqəli statistik rəqəmləri diqqətə çatdırıram :
- Bu ölkə İT sahəsində ixracın həcmini son bir neçə ildə 2 dəfə qaldıraraq 7 milyard dollara çatdırıb.
Rəsmi proqnozları isə yaxın 4 ilə 40 milyard dollara çatdırmaqdır.
- Nəhəng İKT sferasını formalaşdırıb, son bir neçə ildə İT sahəsində işləyənlərin sayı xeyli dərəcədə artıb. Hazırda bu sektorda 285 000 insan çalışır. Çox böyük rəqəmdi. Çalışanların 80%-i 18-35 yaş arasındadır.
- Ukrayna universitetləri hər il 16-17 min İT ixtisaslı bakalavr hazırlayır. Ən tələb olunan peşələr mühəndis və informatika sahəsi ilə əlaqəlidir
- Real statistik rəqəmlərə baxanda görmək olar ki, Ukraynada 5000 İT şirkət aktiv fəaliyyət göstərir.
- Bu ölkənin İT şirkətləri bir ilə 1 milyard dollar vergi ödəyiblər.
- İKT sektoruna investisiya yatırımı ildırım sürətilə artır. Münbit şərait yaradıldığından, təkcə bir ildə, yalnız İT sektora investisiya yatırımı 700 milyon dollara çatıb. Əsas vəsaitlər startapların ilkin inkişaf mərhələsinə yatırılıb. Son 3 ildə yalnız vençur maliyyələşmə 3 dəfə artaraq 524 milyon dollara çatıb.
- Yeri gəlmişkən, bir neçə gün öncə Ukrayna kriptovalyuta sahəsinə investisiya yatırımı üçün də münbit şərait yaratmağa yönələn, kritovalyutaya hüquqi status verən qanun qəbul edib. Ən yaxın müddətdə bu sektora milyonlarla vəsait yatırılacağını proqnozlaşdırmaq olar
- Enerji sektorunda da inqilabi dəyişikliklər edir. Yeni qəbul edilən qanuna görə, enerji operatoru statusu əldə edən hüquqi və fiziki şəxslər alternativ enerjini nəhəng batareyalara (energy storage) toplayaraq, ümumi şəbəkəyə qoşulmaqla satışa çıxarmaq imkanı qazanıb.
Ukrayna son ildə alternativ enerjinin (əsasən külək və günəş energisi) xüsusi çəkisini 9%-ə çatdırıb.
Düşünürəm ki, yalnız bir sahədə - İT sektorunda əldə olunan bu cür uğurlar da Prezident Zelenskinin xalqa müraciətində olan cəsarətli və inamlı notlara təsir edən amillərdən olub.
P.S. Ümid edirəm bizim İT sektora, startap və innovativ ekosistemə cavabdeh olan dövlət qurumlarımızın da bu rəqəmlərdən xəbəri var".
TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ