Rusiya böhrandan çıxmaq üçün hamını Çinə yönləndirir və limitləri 5 dəfə yumşaldıb...
Bunu "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Ekspertin sözlərinə görə, Rusiya qeyri-adi antisanksiya tədbirlərini davam etdirir.
“Bu tədbirlər bəzən bütöv Avrasiya İttifaqı ölkələrini də əhatə edir. Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı tətbiq edilən sanksiyalardan sonra ciddi iqtisadi sıxıntılar və bahalaşma özünü göstərməkdədir.
Bunu nəzərə alan Rusiyada gömrük rüsumu olmadan şəxsi məqsəd üçün xarici internet mağazalardan, 1000 avro məbləğində mal almağa icazə verilib. Bununla bağlı, hətta Avrasiya İqtisadi Komissiyasının qərarı verilib. Hər bir vətəndaşın sifariş etdiyi bağlamanın çəkisi də 31 kq-dək ola bilər”, - deyə bildirib.
Osman Gündüz vurğulayıb ki, Rusiyada əvvəllər gömrük rüsumu olmadan yalnız 200 avro məbləğində mal gətirmək olardı.
“Sanksiyalardan sonra Rusiyada smartfonların və kompüterlərin qiymətində kəskin bahalaşma başlamışdı. Görünür ki, Rusiya hökuməti limit məhdudiyyətini kəskin yumşatmaqla, vətəndaşları Çinin internet mağazalarına yönəltməklə vəziyyətdən çıxmağa çalışır”.
Ekspert xatırladıb ki, “müharibə başlayandan sonra bütün tanınmış qlobal İT şirkətlər, telefon, kompüter, noutbuk istehsal edənlər, həmçinin prosessorlar, videokartlar, mikrosxemlər və digər kompüter hissələri istehsalçıları da Rusiyanı tərk ediblər”.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra ABŞ, Avropa İttifaqı, Yaponiya Rusiyaya qarşı saysız hesabsız sanksiyalar tətbiq ediblər və etməkdə davam edəcəklərini bildirirlər.
Rusiya xarici işlər naziri Sergey Lavrov bununla bağlı bildirib ki, “Rusiyaya qarşı 5 mindən çox sanksiya tətbiq olunub və bu, rekord göstəricidir".
Həmçinin nazir “Sanksiyalar bizi hər zaman gücləndirib", - deyə vurğulamışdı...
JASMİN