Rəsmi məlumata görə, Özbəkistanın bütün bölgələrində
“bayram yarmarkaları”nın təşkili ət, yumurta, bitki yağı kimi malların qiymətlərinin sabit qalmasına imkan verib.
Özbəkistanın Dövlət Statistika Komitəsi mart ayında istehlak sektorunda inflyasiya ilə bağlı məlumat yayıb - mart ayında mallar və xidmətlər 1,5% bahalaşıb.
Komitənin məlumatına görə, martda, eləcə də fevralda qiymət və tarif artımına görə liderlik - ayda orta hesabla 2,5% (illik 14,5% artım) bahalaşan ərzaq məhsullarına məxsus olub. Qeyri-ərzaq məhsulları 1,1 faiz (illik 8,2 faiz baha), əhaliyə göstərilən ödənişli xidmətlər 0,4 faiz (illik 6,5 faiz baha) bahalaşıb.
Ümumilikdə ilin əvvəlindən ərzaq məhsulları 4,4 faiz, qeyri-ərzaq məhsulları 2,1 faiz, əhaliyə göstərilən pullu xidmətlər 1,5 faiz bahalaşıb.
2022-ci ilin mart ayında aylıq qiymət artımında liderlik meyvə-tərəvəz məhsullarına məxsus olub. Tərəvəz, giləmeyvələr, paxlalılar 9,7 faiz, meyvə və qoz-fındıq 2,4 faiz bahalaşıb.
Rübdə qiymət artımına görə badımcan (1,7 dəfə), xiyar, pomidor və bolqar bibəri (1,4 dəfə) liderlik edib. Bununla yanaşı, naringinin qiyməti nəzərəçarpacaq dərəcədə azalıb (6,7%).
Özbəkistanın DSK-si qeyd edir ki, əsas ərzaq məhsulları (tərəvəz istisna olmaqla) arasında ay ərzində bahalaşmada şəkər tozu liderdir - 12,8%. Üç ayda 14,5% (2021-ci ilin mart ayına nisbətən - 36,6%) bahalaşıb.
Qeyd edilir ki, ölkənin bütün bölgələrində “bayram yarmarkaları”nın təşkili ət, yumurta, bitki yağı kimi mallarla sabit təminat yaratmağa imkan verib.
Pambıq yağı il ərzində 28,9%, martda isə 2,1% bahalaşıb. Günəbaxan yağı il ərzində 26,9%, mart ayında isə 3,1% bahalaşıb.
Qənnadı məmulatlarının və desertlərin qiymətlərində aylıq artım 4,3%, yağ və yağ məhsullarının qiymətlərində isə 2,4% təşkil edib.
Ərzaq məhsulu qrupları üzrə illik ifadədə ən çox tərəvəz, giləmeyvələr, paxlalılar (34,6%), yağ və piy məhsulları (24,2%), o cümlədən şəkər, qənnadı məmulatları və desertlər (17,8%) bahalaşıb. Ondan sonra meyvə və qoz-fındıq (14,5%), balıq və digər dəniz məhsulları (12,8%), süd, süd məhsulları və yumurta (10,3%) gəlir.
Qeyd edək ki, Azərbaycanda da ərzaq məhsullarında bahalaşma müşahidə olunur.
Mərkəzi Bankın bu yaxınlarda verdiyi proqnozlara görə, bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapozonundan (2-6 %) yuxarı - 6,6-7,5 % təşkil edəcəyi gözlənilir
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlakçılar bu ilin fevral ayında ötən ilin eyni dövrü ilə müqayisədə eyni məhsul qrupunu almaq üçün 17,2 faiz daha artıq pul xərcləyəsi olublar.
Və ərzaq məhsullarının qiymətləri son 3 ayda daha çox bahalaşıb.
Qeyd edək ki, son vaxtlar bazarlarda soğanın nəzərəçarpacaq dərəcədə bahalaşması müşahidə olunmaqdadır. Satıcılar bu məhsulu əvvəlki qiymətindən dəfələrlə baha satırlar.
Lakin soğan əkini ilə məşğul olan fermerlərin sözlərinə görə, bu, müvəqqəti hal daşıyır, çünki yaxın zamanda sahələrdə əkilmiş təzə soğan yığılacaq və nəticədə bahalığa son veriləcək.
P.S. Xatırladaq ki, Azərbaycanda da bayramqabağı “Kənddən Şəhərə” yarmarkaları təşkil olunur. Və alıcıların bir çoxu bu yarmarkadakı qiymətləri o qədər də ucuz hesab etmir...
JASMİN