Moskva şəhər Məhkəməsi “Qazprom Mejregionqaz Pyatiqorsk“un “Qazprom Mejregionqaz” şirkətinin baş direktorunun keçmiş müşaviri Raul Araşukova qarşı qaldırdığı iddianı qeydə alıb.
Bu barədə Moskva şəhər Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
“İnterfaks” xəbər verir ki, şirkət maddi ziyana görə 472 775 131 rubl məbləğində kompensasiya tələb edir.
Mülki iddia cinayət işinin tərkib hissəsi kimi qaldırılıb və hökm çıxarılan zaman həll olunacaq.
Xatırladaq ki, Raul Araşukov və onun oğlu – keçmiş senator Rauf Araşukov 2019-cu il yanvarın 30-da saxlanılıb. Ötən ayın sonunda məhkəmə hakimləri oğul Araşukovun bütün ittihamlar, o cümlədən iki qətli təşkil etmək və atasının cinayətkar birliyində iştirak etməkdə günahkar olduğunu elan edib. Onlar həmçinin Raul Araşukovun icma yaratmaqda və 4,4 milyard rubldan çox qaz oğurlamaqda günahının sübuta yetirildiyini hesab ediblər.
***
Məlumatlara görə, 2007-ci ildən 2017-ci ilə qədər Raul Araşukov və onun bir sıra tərəfdaşları (onların işinə ayrıca baxılır) KÇR, Stavropol və Dağıstanda saxta ünvanlardan qondarma qaz təchizatı təşkil ediblər.
Onlar “Qazprom Mejregionqaz”ın məlumat bazalarında düzgün olmayan ünvanı olan və ya onunla heç bir əlaqəsi olmayan ödəyici ilə əlaqəli saxta şəxsi hesablar yaradıblar. İttiham tərəfinin fikrincə, mütəşəkkil cinayətkar birliyin (MCB) üzvləri qaz balanssızlığının süni şəkildə formalaşmasına şərait yaradıblar və sonra öz hesabatlarında “Qazprom”a məlumat veriblər ki, abonentlərdən yanacaq üçün ödənişi tam toplamaq mümkün deyil. MCB üzvlərinin özləri və yaxınları isə qazı pulsuz alıblar.
Araşukovların ittiham edildikləri ən ağır cinayətlər isə Aslan Jukov və Fral Şebzuxovun qətl hadisələri olub.
JASMİN