Validə Əhmədovanın oğlu Elçin  Quliyev 2017-ci ildə mayın 2-də həyətlərindən oğurlanıb və iki gün sonra onun ölüm xəbəri gəlib. Ailəsi və yaxınları Elçinin haraya aparıldığından xəbərsiz olub.

“Tərtər işi” adlandırılan cinayət işi üzrə istintaq zamanı müəmmalı şəraitdə ölənlərdən biri də Elçin Quliyevdir. O, Tərtərdəki hərbi hissələrdən birində müddətdən artıq xidmət edən hərbçi olub. Lakin oğurlanandan bir müddət əvvəl hərbi hissəsinin su daşıyan avtomobilinin sürücüsü olub. Validə Əhmədova deyir ki, bütün hadisələr 2016-ci ildə olan “Aprel döyüşləri”dən sonra başlayıb. “Həmin döyüşlərdə kim fəal iştirak edibsə hamısı işgəncə nəticəsində öldürülüb, sağ qalanları isə həbs ediblər. 2016-cı ildə qısa müddətli Aprel döyüşlərində prezidentə səhv məlumat verərərək Seysulan kəndinin alınması ilə bağlı xəbər yaydılar. Halbuki orada bir qarış torpaq da almamışdılar. Daha sonra özlərinin xain əməllərini ört-basdır etmək üçün bizim uşaqlara şər atıb, öldürdülər,” o qeyd edib.

Elçin Quliyevin barəsində ermənilərə casusluq – dövlətə xəyanət ittihamı ilə cinayət işi başlanıb. 2017-ci ilin dekabrında bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilib. Həmin qərarı o zaman Hərbi Prokurorun müavini Şəfayət İmranov çıxarıb. Daha sonra, 2021-ci ildə bu qərar Baş Prokurorluq tərəfindən ləğv edilib, Elçin Quliyevin barəsində bəraət hökmü çıxarılıb. Yeni qərar bu il fevralın 7-də mərhumun anası Validə Əhmədovaya təqdim olunub. Validə Əhmədova və digər zərərçəkmişlərin yaxınları ümid edirlər ki, yaxın zamanda bu işdə günahı olanlar cəzasını alacaq.

 2016-cı ilin aprel ayında baş verən döyüşlərdən sonra Azərbaycanda bir qrup hərbiçi istintaqa cəlb olunub. Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti (DTX), Müdafiə Nazirliyi (MN) və Daxili İşlər Nazirliyinin (DİN) birgə bəyanatında hərbçilərin Ermənistanın xeyrinə casusluqda təqsirli olduğunu iddia edilir. Hüquq müdafiə təşkilatları 2017-ci ilin may-iyun aylarında saxlanılanlara kütləvi şəkildə işgəncə verildiyini 2019-cu ildə öyrənə bilib. 2021-ci il iyunun 26-da Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib. Sənəd müəllifləri "Tərtər işi"ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmanın zəruriliyini bildirib. Belə ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib. "2017-ci ildə Azərbaycanın cəbhə bölgələrindən olan 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlət xəyanətində şübhəli bilinərək saxlanılıb. Onların barəsində 200-dən çox cinayət işi açılıb, onların çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. 2017-ci il mayın 1-dən 17-dək işgəncələr nəticəsində 11 nəfər ölüb. 25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanətə görə mühakimə olunub və yeddi ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İşgəncə altında qətlə yetirilmiş 11 nəfərdən 5-i ölümündən sonra bəraət alıb. Azərbaycan hakimiyyəti işgəncələrə və qeyri-insani rəftara məruz qalmış 135 nəfərdən yalnız 102-ni zərərçəkmiş kimi tanıyıb. Lakin heç kim dəyən zərərə görə kompensasiya almayıb", sənəddə deyilir.

2021-ci il noyabrın 1-də Azərbaycanın Hərbi Prokuroru Xanlar Vəliyev bildirib ki, "Tərtər işi"ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib. Baş Prokurorluq 16 dekabr 2021-ci ildə "Tərtər işi" üzrə istintaqın yenilənməsi barədə qərar qəbul edib. Bundan sonra aparılmış istinatqla həbsdə olan və istintaqa qədər, istintaq dövründə öldürüldüyü iddia edilən bir çox insanlara bəraət verilib. Çoxsaylı məsul şəxslər cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib. Yenilənmiş istintaq üzrə araşdırmalar davam etdirilir.

İnanırıq ki, bütün zərərçəkənlərin haqqı tanınacaq, ədalət öz yerini tapacaq...

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN