UNICEF Madaqaskarda albinosların oğurlanması və onlara hücumların artması ilə bağlı həyəcan təbili çalıb.
TEZADLAR.AZ xəbər verir ki, UNICEF hakimiyyət orqanlarını “albinizmi olan insanları qorumaq” üçün "təcili tədbirlər" görməyə çağırıb.
BMT-nin məlumatlarına görə, Madaqaskarda 2020-ci ildən bu ilin ortalarına qədər albinizmi olan insanlara ən azı 45 hücum, o cümlədən qaçırma, xəsarət yetirmə və qətl hadisəsi qeydə alınıb. Demək olar ki, bütün qurbanlar uşaqlardır. Tendensiya daha həyəcanlıdır: 2021-ci ilə nisbətdə 2022-ci ildə albinoslara hücumlar 2 dəfə artıb.
Yerli vətəndaş cəmiyyətinin məlumatlarına görə, albinoslar mistik səbəblərə görə qaçırılır. Deyilənlərə görə, albinosların gözləri oğruların geydiyi talismanları gücləndirərək, polisin önündən görünmədən keçmələrinə imkan verir. Albinizmi olan insanların gözlərinin uğur və zənginlik gətirə biləcəyinə dair yanlış inanclar, miflər və xurafatlar bir çox hücumlara səbəb olub.
Bu hücum dalğası o həddə çatıb ki, Cənubi Madaqaskarın ən ucqar bölgələrində albinizmdən əziyyət çəkən insanlar daima qorxu içində yaşayırlar.
Madaqaskar Afrikada albinosların təqib edildiyi yeganə ölkə deyil. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsinə ən azı 28 ölkədən şikayətlər daxil olub.
AzərTac