Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda psixotrop maddənin ölkənin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus bel çantası rentgen qurğusundan keçirilən zaman monitorda şübhəli təsvirlər müşahidə edilib. Yoxlama zamanı çantanın qulplarından aşkar edilən 2 ədəd bağlamada kristal şəklində psixotrop maddənin olduğu müəyyənləşdirilib.
Bundan başqa, həmin şəxsin çantasından gömrük orqanına bəyan edilməyən bir ədəd “İphone 13 Starlight, 128 GB”markalı mobil telefon da aşkar edilib.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən aşkar edilən psixotrop maddə çəkisi 348 qram olan metamfetamindir.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
E.ŞİRİNOV