DİN BNMİ əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində həyata keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 1997-ci il təvəllüdlü Nərgiz Məhərrəmova və 1990-cı il təvəllüdlü Elman Əhmədov saxlanılıblar. Onların üzərindən, habelə N.Məhərrəmovanın sərnişin qismində əyləşdiyi avtomobildən, kuryer şirkətlərindən birində çalışan E.Əhmədovun çantasından ümumilikdə 27 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.
DİN-in Mətbuat Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, ilkin sorğu zamanı saxlanılan şəxslər aşkarlanmış narkotikləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
***
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 67 yaşlı Arif Fərəcov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ondan 2 kiloqram marixuana aşkar olunub. A.Fərəcov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Saxlanılan şəxs narkotikləri deyiləcək yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə A.Fərəcov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
***
Naxçıvanda 40 tona yaxın yabanı halda bitmiş çətənə bitkisi məhv edilib.
Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində aşkarlanmış ümumi çəkisi 40 tona yaxın olan 559.000 ədəd yabanı halda bitmiş çətənə kolu yandırılaraq məhv edilib.
R.XUDATQIZI