(İsmayıl Şıxlı haqqında esse)
...İsmayıl Şıxlı şəksiz böyük yazıçıdır və bu günə qədər onun yaradıcılığının da, şəxsiyyətinin də çarpazlaşması, bir - birini tamamlaması sübuta yetirilməmişdir. Əlbəttə, ədəbiyyat aləmində əbədiyyat var, sübut yoxdur. Çünki yazıçı hüquq qanunları ilə danışmır və ona nifrət bəsləyir. Ona görə ki, yazıçı uşaqlığından qanunların pozulduğunu və bir qrup elitanın iradəsilə xidmətçiliyinin şahididir. Ona görə də o, ümidini əsərinə bağlayır və bu həqiqəti sübuta yetirir. İ.Şıxlı böyük azəri-türk yazıçısıdır- Vaqif, A.Bakıxanov, H.Zərdabi, S.Vurğun, M.Hüseyn səviyyəsində sələflərini oxumuşdu. Amma xoşbəxtliyi bir də onda idi dilindən çıxmamışdı: - Mən onlardan öyrənmişəm!
İ.Şıxlı pedaqoq idi və tələbələrlə işləyirdi. Tələbələri isə etiraflarından qalmırdılar: - Biz İsmayıl Şıxlıdan öyrənmişik. Yazıçı qəti etirazını bildirirdi: - Siz məni oxuyursunuz, nəticəni çıxarmaq özünüzdən asılıdır. Rus ədiblərində sələflərini sıralamaq adəti köhnədir və cütləşdirməyi sevirlər: Puşkinlə Lermontovu, Tolstoyla Dostoyevskini, Qoqolla Çexovu, Turgenevlə Kuprini qoşalaşdırırlar. İ.Şıxlı bizə dərs dediyi illərdə bu siyahını “açıqlamadı” və bu da onun böyüklüyü idi.
O, Sovet “sosializm realizmi”nin tüğyan elədiyi illərdə yazıb yaratmışdır və bir dəfə də olsun bu başabəla realizmin nəzəri məsələlərini oxumamışdır və sitat gətirməmişdir. Ancaq ideoloji zəhəri başına çəkən tənqidçilərimiz İ.Şıxlı da istisna olunmadan ədəbiyyatda realizm axtarışında bulunmuşlar.
İ.Şıxlı pedaqoqdu və doğulub boya-başa çatdığı Qazax elatı, onun zəngin təbiətini: Kür çayı, Qarayazı meşəsi, mənəviyyatı, işıqlı intellekti onun nəsrini “inhisara” götürmüşdü. Və siyasətdən, nəsihətçilikdən uzaqdı, heyif ki, lap klassiklərimiz var pedaqoqluğu nəsihətçiliklə, didaktika ilə eyniləşdirmişlər. Bunun üçün o, nəsrində sadəlövhlük, çiskin - duman sızağı, ümumibəşərilik, kişilik vüqarı və s. dəyərləri fərqləndirmişdir. Yazıçılar var, xaraktercə hansısa mənfi və müsbət qütblərin ortasında ora - bura vurnuxur, gah sol, gah da sağ əlini yapışdırıb özünə sıxır və zamanın ab- havası burnuna toxunanda əlinin birini boşaldır. İ.Şıxlının hər iki qolu və biləyi gücünü saxlamışdı və yapışdığını buraxmamışdı. Çünki təbiətcə həssas, hərəkətcə müdrik və humanistdi; bu komponentləri hər gün auditoriyada nümayiş elətdirirdi.
***
Şöhrətpərəstlikdən uzaqdı. Kənd yumşaqlığı şəhər sərtliyinə tabe olmamışdı, Bakı onu uda bilmədi, heç ağzını da açmadı. İ.Şıxlı bu şəhərin timsah dişlərini tanımışdı. Bir insan zövqündə cismani həzz payını heç kimə güzəştə getməmişdi.
Müharibədən şinellə kəndə və oradan Bakıya gələn, məşhur pedaqoji institutda oxuyan gənc qələm sahibi heç bir iddiaya düşmədi: Səy göstərmədi böyük alim olum, çünki əhatəsində çox sevdiyi (biz tələbələrə bu adı daima çəkirdi və yüksək qiymət verirdi Əli Sultanlıya). Professorlardan Əli Sultanlı, Mir Cəlal, Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Çədi Əfəndiyev, Həmid Araslı vardı. Ədəbi mühitdə Mehdi Hüseyn, Süleyman Rəhimov, Əli Vəliyev, Əbülhəsən, Mirzə İbrahimov yazırdılar. Özündən xəbərsiz böyük yazıçı oldu!
İlk hekayələr kitabı “Kerç suları” da işıq üzü gördü. Adı cəlbedici və həyatıydı, müharibənin amansız üzünün kövrək çalarlarını İ. Şıxlı qabarıq təsvir etmişdi. Dilinin lakonikliyi, əsgərin psixologiyası, detalların aydınlığı çox mətləblərdən soraq gətirirdi oxuculara. Ailə həyatı da onun istəyincə oldu. Ciddi, tarixçi Məmməd Şıxlının həkim qızı Ümidəylə uğurlu izdivaçı yaradıcılığına, hətta təkan verdi. Yaradıcı ərinin əzablarına yüksək qiymət verən bu qadın mənim ana nəslimdəndir və dayı - bibi qızıdılar. Amma bunun mənim düşüncələrimə heç bir dəxli yoxdur. Ədalət hər şeydən üstündür. Lev Tolstoy şəksiz dahidir və onun ailə macəraları rus ədəbi mühitində çox söz - söhbətə mövzu vermişdir. Və İsmayıl müəllimin özü bu barədə maraqlı epizodlar danışmışdı. Möhkəm və sarsılmaz xarakterli insan qiymətində bizə çatdırmışdı. Sonralar mən oxuyacaqdım: “Tolstoy evləndikdən sonra öz mülkünün qeyrətlə idarə olunmasına və ən yaxşı kitabları üzərində işə həsr etdiyi ailə həyatında müvəqqəti ruhi sakitlik qazandı. Məhz o dövrlərdə özünün incilərini: “Hərb və sülh” epopeyasını və “Anna Karenina” romanını yaratdı. Daha sonralar 40 yaşı çoxdan ötüb keçdiyi illərin axarında etik hisslər onun öz mənəvi borcu hesab etdiyi şeylərin xatirinə şəxsi maraqları, ailə rifahını, yüksək ədəbi mövqeyini qurban verməyə məcbur edərək qalib gəldi. O, sadə, sərt, hərdən anlaşılan xristian mənəviyyatı prinsipləri üzərində dayanan və humanizm ideyasına tabe edilən bir həyatı sevincindən üstün tutdu”.
Mən bu söykəncəkdə oxşarlıq axtarmaq istəməzdim; dövrlər və insanlar tamam fərqlidir. Lakin ailədə ər - arvad münasibətləri dəyişməzliyini əsasən qorumuşdur. İsmayıl Şıxlının həyat yoldaşı Ümidə xanım (Allah rəhmət eləsin) ömrünün sonunadək İsmayıl Şıxlıya arxa oldu. Öncə onlar bir - birlərini sevmişlər. Ümidənin atası Məmmədağa Şıxlı (anamın doğmaca dayısıdır) tarixçi və pedaqoq idi, 30 ildən çox kafedra müdiri işləmişdi. Bizə də dərs demişdi Pedaqoji İnstitutda. Ümidə xanım isə İsmayıl Şıxlı üçün yardımçı, həmdərd, qələmdaş idi. İsmayıl müəllimin ağır xəstələndiyi illərdə diqtəylə son romanını “Ölən dünyamı” yazıya aldı. Bəli, Milli ədəbiyyatımız klassik bir əsəri itirmədi. Beləliklə, müsəlman yazıçısı “ruhi sakitliyi müvəqqəti qazanmışdı”. Daima, bir - birlərini əbədi tərk edənə qədər buraxmadılar. İ.Şıxlı müsəlmançılığını qoruya bildi, yaradıcılıq sevincini yaşadı, “Ayrılan yollar” və “Dəli Kür” romanlarını qələmə aldı. Və unutmayaq ki, əllinci illərin ilk illərində. Belə bir zamanda ki, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Əbülhəsən, Mirzə İbrahimov, Süleyman Rəhimov, Mircəlal, Əli Vəliyev kimi qüdrətli ədiblər gözəl romanlarını yazırdılar. Öz yaşıdları da geri qalmırdı. S.Qədirzadə, B.Bayramov, İ.Gözəlov, İ.Hüseynov, V. Babanlı yaxşı qarşılanan əsərlərlə üzə çıxırdılar...
***
O illərin əbədi tənqidini də xatırlamamaq pis olmazdı. Məmməd Cəfər, Məmməd Arif, Qulu Xəlilov, Əkbər Ağayev iti müşahidələrini nümayiş etdirmək gücünü əslində göstərməyi bacarmadılar; buna bir səbəb də elə ortada olan nəsr nümunələri, şəxsiyyəti, vəzifəsiydi: Bir balaca “sancan” kimi “neştər” hazırdı... Digər yandan, “sosializm realizmi”nin tələblərindən çıxmayan əsəri necə kəskin tənqid etsinlər? İnsafən, həmən tənqidçilər hər şeyi başa düşürdülər. Meydanda təkcə Əhəd Hüseynovdu, Qulu Xəlilovdu... Onlar nə “Ayrılan yollar”, nə də “Dəli Kür” romanlarının poetikasını açmadılar, bəlkə də bacarmadılar.
Yetmişinci illərdən başlayaraq cavan tənqidçilərdən Bəkir Nəbiyev, Xalid Əlmirzəyev, İsrail Mustafayev, Akif Hüseynov, Asif Əfəndiyev obyektivcəsinə analitik təfəkkürlə nəsrimiz haqqında samballı fikir söyləmək iqtidarını göstərdilər. Akif Hüseynovun “Dəli Kür” haqqında “Azərbaycan” jurnalında dərc etdiyi məxsusi məqaləsini xatırlamamaq ədalətsizlik olardı...
***
İsmayıl Şıxlı az yazırdı, ədəbiyyatın sevincini və kədərini gözü önünə gətirirdi. Sevincdən daha çox o “kədər” barədə ehtiyatlanırdı və qorxurdu. Oxucuları itirmək ona ağır gəlirdi. Sonra “itirilmişləri” inandırmaq çətin başa gələrdi. İlk romanının sevincini yaşamışdı və o vaxt “Azərbaycan” jurnalının baş redaktoru, unudulmuş yazıçımız Əli Vəliyevə əsəri verəndə həyacan keçirmişdi. Bu dəfə İsmayıl Şıxlı kənddə qonağımız olanda bu hissi etiraf eləmişdi. Cavan yazıçı üçün belə hal təbii sayılmalıdır. Uğurlu əsərin sevincini sakitcə qarşılayırdı, ona görə ki, o, böyüklüyünə inanırdı, yaradıcılıq fərəhini də sakitcə qarşılayırdı.
Yadıma dahi alimlərdən İnfedlə Eynşteynin söhbəti düşdü. Eyeşteyn ona demişdi ki, həyat - həyacanlandırıcı və sevindirici bir gözəl mənzərədir; o, mənim xoşuma gəlir. Lakin əgər bilsəm ki, üç saatdan sonra ölməliyəm, bu mənə çox da böyük təsir bağışlamazdı. Mənə qalmış üç saatda daha yaxşı istifadə barədə düşünərdim. Sonra mən öz kağızlarımı bir kənara qoyub, sakitcə ölümümü gözləyərdim.
***
Yerinə düşür ki, deyəm: İ.Şıxlı məhz səhhətinin pisləşdiyi aylarda özünün son romanını təxəyyülündə yaratdı, diqtəylə bitirdi. Eynşteynin sözləri səbəbsiz deyildi: Alim də yaradıcı adamdır, dahi fizik isə arabir şer yazırdı, heç kəsə oxumasa da...
İ.Şıxlının qəhramanları fərdi yaşamaqdan daha çox etirazını gizlətməmək, azadlığı anlamağı bacarmaq istəyidir. Unutmayaq ki, bu insanların bir qismi Sovet adamları idi, o məktəbi görmüşdülər. İmran və Zeynəb kənddə tərbiyə almışdılar. Amma haqsızlığa boyun əymirdilər, xüsusilə aqronom İmran. Onun şəxsi səadəti həyatın diqtəsindən tam kənara çıxmasa da, bu həyatda bir parça xoşbəxtlik vardı və gələcək zamanda idi.
Bunun özu yazıçının bir cəhdiydi və dərəcəsini hesablamalı olsaq, cəsarətiydi. Ona görə İmran da Zeynəb də ölməyiblər, onlardakı əxlaqi təmizlik davranışlarına hopmuşdur. “Ayrılan yollar”dan 10-15 il sonra meydana gələn elə o kəndin adamları elitar düşünmə tərzinə özlərini alışdırmaqdan qurur duyurdular. Qeyri-əxlaqi hərəkətləri rəva görmürdülər. İ.Şıxlının ilk əsəri barədə düşünəndə bir az gec baxsaq da, qəbahət yoxdur, çünki öz üslubunu tapmışdı, başqalarının görmədiyi insanlardakı ən müsbət keyfiyyətləri təsvirinə gətirmişdi. Belə yazıçılara yaxşı yanaşan U.Folkner Tomas Vulf haqqında onu demişdi ki, aramızda ən ağıllısı Hemenquey çıxdı; o, öhdəsindən gələ biləcəyi üslubu tez tapdı, bu üslubu büsbütün mənimsədi və ... bizim kimi daxili bir səslə bütün qüvvəsini daha əzəmətli bir şey yaratmaq cəhdində bulundu.
Mən demişdim ki, İ.Şıxlı o illərin görkəmli ədiblərin nəsrinə düşməkdən imtina etdi, yəni onları özü üçün xələf götürmədi, hətta Mehdi Hüseyndən boyun qaçırdı və özünə inamla duyurdu ki, üslubunu yaradacaqdır. Və “Dəli Kür”ü ortaya qoydu. “Ayrılan yollar”la bu epopeya arasında yaradıcılıq məsafəsi çox uzuna çıxmır. Arada hekayələr, publisist yazılar qələmə alınırdı. Və ədəbiyyat araşdırıcılarına elə gəlirdi İsmayıl Şıxlı roman, povest yazırsa “Ayrılan yollar” səviyyəsini aşmayacaq. Kənd həyatından lazımlı yaxşı və pis nə varsa ədəbiyyata gətirmişdir. Digər tərəfdən, özünə qarşı tələbkardır və nəhayət, başı dərs deməyə qarışmışdır. Bu mülahizələrdə həqiqət vardı. O biri yandan psixoloji ovqat diqtə etməyə bilməzdi ki, B.Bayramov, S.Qədirzadə , İ.Hüseynov (Muğanna), V.Babanlı, Sabir Əhmədov, Əlibala Hacızadə və başqaları mütəmadi romanlar, povestlər yazırlar. Bəs istedadlı İsmayıl Şıxlı? Barı, elə ali məktəb həyatından, bilavasitə yaşadığı mühitdəki dramatik məsələlərə laqeyid qalmasın! Belə haqlı umacaq onun bütöv, özünə hörmət şəxsiyyətinin buzunu sındıra bilmədi. Sən demə o, içərisində insanları, konkret doğma adamların həyatını təxəyyülündə canlandırırmış, axtarışını aparırmış, bəzi insanlardakı bədxah şəfqəti, özünə xas ideallarını sərbəst buraxmırmış, bədii obraz timsalında sınağa çəkirmiş. Doğurdanmı sənət başdan - başa hiylədir, təxəyyüldə cilalanır və yalandan da, saxtakarlıqdan da kənarda dayanmır? O, sağlam, ləkəsiz şəxsiyyətində qidalanan ədəbi qabiliyyətini “məhsuldar”lığa güzəştə getmədi və “Dəli Kür”lə sənətin zirvəsini tutdu. Halbuki, öz ədəbi yaşıdlarına həm də dərs verdi ki, çox yazmaq yazıçının taleyini həll eləmir. İ.Şıxlının böyüklüyündə, əsərlərində səhvə yol verməməsində pedaqoqluğu az rol oynamırdı, ona görə də oxucu yazıçıya qarışıq hisslərlə yanaşmada haqsızlığa yol verməmişdir, ədib kimi sevir və pedaqoq kimi qiymətləndirir.
Mənə qalsa onu - yazıçı Şıxlı ilə pedaqoq İsmayıl müəllimi bir - birindən ayırmazdım. Ona görə ki, bizim elə söz adamlarımız olub və var ki, əməlləriylə, peşələriylə yaradıcılıqları arasında böyük uçurum görünür. Məsələn, obrazları humanistdir, ədalət hissini tapmışdır, gözü toxdur. Amma özü simasızdır, yaltaq - ikiüzlüdür və ilaxır.
İ.Şıxlının son qəhrəmanları bütövdür, qürurludur. Bəyə - xana - zadəgana xas ağayanadır, şəhvət naminə ağ bədənə aşiq deyil, yeniyetmə yaşında hisslərini özbaşına buraxmır, əxlaq dərsi deməkdən uzaqdır. İ.Şıxlı “Dəli Kür”də azərbaycanlı həqiqətini Cahandar ağa obrazında sübut etməyi bacardı. Və göstərdi ki, özünə qədərki bəylərimizi, əslində, təhqir eləmişlər: Böyük bəyi xırda sujetlərin çərçivəsinə pərçimləyib yalançı, dələduz, qaniçən xarakterdə təsvir eləmişlər və o əsərlər qeyri - dillərdə səslənəndə soy - kökümüzü rişxənd obyektinə çevirmişlər. Təəssüf ki, belə hal Mirzə Cəlildə və Səməd Vurğunda da tapılmışdır! Həqiqət ölməzdir və bu, yazıçıda varsa - dahilik əlamətidir.
İ.Şıxlı dövrünün idealogiyasına əhəmiyyətsiz yanaşmışdır, Cahandar ağanı, sanki gələcək Sovet həqiqətlərinin puçluğunu göstərmək üçün yaratmışdır. Kimdir bu Cahandar ağa - bəy? Çoxmu vacibdi 60-cı illərdə obraz timsalında “dirilsin?” Lazımdı. Ona görə ki, bəyliyimizin üstündən xətt çəkilmişdi, əyalətçilik damğası üzərlərinə vurulmuşdu. Hətta rus xanımlarının gülüş obyektinə çevrilmişdi. İ.Şıxlı bəylərimizin, hətta sivil gedişatı dərk etməsi psixologiyasını ümumiləşdirirdi. İnsanın əxlaqi paslanması mənəviyyatsızlıqdan başlayır və bəşəri dəyərlidir. Cahandar ağa baxmayaraq başqa bir bəyin arvadını atın tərkində evinə gətirir, yenə ona “namussuz” damğası vurulmur. Halbuki, bizim adətimizdə belə hal yoxdur. Bizdə namus sayılan bir hərəkət də var: kişinin arvadıdır, atıdır, papağıdır - bunlar yad adamın əliylə ləkələnmişsə, adekvat cavablandırılır. Cahandar ağanın atının quyruğu Allahyar bəy tərəfindən kəsilmişsə o, ölümə məhkumdur. Obrazın bir hərəkəti kimi sayılan bu addımı böyük mənəviyyatdan xəbər verir.
Biz azəri türkləriylə sadəlövh davranmaq zarafat kimi qiymətləndirilmir. Və qaçırılmış qadın da, sanki hərəkəti düzgün anlayır və fürsət tapıb aralanmaq həvəsinə düşmür. Halbuki yad evdə bunun üçün şərait yaratmaq mümkün idi, təki qayıtsan geri. Onun ərinə xəyanətində oxucu əsla günahlandırmır. Dünyanın ən yadda qalan obrazı Anna Karenina isə bütün haqlı hərəkətinə baxmayaraq xəyanətdə suçlandırılır. Baxmayaraq, bəzi Tolstoy tədqiqatçıları o fikrə gəlmişlər ki, Anna öz xəyanətini ətrafdan bacarıqla gizlədərdi və əriylə yaşayardı, bunun üçün cavabdehlik daşımazdı. Anna öz günahına görə zamandan kənar, əbədi əxlaq qanunları ilə heç ümumilik yaratmayan bütün şərtiliklər kimi çox nisbi olan ictimai ədəb - ərkanı pozduğu üçün cəzalandırılmayıb.
İsmayıl Şıxlı bütün yazıçılardan fərqləndi və ilk dəfə rus kazaklarını türk barmağı ilə gülləsinə qurban elədi Cahandar bəy. Mərhum tənqidçi Asif Ata Əfəndiyev bu məsələyə Şərq poetikasından toxunmaqda haqlı idi: “Bu yalmanmaq (rusları nəzərdə tuturdu. - A.E.) idi, bu, üst kübar hissəsinin, kompador ziyalısının Rusiyaya yayılmanmasının ifadəsi idi. Belə bir mif yaratdılar”.
İsmayıl Şıxlı siyasətçi olmamışdı və bunu özünə peşə seçməmişdi, hərçənd, biz tələbə ikən, 60-cı illərdə dünya ədəbiyyatından mühazirələr oxuyarkən, analogiyalara laqeyd qalmırdı, mövcud Sovet idealogiyasının mənfiliklərini, haqsızlıqlarını deyirdı. Xüsusilə, repressiya illərini vurğulayırdı. Çünki onun da doğmalarından qurbanlar vardı. Əmisi türkiyəyə qaçıb canını qurtarmışdı. Sonralar Türkiyənin məşhur hərbi generalı səviyyəsinə qalxmışdı. Mən bu məşhur, əslən Qazaxlı generalın ailə albomuzda şəklini görmüşəm. Baxmayaraq, uzun illər boyu bu foto gizlədilmişdi. Lakin İ.Şıxlı bütöv şəxsiyyət imiciylə siyasətçiydi, haqqa, ədalətə çağıran siyasət Adamıydı. Sovet sisteminin çökməsi ərəfəsində xalqın, ziyalıların onu axtarması, onun sözünü eşitmək istəməsi və görkəmli boy - buxununu görməsi, lakonik və məntiqi nitqini eşitməsi sübuta yetirdi ki, “siyasi xadim”lik nə mitinq rəhbəri olmaqla, nə də prezidentlik iddiasına düşməklə ölçülmür. Şəxsiyyət və əqidə bütövlüyü, xaricdən süzülən parıltılara uymamaq iradəsi... əsil siyasi xadim nüfuzunu qazandırır. Müstəqilliyimizin ilkin məqamında İsmayıl Şıxlını xalqın özü Millət vəkili seçdi (daha bəziləri kimi seçdirmədi) və yanılmadığını əyani göstərdi. Onun Milli Məclisdə kəskin və obyektiv çıxışları, replikaları yaxşı ki, birbaşa ekranda nümayiş etdirilirdi. Hətta hakimiyyətsizlik çağında M.F.Axundovun “Aldanmış Kəvakib”in qəhrəmanı Yusif Sərracı misal gətirməsi böyük siyasi - mənəvi proqnoz deyildimi?
***
İsmayıl Şıxlı deputat idi və bu məsul etimadı kimin necə və hansı hisslərlə yaşamasını bilavasitə duymuşdu və görmüşdü. Məsələ var ki, sovet dövrü deputatlarını tanıyırdı, stixi, ənənəvi yollarla seçilmişlərdi. Və səksəninci illərdə “Deputat” (1989) adlı gözəl bir hekayə qələmə almışdı. Məqsədi nəydi, axı, quruluş dağılır, üsul - idarə məhvə gedir. Məgər qarşıda “deputatlar seçimi” olmayacaqdır? Xalq öz istədiyinə səs verməyəcəkdir? Yenədəmi müqəvva - elçilər ortaya atılacaqdır? İsmayıl Şıxlı daha çox suallar qarşısında idi və müdrikliyinə inanırdı: hekayəsinin qəhrəmanın adı - soyadı yoxdur; bu da yazıçı dahiliyidir ki, fərqi varmı, təkcə odurmu, ümumiləşmiş obrazı - deputatı təsvir etmək məqsədəuyğun deyilmi? Kənddən Bakıya deputat kimi gəlmişdir. Abırlı, zərif, zəhmətdən qaralmış və yorğun bir qızcığazdır. Yazıçı onun səliqəsinə və bu görkəmdən doğan daxili aləminə, hətta xırda ştiklərinə diqqət kəsilir: “Onun əynindəki ipək koftasıda, qırçınlı, səliqəli donu da təptəzə idi. Hiss olunurdu ki, buraya gəlməzdən əvvəl, paltarını sandıqdan çıxarıb diqqətlə ütüləmiş, tikişlərinin, qırçınlarının yatımına, sığallanmasına ayrıca fikir vermişdi. Ayaqqabıları da təzə idi. Deyəsən, hətta birinci dəfə geyindiyindən bir balaca sıxırdı da. Ona görə də addımlarını inamla ata bilmir, yıxılacağından ehtiyat edirmiş kimi asta - asta addımlayırdı”. İsmayıl Şıxlının bədii duyumu və gələcək nüanslara “əlyerisi” səliqəli bir kənd qızı, hansı ki, bunu kənddə geyinməyə imkanı yoxdur çünki günün 12- 14 saatı ya pambıqdadır, ya da fermada. Bircə indii fürsətdir ki... deputat qiyafəsindədir. Onu müşahidə edən kişi qonağın nəzərlərində də bir psixoloji baxış, xalqın elçisinin kimliyi, eşidiləcək yalan vədlərin həyasızcasına çilçıraqlı salonda səslənməsi. Qızcığaz bəlkə də sövqi - təbii hiss edir ki, nə qədər sadəlbvh olsa da, İlk dəfə buraya ayağı dəysə də ... mənasız bir rəsmi yerə göndərilmişdir. Üstəgəl, deyiləcək sözlərin siyasi mənasını anlamaq iqtidarından məhrumluğu və yorğunluğunun canından çıxması intizarı: “...qızcığaz ehtiyatla ayaqqabısının bir tayını çıxartdı. İpək corabın içində bir - birinə sıxılmış barmaqlarını oynadıb qırışığını açdı. Elə bil qan dövranı qaydaya düşdü. Yanaqları xəfifcə qızardı, qaşqabağı açıldı. Heç kəsin ona baxmadığını yəqin etdikdən sonra ayaqqabılarının o biri tayını da soyundu və dərindən nəfəs alıb səndəldə yayxandı. Hətta gözlərini yumub dincini aldı: Milli Məclis ənənəvi məcrasını davam etdirir. Deputat nazirlər danışır, lakin bunların qızcığaz deputata heç bir aidiyyatı çatmır. Və kəpənək sakitliyilə, abır - ismət durumuyla öz aləmindədir: “Şalını dizinin üstünə salmışdı ki, baldırları görünməsin... Onun qumral gözləri süzülürdü. Özü burada olsa da, fikiri uzaqlarda idi. Elə hey gözləri yol çəkirdi, heç on dəqiqə çəkməmiş bu yol çəkən gözlər yuxuya getdi”. İ.Şıxlı daha başqa bir detala toxunur. 18-19 yaşlı qızcığaz ana uşağı olsa da, yaxşı gün görməsə də “əlləri qaralmışdı, barmaqlarında qabar vardı, dərisi bəzi yerlərdə çat - çat olmuşdu, alnında da güclə seziləcək ağ zehlər nəzərə çarpırdı”.
İsmayıl Şıxlı deputat obrazının zahiri və daxili aləmini təsvir edəndən sonra oxucu üçün qaranlıq məqam qoymur və birbaşa sosial - siyasi prosesləri ortaya gətirir: “Nazirlər hey danışır, dövlət büdcəsinin artmasından, güzəranın yaxşılaşmasından, ərzaq bolluğundan, yollar çəkilib, məktəblər, xəstəxanalar tikilməsindən hesabat verirdilər”.
Bir kiçik ekskursiya edərdim ki, yazıçının böyüklüyü zamanı qabaqlamaq və proqnoz verməkdir; İsmayıl Şıxlının 80-ci illər nazirləri, məmurları “təəssüf ki, hələ də yaşayırlar”, hamısı deputat olmasa da, illik hesabatlarında yalan danışır, xalqın başının altına yastıq qoyurlar. Məsələ bundadır, o kənd qızcığaz- deputatın qarşısında yox, savadlı, dünyagörüşlü xanımların gözünün içinə söyləyirlər. Və qəribəsi ondadır, onlar belə yalan - palanları hətta müdafiə edirlər. Qızcığaz - deputat savadsız idisə, anlayırdı olmayan şeyləri və eşitməmək naminə yatmaqla öz təmizliyini, içəridən ləkələnməməyi üstün tuturdu. Yazıçı müdrikliyi yalnız belə olur! Oxucu heç bir şübhə eləmir qızcığaz deputatın xarakterinə. Və ancaq abır - həyası, aldığı tərbiyə onu danışmağa, sözünü açıq deməyə qoymurdu: “Planlar dolurdu, elə hey irəliləyirik... qızcığaz isə yatmışdı. Deyilənləri eşitmirdi, Başa düşsə nə edəcəkdi?! Durub deməyəcəkdi ki, yalan danışırsız, söylədiklərinizin hamısı uydurmadır... Oyaq olsa hamı kimi o da əl qaldıracaq, beləliklə də müzakirə olunan məsələlər haqqında yekdil qərar çıxarılacaqdı. Əslinə baxsan ağıllısını o edirdi: Nə deyilənləri eşidirdi, nə də səs verirdi. Şirincə yatır, elə bil rahat yer tapıb dincəlirdi”.
Bu qısa və şirin dilli hekayə haqqında daha çox danışmaq mümkündü, çünki Milli Məclis xalqın rifahı üçün qanunlar çıxaran ən ali orqandır. Demək, bu qurumda təmsilçilərimiz Sovet deputatlarından tamamilə fərqli xadimlər olmalıdır... Qızcığaz - deputat həyası bəzisində çatışmır: az qala xoruldayır, oturuşuna diqqətsizlik göstərir, ən dəhşətlisi, elçisi olduğu camaatı, xalqı yalandan inandırmağa təhrik edir və mütilik psixologiyası aşılamağa çalışır. Mənim aləmimdə bir vaxt həmin salonda (məkan nisbidir) İsmayıl Şıxlı əyləşmiş, bir deputat nüfuzu ilə sözünü kəskin, obyektiv şəkildə demişdir; barı, çağdaş bir sıra deputatlar “Deputat” hekayəsini oxuyub nəticə çıxarsınlar!
***
Yazıçı İ.Şıxlı yaşasaydı və deputat seçsəydilər onu, nə edərdi, nəyəsə gücü çatardımı? Acizliyilə barışıb yuxuya gedərdimi? Amma Allahın qanunları var ki, müqəddəsləri xar etmək üçün ona intəhasız və kövrək əbədiyyət qismət eyləyir, o dünyasına pak, təmiz ruhuyla köçır. İ.Şıxlı son illərində ölümünə yaxınlaşdıqca ürəyindəkiləri yazıya alırdı. Ölməz hekayələr yazırdı. “Məleykə xala”, “Qızıl ilan”, “Namus qaçağı”, “Namərd gülləsi”, “Görüş” və s. işıq üzü gördü. Çünki yazıçı ədəbiyyata da hekayə ilə gəlmişdi. Və ixtiyar yaşında bir daha sübut elədi ki, o, sözün böyük hərfiylə Yazıçıdır.
***
... Bir bahar günü Fəxri xiyabana yolumu salmışdım. Bu məzarıstana tez - tez baş çəkirəm və hər bir insanın borcudur, barı bir neçə saatlığa içindəki kin - küdurətindən, pisliklərindən və ilaxırından uzaqlaşsın. Xeyli aralıda beş - on cavan oğlan, qızın əllərində gül - çiçək dəstələrinin məzara qoyduğunu gördüm. Sonra bir anlığa əyildilər və yola düzəldilər. İsmayıl Şıxlının qranit abidə - məzarından, sanki uzaqlaşmaq istəmirdilər. Onun nurlu baxışlarını və mənalı sifətinin cazibəsini tərk etməyə elə bil həvəsləri çatmırdı. Şəksiz, bunlar tələbələr idi, amma İsmayıl müəllimin yox. Hərçənd böyük ədibi unutmamışdılar, bir oxucu kimi bəlkə Cahandar ağaya baş çəkməyə gəlmişdilər? Bəlkə onun qeyrətli, qədirbilən nəvə - nəticələriydi?
Cavanlar beş - altı addım uzaqlaşmışdılar. Bu dəqiqələrimdə İsmayıl Şıxlınının Səməd Vurğun barədə yazdığı xatirə - oçerkinin son cümlələrini pıçıldadım: “ Güllərin arxasından, qəbrin baş tərəfindən pərişan ağ saçlar göründü. Mənə elə gəldi ki, qəbir tərpəndi. Səməd Vurğun ayağa qalxdı və öz şəklinin arxasında dayandı. Gözüm alacalandı, sarsıldım. Reallıqla vahimə arasında qaldım. Amma yanıqlı bir səs məni özümə gətirdi. “Əlli yaşı tamam olmuşdu: Əlli birindən isə cəmi altımış beş gün yaşadı, mənim belimi sındıran qardaşım!”. Ayıldım, tamam ayıldım. Güllərin arxasından çıxan Mehdixan müəllim idi, şairin böyük qardaşı Mehdixan!”
Mən İsmayıl Şıxlının məzarı önündə qəbrinə səpələnmiş tər ətir saçan gülləri, çiçəkləri görürdüm. Sanki ölməmişdi, adəti naminə qara sıx saçlarını barmaqları ilə daradı, sağanaqlı eynəyini düzəltdi. Adəti namanə sinfə göz gəzdirdi, sağ dirsəyini kürsiyə söykədi. Bal təkin şirin və müalicəvi sözlərinə başladı... Bu dəfə isə tək idim, bu dəfə böyük insanın, yazıçının daşlaşmış məzarı ilə üzbəüz idim. O, inanmıram bu həqiqətə inansın. Mümkünsüzdü bu. İsmayıl Şıxlının məzarına baş əyən onun tələbəsiydi...
Allahverdi Eminov,
yazıçı-publisist
(Xüsusi olaraq "Təzadlar" üçün)