8 noyabr Şuşa şəhərinin Ermənistan işğalından azad edilməsindən ikinci ildönümüdür...

Tezadlar.az bildirir ki, Şuşa şəhəri 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub.

Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.

Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb. Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub.

Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verilib və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirilib. Belə ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir: yeni məktəb, məscid, xəstəxana və digər əhəmiyyətli obyektlərin, eləcə də yaşayış binalarının inşası aparılır. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir.

Bu müddət ərzində Şuşa bir çox həm yerli, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edib. Son iki il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərində səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar.

Ötən ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

Eyni zamanda, ötən ilin mayın 12-13-də Şuşa şəhərindəki Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayıb.

Bundan əlavə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən ilin noyabrın 7-də Füzuli rayonundan Şuşaya çəkilən Zəfər yolunun açılışında iştirak ediblər. 2021-ci ilin iyunun 15-də Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada səfərdə olublar. Burada iki qardaş ölkənin liderləri arasında təkbətək görüş keçirilib. Daha sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Avqustun 29-da Şuşada dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar. Avqustun 30-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə işğaldan azad edilən Şuşada ilk dəfə Vaqif Poeziya Günləri keçirilib. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə iki gün davam edən tədbirin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Ötən müddət ərzində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi yaradılıb. Sonra dövlət başçısının sərəncamı ilə Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi publik hüquqi şəxsi yaradılıb.

Bu ilin yanvarın 5-də Prezident İlham Əliyev Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Hazırda Şuşada həyat canlanmaqdadır və şəhər öz sakinlərinin yolunu gözləyir.

Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan sonra şəhərin 22 min əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşib. Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb. Bundan başqa, 55 nəfər əsir düşüb və girov götürülüb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN