...Rəhilə müəllimə... Bu ad onun tələbələrinin, onu yaxından tanıyanların yaddaşından silinə bilməz.

Çünki onun müəllim statusu ilə yanaşı, şəxsiyyətində ən ülvi hisslərin; mərhəmətin, əxlaqın, dostluğun, etibarın, sədaqətin... bütünlüklə toplandığı insanlığın ağır çəkisi vardı. Rəhilə xala ən yaxşı qadın idi. Rəhilə xala ən yaxşı müəllim idi; müəllimə yox, elə müəllim idi – həyat müəllimi.

Rəhilə xala mənim bir vaxtlar təhsil aldığım Bakı Mədəni Maarif texnikumunda Xarici Ölkələr Ədəbiyyatı fənnini tədris edirdi. Biz o zaman xarici ölkə yazıçılarının əksəriyyətinin adını belə bilmirdik. Bəzən həmin yazıçıların adlarını, əsərlərinin adlarını düzgün tələffüz də edə bilmirdik. Bu, auditoriyada gülüş doğururdu. Əvvəlcə Rəhilə müəllimənin xoş, nurlu simasında ilıq, həlim təbəssüm gəzişirdi. Onda bilirdik ki, tələbə ciddi səhvə yol verib. Dərhal qeydlərimizə baxırdıq. Müəllifin və ya əsərin adının düzgün tələffüzündə yoldaşımıza kömək etmək üçün yerimizdən səslənirdik. “Qoy özü desin, özü də bilir”, – Rəhilə müəllimə elə həmin xoş, mehriban təbəssümüylə həyəcanlanmış tələbəni sakitləşdirirdi...

Ailəvi dostluğumuz sayəsində mən Rəhilə xalanı evdə, mətbəxdə də yaxşı tanıyırdım. Özünün xüsusi texnikası ilə bişirdiyi cürbəcür xörəklərinin, əncir mürəbbəsinin dadını da bilirdim.

Bir dəfə həyat yoldaşı – yazıçı Əlfi Qasımov işdən bir az gec gəldi, həmişəki vaxtdan təxminən 15 dəqiqə ötəndən sonra. Onda Rəhilə xala yaşadıqları binanın 5-ci mərtəbəsindəki mənzillərinin üzü küçəyə tərəf olan eyvanından elə həyəcanla boylanırdı ki, elə bil məktəbli oğlunun yolunu gözləyirdi. “Əlfi gəlib çıxmır”, “Niyə gecikir, nə oldu?” – deyə bərkdən öz-özünə suallar verirdi. Bu, 1980-ci illərin əvvəlləriydi və mobil telefonun olmadığı dövr idi. Birdən Əlfi Qasımov trolleybusdan düşdü. Amma Rəhilə xala hələ də eyvanda dayanmışdı, sanki Əlfi müəllimi “tədqiq edirdi”, onun yerişindən kişinin bütün halını biləndən sonra rahatlandı. Əlfi müəllim yolu keçib evin girişinə daxil olandan sonra Rəhilə xala arxayınlaşıb otağa, oradan da mətbəxə keçdi. Biz onun bu cür nigaranlığının sonunda suallarını dolu kimi yağdıracağını gözləyirdik. O isə ərindən gecikməsinin səbəbini soruşmadı...

zeynab-1

Bir dəfə isə Rəhilə müəllimə özü dərsə gecikirdi. Tələbə yoldaşlarım sözü bir yerə qoydular ki, gəlin dərsdən qaçaq. Uşaqlar bizim ailəvi dostluq münasibətimizdən az-çox xəbərdar olduqlarından mənə dedilər ki, sən qal, getmə. Məni fikir götürdü; əvvəla, tək mənim qalmağım yoldaşlarım tərəfindən xoş qarşılanmayacaqdı. Lap qalsam da, müəllimə tək mənə dərs keçməyəcəkdi ki? Yoldaşlarımdan ayrılmağı da özümə rəva görmədim. Çantamı götürüb sinifdən çıxanda... Rəhilə müəllimənin qətiyyətli yerişlə yaxınlaşdığını gördüm. Quruyub qaldım; burasını fikirləşməmişdim. Bilmədim nə edəm. Onun ciddi, zəhmli baxışlarından qızların bəziləri qaçıb dağılışdı, bir neçəsi tez sinfə qayıtdı. Mən isə durduğum yerdə idim, nə edəcəyimi hələ də bilmirdim.

– Sən hara gedirdin? – Rəhilə müəllimə soruşdu. Dilimi udmuşdum elə bil, səsim çıxmadı. Zorla gülümsəyib sinfə qayıtdım.

Dərsdən sonra məni evlərinə gətirdi. Yolda heç nə soruşmadı. Evdə mənə bir neçə sual verdi. Bu işin təşkilatçısı onu çox maraqlandırırdı. “Bilmirəm”, – deyib durmuşdum. Qızı Gülnar (o vaxt konservatoriyada təhsil alırdı) məni müdafiə eləməyə başladı. Hamının qaçıb, mənim sinifdə tək qaldığımı təsvir elədi. Gülüşdük, amma təbii ki, mən yenə heç kəsin adını çəkmədim, yəni bir yeniyetmə tövrü ilə yoldaşlarımı satmadım.

Rəhilə xala növbəti günlərin birində dərsə hazır olmadığımıza bərk təəssüf elədi. Mən insanın adi bir şeydən ötrü bu qədər dərindən təəssüf etməsini, hətta yanıb-yaxıldığını ilk dəfə idi ki, görürdüm. “Mən bütün gecəni yatmayıb bunu sizinçün tərcümə eləmişəm. Heyif! Öyrənməmisiniz...” O öz əziyyətinə deyil, tələbənin öyrənməməsinə görə elə bil əzab çəkirdi. Tələbənin “2” alması əvəzinə müəllimin bu qədər əzab çəkməsi qəribə deyildimi?.. Bəlkə də, başqa müəllim olsaydı, əksəriyyətimizə “2” yazıb rahatlanardı, bizdən, necə deyərlər, heyifini alardı.

Onun “Tərcümə eləmişəm” ifadəsi isə elə bil beynimdə ilişib qaldı. O vaxt bu ifadə mənə üfüqlər qədər uzaq göründü. Heç vaxt xəyalıma gəlməzdi ki, əlimə qələm alıb yazacağam, tərcümə edəcəyəm, ədəbi imza sahibi olacağam. Bəlkə də (lap elə həqiqətən!), təhtəlşüurumda özünə “yuva qurmuş”, sonralar canlıya dönüb yaşamağa başlayan bu ədəbi doğuluş elə həmin ifadənin törəməsi oldu... Hətta bir dəfə İlqar Əlfi anasına dedi ki, bu qız (mən – Z.Ə.) daha çox ədəbi dildə danışır. Rəhilə xala həmişəki xoş təbəssümlə gülümsədi, üzündə xəfif, onun müdrik görkəmini əks etdirən qırışlar əmələ gəldi. “Hər halda, mənim tələbəmdir”, – dedi.

Ümumiyyətlə, həyatımda üç şəxsin çox böyük müsbət rolu olub. Onlardan biri və birincisi doğma əmim Kamal, ikincisi Rəhilə xala idi. (Üçüncü şəxsin adını burada çəkməsəm də olar.) Amma təəssüf ki, hər üçünü vaxtsız itirdim. Heç birinə baş çəkə bilmədim, heç biri ilə vidalaşmaq qismət olmadı...

Həyatı eninə-uzununa dəyişən bir zaman gəldi. Bu zaman öz içində insanların taleyini də dəyişdi, qaçqınlıq, müharibə... müxtəlif siyasi hadisələr göz açmağa imkan vermədi. Özümüzü toparlayıb bərpa edincə isə, necə deyərlər, iş işdən keçdi. Qazandığımız isə Rəhilə xala kimi bir neçə həyat müəlliminin simasında – əxlaq, hörmət, sevgidir.

Zeynəb Əliqızı

(Xüsusi olaraq "Təzadlar" üçün)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN