"Bu parkovşiklər bura gələndən qarğalar və göyərçinlər yoxa çıxıb..."

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin "parkovka əməliyyatı" Bakıda bir sıra ciddi problemlərə yol açıb... Bu barədə ölkənin bütün çap və elektron mediasında yazılıb və yazılmaqdadır. Tələm- tələsik qəbul olunan qərarlar şəhər sakinlərinin və qonaqların həyatına narahatlıq gətirməkdədir. Bunlar parklanma və onun nəticəsi olaraq həyətlərin şlaqbaumlarla doldurulmasıdır...
XXX 
...Daxil olan daha bir vətəndaş şikayətini araşdırmaq üçün aidiyyəti üzrə "Ağ şəhər bulvarı" ətrafında müşahidələr apardıq. 
Səhər gəzintisinə çıxan çoxsaylı insanları bu dəfə görə bilmədik. Bir neçə qadın iti ilə bulvara tərəf gəlirdi. Bulvar ərazisində isə tək- tük gəzintiyə çıxıb idmanla məşğul olanları gördük.

Budur, iki qadın bizə tərəf gəlir, onları isə yaşlı süpürgəçilər müşaiyət edir. Onların söhbətinə müdaxilə etməli oluruq:

- Sabahın xeyir, ay nənə...

Nənə əlindəki süpürgə və zibil yığılan qabı yerə qoyub təbəssümlə bizə baxır:

 - Sabahınız xeyirli olsun...

-Nənə, bu gün hava günəşlidir, amma adam çox azdır... Bizə demişdilər ki, "Ağ şəhər bulvarı" daha geniş ərazili olduğundan burda gəzintiyə çıxan, istirahət edən çox olur... Amma görürürük ki, heç də belə deyil...

Deyəsən, nənənin dərdi böyükdür, söhbət uzanacaq deyə, oturacaqlardan birini göstərib: -Gəlin bir az dincimizi alaq,- deyir...

d24f0651-3dea-4230-ba51-089734ce82a5

Əyləşirik. Söhbətə başlayır:

- Yox, ay bala, burada həmişə adam çox olub... Səhər gəzintiyə çıxan, itini gətirən, axşamlar da eyni qaydada... Amma son bir aydır belədir. Adamlar azalıb...

- Niyə, nə baş verir?

Əli ilə parklamalara nəzarət edib nabələd sürücülərə sistemə mesaj göndərmədiklərinə görə fürsəti əldən verməyib cərimə yazanları göstərir:

- Onların sayəsində... Onları da qınamıram, bura göndərib təhkim edənlər var...

- Belə çıxır ki, bura istirahətə və ya gəzintiyə gələnlərin sayının azalması bu parkovkalara görədir?

- Əvvəllər bura səhər də, axşam da adamnan dolu olardı. İndi gətirib bu lövhələri qoyublar, saatı 70 qəpikdir. Məsələn, mənim keçmiş qonşum var, maşını ilə Keşlədən bura gəlirdi, 3-4 saat gəzir, nəvələrini oynadırdı... Bir dəfə dedi ki, ona cərimə gəlib ki, parklamada pul verməyib. Cəriməni məcbur olub ödədi. Sonra məlum oldu ki, hər dəfə bura gələndə ən azı 3 manat pul verməlidir. Avtobus yolu da uzaqdır, gəlib çıxmaq olmur, tıxacda qalır. Ona görə də daha gəlmir...

 Sonra bizə parklama lövhələri quraşdırılmış yolu göstərir:

- Baxın, indi səhər saat 9- dur. Əvvəllər buralarda maşın saxlamağa yer tapılmazdı, indi bomboşdur... 

Nənə əlini kafeteriya köşklərinə tərəf uzadır:

- Ay oğul, bax o budkaları görürsüz, çay, kofe verirdilər, dondurma, şokolat və sairə şeylər satardılar. Onların da bir çoxu bağlanıb bu parkovşiklər gələndən. Adam gəlmirsə, ticarət necə olacaqdır ki?!

Nənənin əsəbləşdiyini görüb başqa mövzuya keçməli oluruq:

- Bəs yaxşı, neyləmək olar ki, adamlar bulvara gəlsin? Axı prezident bu ərazini ona görə düzəldib ki, camaat gəlib istirahət eləsin...

Nənə üzümə baxır, zarafatla: Qoymadın ey sözümü axıracan deyim...

Gülə- gülə söhbətini davam edir:

-Oranı tanıyırsız yəqin, - Əli ilə Qənimətlər parkını göstərir: - O it oğlu ermənilərin qoyub qaçdığı tanklar, toplar olan yeri deyirəm...

- Hə, nənə, tanıyıram...

- Ay oğul, ora giriş bir manatdır, adamlar girib 5-10 dəqiqə gəzib ermənilərin yeddi arxa dönəninə o ki var söyüb çıxır... Amma bura, ancaq maşınla gəlmək olur. Elə deyil? Gəzib çıxandan sonra bulvarı da gəzməli olur də hamı. Onda isə 2-3 manat verməli olurlar. Belə şey olur??? Ona görə də, nəyidi adı?

"Bu parkovşiklər bura gələndən qarğalar və göyərçinlər də yoxa çıxıb..."

- Qənimətlər parkı...

- Hə... İndi ora da gələnlərin də sayı azalıb... Həyətimizdəkilərə deyirəm ki, təzə erməni topu, ermənilərin təpəsinə qoyduğu dəlmə- deşik papağın gətiriblər, gedin baxln, deyirlər ki, necə gedək? Maşınla gedəndə 2-3 manat da əlavə zibilə düşürük...

- Nənə, sualıma cavab vermədin...
- Hankı sual?
- Necə eləmək olar ki, bura gələnlərin sayı çoxalsın?
Ciddi şəkildə üzümə baxır, əlini yelləyir:
- Bu parkovşiklər bura gələndən qarğalar və göyərçinlər yoxa çıxıb...

- Niyə?

- Çünki bura gələnlər göyərçinlərə çörək, yem gətirib uşaqları ilə əylənələrdilər. İndi adam gəlmir, yazıq göyərçinlər, qarğalar neyləməlidir bəs?!

 Nənənin sözündən belə çıxırdl ki, parklama siyasətsizliyi bulvarda ekosistemə də təsir göstərməkdədir...

- Nənə sonuncu sual: neyləmək olar ki, bulvar yenə də adamlarla dolub- daşsın?

- Bunların ağlı olsaydı, parklamanı pulsuz edərdilər... Vəssalam. Nəvəm Türkiyədə oxuyur, deyir, Dəniz bulvarında belə şey eləmirlər. Avtobusla Trabzondan keçib gəlib. Deyir, nənə, yüz kilometrlərlə yol gəldik, Qara dənizin sahili ilə, dənizkənarı yerlərdə parkovşiklər görmədim... Deməyim odur ki, ay bala, pulsuz elə, adam çox gəlsin, çox da alverin getsin, cibini ordan doldur də... Daha elə eləmisən ki, bizim də bazarımız ölür...
Nənənin bu sözü məni təəccübləndirdi:
- Nənə, sizin nə bazarınız?
Gülür:

- Yox, o bazardan demirəm... Adamlar çox olanda zibil qutularına, ya da lap yerə atılan zibil çox olardı, biz də tez- tez buraları süpürərdik... İndi adam yox, yerə zibil atan yox. Belə getsə, biz süpürgəçilərə nə ehtiyac qalır? Düz demirəm?

XXX
 Nənə düz deyirdi... Amma "Ağ şəhər bulvarı"na qazanc gözü ilə baxanlar qəti düz eləmir. Axı ölkə Prezidenti büdcədən yüz milyonlarla manat vəsait ayırıb paytaxt sakinlərinin və qonaqların istirahəti üçün bulvar təşkil edib, indi bir dəstə adam bu istirahət ocağına- bulvara da göz dikib. Bunun getdikcə nə ilə nəticələnəcəyini isə görmək lazımdır. Biz hələ parklama siyasətsizliyinin acı nəticəsi kimi, Bakının bütün həyətlərinin şlaqbaumlarla doldurulmasını demirik. Zibil daşıyan maşınlar, təcili yardım, yanğından mühafizə maşınları...  bu şlaqbaumlara görə necə əziyyət çəkir, bir Allah bilir. Amma bunu bilməlilər isə susur...

XXX 

...Bəli,  bu gün "Ağ şəhər Bulvarı"nda vəziyyət belədir. Reportajımızı burda bitiririk. Amma parklama siyasətsizliyinə dair mövzumuz bitib- tükənən deyil... Belə çıxır ki, Bakı sürücülərə - qonaqlara icarəyə verilib... Bu, doğrudanmı belə olmalı idi???

Asif MƏRZİLİ

(Fotolar: Elbar Şirinovundur)

b473a726-8e8a-42e5-981e-4d6cefbcdc74

6097a0df-711f-4248-9350-abcd8f3fc375

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN