2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda 22 517 yeni iş yeri açılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz artım deməkdir.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Komitənin məlumatına görə, həmçinin birinci rüb ərzində ölkədə 21 781 fərdi sahibkarlıq subyekti yaradılıb.
İlin ilk üç ayında ölkə ərazisində 2 955 yeni müəssisə və təşkilat açılıb. Yaradılmış müəssisələrin 94,1 faizi özəl sektora, 5,4 faizi isə dövlət sektoruna aid olub.
Hüquqi şəxslər tərəfindən yaradılan iş yerlərinin sahələr üzrə bölgüsü belədir: 25,4 faizi tikinti, 21 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,2 faizi peşə, elmi və texniki fəaliyyət, 6,7 faizi emal sənayesi, 5,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,3 faizi informasiya və rabitə, 22,9 faizi isə digər iqtisadi fəaliyyət növləri.
Yeni yaradılmış iş yerlərinin 79,9 faizi Bakıda, 20,1 faizi isə regionlarda yerləşir.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə, yəni 2023-cü ilin birinci rübü ərzində Azərbaycanda 17.9 min yeni iş yerləri açılmışdı. Həmin dövrdə yaradılmış iş yerlərinin 90.2 faizi qeyri-dövlət sektorunda açılmışdı.
Yeni açılmış iş yerlərinin 81.9 faizi Bakı şəhərinin, 0.8 faizi Naxçıvan Muxtar Respublikasının, 17.3 faizi digər regionların, o cümlədən 4.5 faizi Abşeron-Xızı, 2.5 faizi Quba-Xaçmaz, 2.0 faizi Mərkəzi Aran, 1.7 faizi GəncəDaşkəsən, 1.5 faizi Şəki-Zaqatala, 1.1 faizi Şirvan-Salyan, 1 faizi Qazax-Tovuz, 0.8 faizi Qarabağ, 0.8 faizi Lənkəran-Astara, 0.7 faizi Mil-Muğan, 0.4 faizi Dağlıq Şirvan, 0.3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
O zaman yeni açılmış iş yerlərinin 9.2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 90.0 faizi mövcud müəssisə və təşkilatlarda, 0.4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0.4 faizi isə digər tədbirlər üzrə yaradılmışdı.
Göründüyü kimi, cari ilin eyni dövründə açılmış iş yerlərində özəl sektorun payı ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Ötən il bu, 90,2% təşkil edirdisə, bu ilin eyni dövründə 94,1%-ə yüksəlib.
Y.Məmmədli