Vaxtilə bir neçə kafedranı birləşdirib keçmiş maliyyə nazirinə yeni kafedra düzəldən rektor indi də həmin kafedranı bağlayıb yenisi yaratmaqla, Əvəz Ələkbərovu “oyundan kənar vəziyyət”ə saldı…
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bu gün önəmli əmr imzalayıb. Belə ki, rektor idarəetmədə təkmilləşməni nəzərə alaraq 2016-cı ilin fevral ayında bir neçə kafedranı birləşdirərək "Maliyyə və maliyyə institutları" kafedrasını yaratmışdı. Həmin vaxt ali təhsil sahəsində heç bir təcrübəsi olmayan keçmiş maliyyə nazirini birdən-birə belə bir ağır çəkili kafedraya müdir təyin etmişdi. Əvəz Ələkbərov həm də universitetin "Professorlar Klubu" rəyasət heyətinin sədri seçdirilmişdi.
***
Bu hadisə o vaxt universitetdə maraqla və təəccüblə qarşılanmışdı. Universitet dəhlizlərində isə Əvəz Ələkbərovun rektor gətiriləcəyi barədə söz-söhbətlərin arası kəsilmirdi. Buna da əsaslı səbəb var idi. Çünki heç kimin ağlına belə gəlməzdi ki, ADİU-nun kafedra müdiri, sabiq maliyyə naziri Əvəz Ələkbərova 2017-ci ildə birdən-birə Prezident sərəncamı ilə «Əməkdar müəllim» Fəxri adı verilə bilər. Həmin vaxt bir qrup müəllim Prezident İlham Əliyevə müraciət də yazmışdı. Müraciətdə deyilirdi: «Cənab Prezident! Siz həmişə haqqın və ədalətin yanında olmusunuz. Amma Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun adı ilə əməli uyğun gəlmir. Belə ki, onun Təhsil Nazirliyinə göndərdiyi təqdimat əsasında ötən il tələm-tələsik kafedra müdiri təyin edilmiş sabiq maliyyə naziri Əvəz Ələkbərova «Əməkdar müəllim» Fəxri adı verildi. Təsəvvür edin ki, ADİU-da 1600-dən çox müəllim çalışır, onların böyük əksəriyyətinin 30, 40, hətta 50 il peşəkar müəllimlik stajı var. Amma onlar dura-dura universitetdə bircə saat belə dərs deməmiş Əvəz Ələkbərov birdən-birə «Azərbaycanın Əməkdar müəllimi» Fəxri adına layiq görülür. Ən maraqlıdır ki, sərəncamda protokol qaydalarına uyğun yazılıb ki, «…Ə. Ələkbərov Azərbaycanda təhsil sahəsində səmərəli fəaliyyətinə görə təltif edilib».
Cənab Prezident! Biz Sizə Əvəz Ələkbərovun tərcümeyi-halını göndəririk. Orada onun bircə saat belə bu universitetdə dərs dediyi yazılmayıb. Bəs necə olur ki, o, rektor Ədalət Muradovun təqdimatı əsasında “Azərbaycanda təhsil sahəsində səmərəli fəaliyyətinə görə...” bu fəxri adı alır? Axı hansı səmərəli fəaliyyətdən söhbət gedə bilər ki, o, bir saat da olsun auditoriyada dərs deməyib...».
O vaxt bu məsələ böyük qalmaqala səbəb olmuşdu.
Qalmaqallı kafedra ləğv edldi, Əvəz Ələkbərov kənarda qaldı...
Əsl qalmaqal indi baş verib. Belə ki, universitetdən daxil olan məlumata görə, rektor Ədalət Muradov bu gün Əvəz Ələkbərovun müdir olduğu qalmaqallı kafedranı ləğv edərək yeni bir kafedra yaradıb... Maraqlıdır ki, yeni kafedraya isə Əvəz Ələkbərov təyin edilməyib... Görünür, ləğvetmədə məqsəd sabiq maliyyə nazirini “oyundan kənar vəziyyətə” salmaq imiş.
Bəs niyə bir neçə il əvvəl yaradılmış "Maliyyə və maliyyə institutları" kafedrası ləğv edildi? Mənbə bildirir ki, Əvəz Ələkbərov Prezident İlham Əliyevə teleqram vuraraq bu ədalətsizliyin qarşısının alınmasını xahiş edib. Məsələ ilə bağlı Əvəz Ələkbərovun mövqeyini öyrənməyə çalışırıq.
“Təzadlar”