Son günlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevə qarşı irad dolu tənqidlərlə çıxış edən elm adamlarının və siyasətçilərin sayı artmaqda davam edir.

Belə ki, AMEA-nin Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi əməkdaşı, fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasov, Tarix İnstitutunun direktoru Kərim Şükürov, parlamentin deputatları Fəzail Ağamalı, Musa Qasımlı, Etibar Əliyev... akademik Mehdiyevi tənqid edib və onun istefasını tələb edib. Akademiyanın işlər idarəsinin keçmiş müdiri Elton Məmmədov isə Mehdiyevə qarşı məhkəmə prosesini udub.
Fevralın 9-da AMEA-nin müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, keçmiş təhsil naziri Misir Mərdanov yerli mətbuatda AMEA prezidenti Ramiz Mehdiyevin fəaliyyətini tənqid edib və onu istefaya çağırıb. “Mehdiyev heç bir perspektivi və yaranma səbəbi məlum olmayan yeni şöbələr yaradıb, iki il ərzində AMEA-da əsas vəzifələrdən biri olan akademik katib qanunsuz olaraq üç dəfə dəyişdirilib. Tarixən AMEA-da həmişə üç vitse-prezident olduğu halda indi onların sayı əsassız olaraq doqquza çatdırılıb. AMEA-nın, necə deyərlər, canı olan elm bölmələri ləğv edilib. Heç bir zərurət olmadan və müzakirə aparılmadan AMEA-nın institutlarında baş direktor və icraçı direktor vəzifələri təsis edilib. Bütün bunlar onlarla alimin ciddi əsəb gərginliyi keçirməsinə səbəb olub,” institut direktoru bildirib. "...Mehdiyev Rəyasət Heyəti aparatının rəhbəri vəzifəsi təsis edib, bu vəzifəyə akademiya ilə heç bir əlaqəsi olmayan şəxsi gətirib. Prezidentin məqsədi pandemiyanın tüğyan etdiyi vaxtda alimləri qorxutmaq, onları özünə daha çox tabe etdirməkdir", deyən Misir Mərdanovun yazdığına görə, Mehdiyev qanunsuz olaraq Hesablama Palatası və Maliyyə Nazirliyinin funksiyasını öz üzərinə götürüb.
“AMEA-nın institutlarında maliyyə yoxlamaları keçirib. Yüksək Texnologiyalar Parkının rəhbərini iki il ərzində bir neçə dəfə dəyişdirərək, ölkə prezidenti tərəfindən yaradılmış bu çox gərəkli müəssisəni iflic vəziyyətinə salıb. Rəyasət Heyəti aparatının rəhbəri vəzifəsi təsis edib, bu vəzifəyə akademiya ilə heç bir əlaqəsi olmayan şəxsi gətirib. Prezidentin məqsədi pandemiyanın tüğyan etdiyi vaxtda alimləri qorxutmaq, onları özünə daha çox tabe etdirməkdir,” -institut direktoru belə hesab edir.
O, Mehdiyevin təşəbbüskarı olduğu xaotik kadr dəyişikliklərini sadalayıb, nəticədə istedadlı alimlərin işdən çıxarıldığını və AMEA-yaya elmlə heç bir əlaqəsi olmayan “Mehdiyevin kadrlarının” cəlb edildiyini qeyd edib. “Bir zamanlar həqiqi elm xadimləri olan Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Rüstəm İsmayılov, Həsən Abdullayev kimi şəxsiyyətlər AMEA-nın Prezidentləri olublar, sadə bir ziyalı kimi həmişə elm xadimlərinin yanında, alimlərin içində, elmi-tədqiqat institutlarının iclaslarında olub, akademiyanın həyatı ilə yaşayıblar. İndi Ramiz Mehdiyev yeganə adamdır ki, işə silahlı mühafizəçilərlə, Dövlət Yol Polisinin və iki avtomobilin müşayiəti ilə gəlir,” -Mərdanov bildirib.
O, Mehdiyevi Azərbaycanın tarixi və memarlıq dəyərlərini - Elmlər Akademiyasının Rəyasət Heyətinin binasını yenidən qurmaqda ittiham edib.
“Bütün bu deyilənlər az imiş kimi, bu günlərdə AMEA-nın rəsmi saytında mərkəzi aparat əməkdaşlarının, o cümlədən Ramiz Mehdiyevin aylıq əmək haqqının xeyli artırılması haqqında qəbul olunmuş qərar akademiyanın onsuz da az maaş alan əməkdaşlarını hiddətləndirib,” -o əlavə edib.
İnstitut direktoru öz müraciətini AEMA prezidenti Ramiz Mehdiyevin istefasının tərəfdarı olan digər alimlərin tələblərinə qoşulduğu barədə bəyanatla yekunlaşdırır...

***
“Bu yalnız indi deyil. Akademiyanın prezidenti Eldar Salayevdən sonra təyin olunan prezidentlərin heç biri müsbət yönümlü islahatlara gedə bilməyib. Prezidentlər orada normal iş qaydaları yarada bilməyib. Ona görə də AMEA-nin bir akademyia kimi Azərbaycan iqtisadiyyatına töhfəsi sıfırdır. Nəinki iqtisadiyyat, humanitar sahəhələr, Qarabağ müharibəsi dövründə də AMEA mövqeyini ortaya qoya bilmədi. Ümumiyyətlə Azərbaycan dövlətinin inkişafında AMEA-nin təsirini hiss etmədim,” -deputat Vahid Əhmədov qeyd edib. Əhmədov hesab edir ki, AMEA-da ciddi islahatlar tələb olunur.
AMEA-nin bir akademyia kimi Azərbaycan iqtisadiyyatına töhfəsi sıfırdır...
Deputat AMEA-nin prezidenti Ramiz Mehdiyevin istefası barədə fikirlərlə bağlı sualın cavabında deyib ki, islahat prosesi birinci şəxslə çox bağlı olur.
“Təbii ki, AMEA-da Azərbaycan elminin elitası toplaşıb. Bu elitanın dövlətin inkişafında mühüm rolu olmaldır. Ramiz Mehdiyevə gəlincə, o, təcrübəli hökumət məmuru olub, Prezident Administrasiyasının rəhbəri olub. Onun kifayət qədər də yaşı var. İnsan yaşa dolduqca müəyyən qədər problemləri olur, xəstəlikləri peyda olur. Ona görə də hesab edirəm ki, o yaşda olan insanların öz nəvələri ilə oynamaları, öz həyatlarını yaşamaları vacibdir. Çünki ömür çox qısadır və nə vaxt bitəcəyini heş kim bilmir. Mən Ramiz Mehdiyevin yerinə olsam yaxşılıqla istefa verib gedərəm. Akademiya sistemi yenilənər, gənc kadrlar irəli çəkilər və müasir dövrün tələblərinə cavab verən islahatlar həyata keçirilər,” Əhmədov Amerikanın Səsinə deyib.
“Müasir dövrdə AMEA Sovet dövrünün məhsulu olsa da, dünyada gedən tendensiyalara uyğun olmasa da, hər halda bir mərkəz idi. Mən bu mərkəzdə uzun müddət çalışmışam. Bilirəm ki, burada çox sayda ağıllı və savadlı insanlar var idi. Həm veteran, müdrik, yaşlı insanlar var idi, həm də enerjili, hər şeyi öyrənmək istəyən, dünya ilə ayaqlaşmaq istəyən, Azərbaycana fayda vermək istəyən gənclər var idi. Ramiz Mehdiyev akademiyanın rəhbərliyindən mütləq uzaqlaşadırlmalıdır. Əslinə qalsa Ramiz Mehdiyev kimi təfəkkürlü bir adam müstəqil Azərbaycanın hakimiyyət strukturlarında ümumiyyətlə yüksək vəzifə tutmamalı idi".
Onun fikrincə, Sovet dövründə AMEA alimləri nəzarətdə saxlamaq üçün bir mexanizmi kimi fəaliyyət göstərirdi.
“Təəssüf ki, son onilliklərdə də Azərbaycan hakimiyyəti elmi və alimləri nəzarətdə saxlamaq üçün akademiyadan istifadə edib. Bu da təbii ki, bütövlükdə xalqın intellektual gücünü və konkter olaraq akademiyada cəmləşən elm adamlarının, mərkəzlərin elmi potensialını məhdudlaşdımağa yönəlib. Bu dəyişməlidir. Akademiya ciddi islahatlardan keçməlidir. Müsair dünyada elmi mərkəzlər necə qurulur, akademiya da elə qurulmalıdır. Bu ümumi yanaşmadır.”

***
...İsa Qəmdər isə hesab edir ki, islahat prosesində elmlə təhsilin, akademiya ilə universitetlərin yaxınlığını təmin edən dünyadakı mövcud modellərdən biri tətbiq edilməlidir. O, konkrtet məqamlardan danışarkən deyib ki, büdcədən elmə ayrılan vəsait çox azdır və bu şəraitdə elm inkişaf edə bilməz. Büdcədən ayırmalar artırılmalı, alimlərin əmək haqlarında ciddi artımlar olmalıdır, həmçinin konkfret elm sahələri götürülüb inkişaf etdirilməlidir. İsa Qəmbər AMEA-nın idarə edilməsindən danışarkən deyib ki, akademiya sanki bir “cərimə batalyonu”na çevrilib.
“Hakimiyyətdə hansı siyasi fiqurun dönəmi bitibsə və hakimiyyət həmin şəxsi vəzifədən səs-küylü kənarlaşdırmaq istəmirsə birini akademiyanın hansısa institutuna direktor göndərir, birini akademiyanın prezidenti təyin edir. Hansı ki, indiki o qalmaqallı şəxsdən söhbət gedir. Amma Azərbaycan tarixində bu, birinci dəfə deyil.”
O hesab edir ki, akademiyanı “cərimə batalyonu”na çevirib, sonra oradakı şəxsi uzaqlaşadımaq üçün elm adamlarını üz-üzə qoymaq, qalmaqal yaratmaq düzgün iidarəetmə üsulu deyil. 

***

 ...AMEA-nin prezidenti Ramiz Mehdiyevin istefası barədə səslənən firkirlərlə bağlı sualın cavabında İsa Qəmbər deyib ki, Ramiz Mehdiyev akademiyanın rəhbərliyindən mütləq uzaqlaşdırılmalıdır. “Əslinə qalsa, Ramiz Mehdiyev kimi təfəkkürlü bir adam müstəqil Azərbaycanın hakimiyyət strukturlarında ümumiyyətlə yüksək vəzifə tutmamalı idi. Amma,indiki anda o kənarlaşdırılmalıdır. Sadəcə olaraq onun kənarlaşdırılması ilə akademiya sistemində ciddi islahatların olacağını düşünmək çox çətindir,” o, "Amerikanın Səsi"nə deyib.

***
"Amerikanın Səsi"nin müxbirinin AMEA-nin prezidentinə qarşı ittihamlarla, AMEA-nin fəaliyyəti və Mehdiyevin istefaya gedib-getməyəcəyi ilə bağlı suallarının cavabında AMEA-nın prezidenti Ramiz Mehdiyev aşağıdakı cavabı göndərib:

- Mən bu mövzuya fəlsəfi yanaşıram. İnsan təbiəti naqisdir... 
AMEA-nin prezidenti vaxtı ilə ona tərif deyən insanların indi onu tənqdilərə məruz qoyması ilə bağlı Amerikanın Səsinin sualına belə cavab verib: “Mən bu mövzuya fəlsəfi yanaşıram. İnsan təbiəti naqisdir. Qurani-Kərimdə qeyd edilir ki, insan nankor varlıqdır. Siz çox doğru qeyd edirsiniz ki, bu gün məni ləkələməyə çalışan şəxslərin əksəriyyətinin bu səviyyəyə gəlib çıxmasında mənim əməyim, zəhmətim, dəstəyim olub. Ancaq səmimi deyim ki, mən bu adamları dəstəkləyərkən onların vətənimizə faydalı ola biləcəyini, ziyalı mühitinin formalaşmasında aktiv iştirak edəcəklərini düşünürdüm. Ancaq zaman göstərdi ki, onların əksəriyyəti ziyalı adına ləkə oldular. Onların dediklərinin ən tutarlı cavabı onların keçmişləridir. Hesab edirəm ki, mənə qarşı hücum kampaniyasına bu şəxsləri cəlb edənlər əslində, mənə böyük yaxşılıq ediblər, məni onlara uzun-uzadı cavab vermək zəhmətindən qurtarıblar. Bu insanların keçmişini, ötən illərdəki bəyanatlarını xatırlatmaqla biz hər şeyi demiş oluruq. Cəmiyyət bu insanların riyakarlığını görmək və müqayisə etmək imkanı qazanıb.”
Mehdiyev elm sahəsində və AMEA-dəki problemlərlə bağlı sualın cavabında deyib ki, Azərbaycan elmində ciddi problemlərin olduğunu AMEA prezidenti vəzifəsinə gəldiyi gündən açıq şəkildə dəfələrlə bəyan edib.
AMEA institutlarının gəlirlilik səviyyəsi illərdir ki, qənaətbəxş deyil...
“Bunun obyektiv və subyektiv səbəbləri var. Bu səbəblər bir günün, yaxud bir ilin səbəbləri deyil. Uzun illər yığılmış problemlərin nəticəsidir. Alim əslində təhsil sisteminin, cəmiyyətin yetişdirdiyi yekun məhsuldur. AMEA institutlarının gəlirlilik səviyyəsi illərdir ki, qənaətbəxş deyil. Mövcud problemləri həll etmək üçün isə ilk növbədə dəqiq, qanunvericliyin və müasir dövrün tələblərinə uyğun şəffaf, çevik idarəçilik sistemi, təşkilatçılıq mexanizmləri yaradılmalıdır. AMEA-nın illərdən bəri yaşadığı tənəzzülün əsas səbəblərindən biri də məhz bu idarəçiliyin, nəzarətin olmamasıdır. Təəssüf ki, bundan istifadə edən bəzi direktorlar dövlət vəsaitini səmərəsiz şəkildə sərf etmiş, öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmuşlar. Hesab edirəm ki, idarəçilik sisteminin formalaşdırılması və neqativ halların aradan qaldırılmasından sonra AMEA-nın işində ciddi dönüş meydana çıxa bilər... AMEA-dakı bəzi şəxslərin öz hədlərini aşaraq dövlət başçısının səlahiyyətlərinə müdaxilə etmək cəhdlərini qəbuledilməz sayıram. Sağlamlığımda heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm, işimin başındayam. Bundan sonra da AMEA qarşısında dövlətin qoyduğu vəzifələrin keyfiyyətli icrası üçün əlimdən gələni edəcəyəm...

***
“Sizin istefaya getməyinizlə bağlı fikirlərə necə cavab verərdiniz?” sualına AMEA prezidenti Ramiz Mehdiyevin cavabı belədir: “Bilirsiniz hər kəsin sərbəst şəkildə öz fikrini, münasibətini ifadə etmək hüququ var. Dünyanın bütün demokratik ölkələrində bu var. AMEA-da kiminsə mənim fəaliyyətimi bəyənməyib tənqid etməsini də normal qarşılayıram. Mənim hamının xoşuna gəlmək niyyətim heç zaman olmayıb. Ancaq bütün bunlar etika çərçivəsində baş verməlidir. Bir daha təkrar edirəm ki, mən bu şəxslərin nə özlərini, nə də çağırışlarını ciddi qəbul edirəm. Məni bu vəzifəyə AMEA-nın ümumi yığıncağı seçib və cənab Prezident İlham Əliyev də məni bu vəzifəyə təsdiqləyib. Məni istefaya göndərmək səlahiyyəti də ona məxsusdur. AMEA-dakı bəzi şəxslərin öz hədlərini aşaraq dövlət başçısının səlahiyyətlərinə müdaxilə etmək cəhdlərini isə qəbuledilməz sayıram. Sağlamlığımda heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm, işimin başındayam. Bundan sonra da AMEA qarşısında dövlətin qoyduğu vəzifələrin keyfiyyətli icrası üçün əlimdən gələni edəcəyəm. Mənim əqidəm və yolum məlumdur. Mən ümumilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin sadiq silahdaşıyam. Son nəfəsimə qədər də bu yoldan çəkilmək niyyətim yoxdur. Mənim üçün dövlətin maraqları, Prezident İlham Əliyevin iradəsi hər zaman ayrı-ayrı şəxslərin iddilarından yüksəkdə dayanacaqdır,” -o qeyd edib.

***
...Ramiz Mehdiyev siyasi karyerasına Azərbaycan SSRİ-nin tərkibində olarkən Kommunist Partiyasında başlayıb. 1972-ci ildən Azərbaycan Dövlət Universitetinin elmi kommunizm kafedrasında müəllim kimi dərs deyən Mehdiyev 1974-cü ilin mayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitə aparatında təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə irəli çəkilib. Daha sonra o, Kommunist Partiyasının katibi vəzifəsində işləyib.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən az sonra Ramiz Mehdiyev yenidən idarəçiliyə cəlb olunub. Uzun müddət Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev Əliyev hakimiyyətinin ən qüdrətli fiqurlarından biri sayılıb.
Sovet dönəmində “Qırmızı Əmək Bayrağı” ordeni, Azərbaycan müstəqillik əldə etdikdən sonra isə “İstiqlal” ordeni ilə təltif edilib.
2019-cu ilin oktyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Ramiz Mehdiyev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib.
Prezident İlham Əliyev dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib.
Tapdıq Fərhadoğlu ("Amerikanın səsi")

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN