Sentyabrın 2-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Nigar Arpadarai və Məzahir Əfəndiyev BMT-də akkreditə olunmuş bir qrup xarici KİV nümayəndəsi ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, qonaqları salamlayan Səməd Seyidov onlara Milli Məclisin fəaliyyəti barədə məlumat verib, Azərbaycanın beynəlxalq əlaqələrindən, xarici siyasətindən, dünya ölkələri və qonşuları ilə münasibətlərindən danışıb. Komitə sədri 44 günlük Vətən müharibəsində Qələbəmiz, işğal dövründə Ermənistanın törətdiyi soyqırımı və vandalizm aktları, azad edilmiş ərazilərdə Azərbaycanın apardığı quruculuq işlərindən söz açıb, ölkəmizin Ermənistanla münasibətlərinin mövcud durumundan, aparılan sülh danışıqlarından bəhs edib.
Nigar Arpadarai və Məzahir Əfəndiyev də qonaqları salamlayaraq onların işğaldan azad edilmiş ərazilərə səfərlərinə toxunublar. Deputatlar bildiriblər ki, müharibədən sonrakı dövrdə Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşdırılması ilə bağlı ardıcıl siyasət həyata keçirir. Deputatlar regionda kommunikasiyaların açılmasının və əməkdaşlığın yaradılmasının Ermənistan da daxil olmaqla, bütün region dövlətlərinin maraqlarına cavab verdiyini qeyd ediblər.
Xarici media nümayəndələri 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfəri ilə bağlı təbriklərini çatdırıblar, bölgədəki mövcud vəziyyət, regional əməkdaşlıq, sülhün inkişaf etdirilməsi və digər mövzularla bağlı suallarını səsləndiriblər.
Görüşdə deputatlar qonaqları maraqlandıran sualları cavablandırıblar.