Bir anda on minlərlə İT mütəxəssisin və şirkətlərin Ermənistanda möhkəmlənməsi bizə nə vəd edir? Rusiyanın Ukraynaya təcavüzündən sonra bu ölkəyə tətbiq edilən sanksiyalar səbəbindən İKT sektorunu böhran bürüdü.
Xarici İT şirkətlərin böyük əksəriyyəti Rusiyanı tərk etdi. Rusiyanın işsiz qalan yüz minlərlə İT mütəxəssislərinin kütləvi relokasiya prosesləri başladı.
Bəs Rusiyadan baş götürüb gedən İT mütəxəssis və şirkətlər hansı ölkələrə üz tutub ?
Əvvəllər də bu haqda yazmışdım, rusların güclü relokasiya ölkələri fərqliydi.
İndi məlum olur ki , 50 000 İT mütəxəssis, xüsusən də proqramçılar Ermənistana relokasiya edibmiş. Bunu Ermənistanın İqtisadiyyat naziri Kerobyan bildirib.
O, Rusiyadan son zamanlarda yalnız İT mütəxəssislərin deyil, 20 -dən çox İT şirkətin də Ermənistanda qeydiyyatdan keçdiyini açıqlayıb.
Ümumiyyətlə isə, hazırda Ermənistanda vergi ödəyicisi olaraq 850 Rusiya şirkətinin və 350 fərdi sahibkarın fəlaiyyət göstərdiyini, 40 minədək hüquqi və fiziki şəxsin Ermənistan banklarında hesab açdığını bildirib .
Xatırlayıram ki, bir neçə gün öncə Rusiya bazarından çıxan tanınmış Amerika şirkəti NVİDİA da İrəvanda ofis açdı.
Bir müddət öncə Yandex də İrəvanda 1000 nəfəri işə cəlb etməklə ofis açmışdı.
Beləliklə, Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiya İT mütəxəssislərin və şirkətlərin relokasiya prosesinin əsas mərhələsinin başa çatdığını düşünmək olar.
Müşahidələr göstərir ki, müharibə başlayandan sonra Rusiyadan miqrasiya edən mütəxəssislər və şirkətlər əsasən Özbəkistan, Gürcüstan, Qazaxıstan və Ermənistan bazarlarına üz tutdular.
Relokasiya proseslərində Azərbaycan yer almayıb. Bildiyim qədər bəzi dövlət qurumları bu istiqamətdə Rusiya şirkətləri, İT komandalarla danışıqlar aparsa da, biznes mühitin cəlbedici olmaması baxımından uğulu yekunlaşmayıb.
Azərbaycana Rusiyadan və Ukraynadan yalnız məhdud sayda mütəxəssislərin və ailələrin gəldiyi bildirilir.
Düşünürəm ki, on minlərlə İT mütəxəssislərin, İT şirkətlərin , eyni zamanda xarici ölələrin İT şirkətlərinin bir anda Ermənistan bazarlarında yer alması və möhkəmlənməsi bizim üçün çox düşündürücü olmalıdır.
Fikrimcə, bununla da yaxın perspektivdə bədnam qonşumuzda yeni mühit formalaşaq, hansı ki, bizim milli maraqlarımıza heç də uyğun olmayan bir mühitdən söhbət gedir.
Adi hesablamalarla proqnozlaşdırmaq olar ki, düşmən ölkə yaxın bir neçə ilə nələr əldə edə bilər .
Fikrimcə, bu məsələ bizim üçün yalnız iqtisadi məsələ olmamalıdır, bu, daha çox milli təhlükəsizlik məsələsidir.
Osman GÜNDÜZ,
Multi Media Mərkəzinin prezidenti
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN