"İran öz xalqının insan haqlarına məhəl qoymamağa və bu gün çoxlu qadın və uşaq da daxil olmaqla, dinc nümayişçiləri atəşə tutmağa və öldürməyə davam edir”.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə deyib.
Onun sözlərinə görə, Tehran hökuməti fərqli düşüncəni qarşısını almaq və dünyanı onun qəddar repressiyalarını müşahidə etməsinə, həmçinin dünyanın qadınlara qarşı dövlət tərəfindən maliyyələşdirilən zorakılığa diqqət verməsinə mane olmağa can atır:
“Lakin dünya bunu izləyir və İranda insan haqlarının pozulması nəticəsiz qalmamalıdır. Biz İran xalqının insan haqları və əsas azadlıqlarının tapdalanmasına görə İran hakimiyyətini məsuliyyətə cəlb etmək üçün birtərəfli fəaliyyətə, çoxtərəfli tədbirlərə və BMT mexanizmlərinə baş vurmağa davam edirik”.
Xatırladaq ki, sentyabrın 16-da Məhsa Əmini adlı qadının düzgün taxılmamış hicaba görə əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra İranda mitinqlər başlanıb. Ölkənin güc strukturları etirazçılara qarşı zorakılıq tətbiq edir, kütləvi şəkildə həbs edir. Güney Azərbaycanın da bir çox şəhərlərində geniş vüsət alan etirazlarda indiyədək 402 nəfər həlak olub.